Moskva əlini çəkib

Ermənistanın gələcəyi sual altındadır



Düşmən ölkədəki gərgin durumu dəyərləndirən politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanda mövcud olan ağır vəziyyət daha da dərinləşəcək. Serj Sarkisyan heç bir vəchlə hakimiyyətdən getmək istəmir, baş nazir vəzifəsini özündə saxlamağa çalışır. Amma Sarkisyan erasının bitdiyini hamı söyləyir.

Moskva ondan əlini çəkib. Eyni zamanda Moskva ilə İrəvan arasında əlaqələr əvvəlki kimi xoş deyil. Belə şəraitdə Ermənistanın taleyi sual altındadır: 

"Ermənistanda həqiqətən də çox ağır proseslər gedir. İlk nəzərə çarpan tərəfi də siyasi sistemdə aparılan islahatlar və bunun hesabına Sarkisyanın hakimiyyətin əsas rıçaqlarını öz əlində saxlamağa cəhd etməsidir. Prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçid dünya idarəetməsində görünməmiş bir üsuldur. Prezident tam formal səlahiyyətlərə malikdir. O nə ali baş komandan funksiyasını yerinə yetirəcək, nə də Təhlükəsizlik Şurasının üzvü ola biləcək. Artıq Ermənistanda prezident olmaq kabinet gözətçisi olmaq səlahiyyətinə bərabərdir. Baş nazir vəzifəsini icra edən şəxs isə bütün sahələri öz nəzarəti altına alır”. Q.Hüseynlinin sözlərinə görə, baş naziri parlament seçəcəyi üçün Serj Sarkisyanın baş nazir olması ona asan başa gəlməyəcək. Parlamentdə Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının cəmi 44 faiz səsi var. Mütləq şəkildə Sarkisyan digər partiyalardan biri ilə koalisiyaya getməlidir. Çox güman ki, ənənəyə uyğun qaydada o, Daşnaksütyun Partiyası ilə birgə addım atacaq.

Politoloqun sözlərinə görə, ölkədə yaşanan bu kimi siyasi çaxnaşmalar Ermənistanın iqtisadi vəziyyətini həddindən artıq ağırlaşdırıb. Ölkənin milli gəlirlərinin böyük əksəriyyəti xaricdən toplanılan ianələr hesabına formalaşır. İstehsal sahələri büsbütün dayanıb və borc müqabilində Rusiyaya satılıb. 

Bunun nəticəsidir ki, ölkədə çox ciddi demoqrafik problem yaşanır. Xaricə köçən ermənilərin sayı ildən-ilə sürətlə artır. Ayağı yer tutan insanlar Rusiyaya və ya Avropa ölkələrinə çıxıb gedir. Bir tərəfdən də ölkədə ölənlərin sayı artır, doğulanların sayı isə azalır.

Azərbaycanın bütün parametrlərə görə Ermənistandan qat- qat üstün olduğunu vurğulayan Q.Hüseynli deyib ki, Ermənistanda yaranmış vəziyyət fonunda Azərbaycan çox asanlıqla Dağlıq Qarabağ və ətraf rayonları erməni işğalından azad edə bilər. Ancaq ortada olan Rusiya faktoru bizim əl-qolumuzu bağlayaraq status-kvonun qorunub saxlanılmasına şərait yaradır.

Şəymən