"Həmsədrlər arasında dəyişiklik edilib, vasitəçiliyə yeniləri qəbul edilə, yaxud formatı dəyişdirilərək “3+1” formatında davam etdirilə bilər"
ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində oynadığı yarıtmaz və mənasız rolu yenidən gündəmə gətirilib. Bu dəfə qurumun fəaliyyətsizliyi Milli Məclisin iclasında deputat Zahid Oruc tərəfindən qabardılıb. Millət vəkili konkret olaraq bəyan edib ki, Minsk Qrupuna ehtiyac yoxdur. Parlamentarinin fikrincə, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir:
"Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki və texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun. Mən bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna”. Əslində həmsədrlik institutundan vaz keçmək təşəbbüsü ilk dəfə irəli sürülmür. Zaman-zaman ictimaiyyət nümayəndələri, siyasi xadimlər, politoloqlar rəsmi Bakını vasitəçilikdən imtina etməyə səsləyiblər. Bir sıra ekspertlər isə Minsk Qrupunun başqa bir formatla əvəzlənməsini təklif ediblər.
Deputatın təklifi ilə bağlı "Şərq”ə danışan analitik Ehtiram Aşırlı deyib ki, son zamanlar bu cür fikirlərin səslənməsi daha çox ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi ilə əlaqəlidir. Onun sözlərinə görə, 1994-cü ildən bugünədək həmsədrlər münaqişənin həlli istiqamətində hansısa ciddi bir irəliləyişə nail ola bilməyib:
"Cənab Prezident İlham Əliyev də bir neçə dəfə çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyindən danışaraq, qurumu daha fəal olmağa səsləyib. Fikrimcə, qurumun öz işini konkret məqsədlərə və planlara yönəltməsi daha məqsədəuyğun olar. Münaqişənin həlli ilə bağlı həmsədrlərin əlində lazım olan bütün sənədlər var. BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın mənafeyi çərçivəsində həll olunsun. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməlidir.
ABŞ və Rusiya Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar öz fikirlərini konkret olaraq ifadə edirlər. Fransada isə əksinə, qondarma rejimə qarşı müəyyən meyillər var. Düzdür, yaxın zamanda Fransa açıqlama verdi ki, "biz "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımırıq”. Lakin hesab edirəm ki, Fransa dövlət nümayəndələrinin tez-tez Qarabağa qanunsuz səfərlər təşkil etməsi, sadəcə, Parisin ATƏT-in Minsk Qrupundakı fəaliyyətinə kölgə salmaqla qalmır, həmçinin, ölkəmizlə olan münasibətlərə də mənfi təsir göstərir”.
Ekspertin fikrincə, Fransa həmsədrlikdən uzaqlaşdırılıb, yerinə Almaniya gətirilməlidir: "Düşünürəm ki, Minsk Qrupunun fəaliyyətini birdən-birə dayandırmaq doğru olmaz. Öncə onun fəaliyyətinin daha effektiv alınması üçün yeni dəyişikliklər edilməlidir.
Həmsədrlər arasında dəyişiklik edilib, vasitəçiliyə yeniləri qəbul edilə, yaxud formatı dəyişdirilərək "3+1” formatında davam etdirilə bilər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyinə təsir edən əsas amillərdən biri də həmsədr ölkələr olan Rusiya ilə ABŞ arasındakı movcud gərginlikdir. Bu gərginlik Minsk Qrupunun fəaliyyətinə mənfi təsir edir. Lakin bütün bu faktlar əsas vermir ki, biz Minsk Qrupundan imtina etməliyik. Sadəcə olaraq qurumun yeni formatda yola davam etməsini təmin etməliyik”.
İsmayıl