Çünki Azərbaycan xarici siyasətində yaxın qonşulara münasibətdə hər zaman ədalətli və ən yaxın müttəfiq kimi davranıb
“Böyük ehtimalla Azərbaycan hərbi gücünü artırmaq məqsədi ilə Belarus istehsalı hərbi texnikalara diqqətini artırıb”
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusda rəsmi səfərdədir. General səfər zamanı bir sıra önəmli görüşlər keçirib və ölkələrimiz arasında hərbi əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məqamları müzakirə edib. Nazirin Belarusun hərbi sənaye kompleksini və poliqonu ziyarət etməsi diqqət çəkib.
Nümayəndə heyəti Belarusun hərbi texnikaları ilə tanış olublar və ordumuzun silah arsenalını gücləndirə biləcək silahlarla yaxından maraqlanıblar. Hərbi ekspertlərin fikrincə, Azərbaycan Belarusdan "Polonez” uzun mənzilli reaktiv yaylım atəş sistemi almaq istəyir. Müdafiə nazirini qəbul edən Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etmək niyyətində olduğunu bildirib. Prezident deyib ki, bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil:
"İki ölkə arasında əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. Biz suveren, müstəqil dövlətlərik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə, ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan Prezidenti öz çiynini irəli verdi. Əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq”. Lukaşenko yaxın vaxtlarda Azərbaycan Prezidenti ilə görüşə ümid bəslədiyini bildirib.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev deyib ki, Belarus Prezidenti Lukaşenkonun Azərbaycana qarşı isti münasibəti, haqqımızda xoş ifadələr işlətməsi, mühüm məsələlərdə yanımızda olacağı mesajını verməsi çox qürurvericidir:
"Təbii ki, bütün bu münasibət Azərbaycanın Belarusa qarşı yürütdüyü siyasətin nəticəsidir. Belarusun çox çətin anlarında Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə bu ölkəyə çoxmilyonlu və az faizli kreditlərin verilməsini hər kəs xatırlayır. O zaman Belarusun ən yaxın müttəfiqi hesab olunan Rusiya bu yardımı etməkdən imtina etmişdi. Azərbaycan xarici siyasətində yaxın qonşulara münasibətdə hər zaman ədalətli və ən yaxın müttəfiq kimi davranıb. Ukrayna, Gürcüstan və Türkiyə respublikaları da bu siyahıdadır”.
Ekspert bildirib ki, Azərbaycan müdafiə naziri Zakir Həsənovun Lukaşenko ilə görüşü xüsusi diqqət mərkəzində oldu:
"Böyük ehtimalla Azərbaycan hərbi gücünü artırmaq məqsədi ilə Belarus istehsalı hərbi texnikalara diqqətini artırıb. Rusiya, İsrail və digər qərb ölkələrindən alınan hərbi texnikalardan fərqli olaraq, Belarus silahlarını daha münasib qiymətə almaq mümkündür. Belarus hərbi sənayesində istehsal olunan reaktiv raketlər, ölçü texnologiyaları, rabitə və idarəetmə sistemləri, raket hücumundan xəbərdarlıq sistemləri xüsusilə diqqətimizi çəkə bilər. Eyni zamanda Belarusun zenit-raket top sistemləri hərbi qüdrətimizin artmasına dəstək olar. Təbii ki, bütün bunlar danışıqların nəticəsindən asılı olaraq öz tətbiqini tapa bilər”.
İsmayıl