Müəllimdən şagirdlərə: “Qoyunlar, sizdən adam olmayacaq !” - İDDİA

“Sonra da deyirik ki, niyə cəmiyyətdə keyfiyyətli vətəndaş yoxdur ? !”“Gedin özünüzü hardan atırsız atın, amma məktəbdə buna yol verməyin”
"Müəllimlər ilk növbədə yarı psixoloq olmalı, uşağı hiss etməlidir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib.
O bildirib ki, "bulinq” xarici söz olsa da, cəmiyyətimizdə bununla bağlı müxətlif hadisələr yaşanır:
"Bu yaxınlarda həyatını itirən Elinanın başına gələnlərdə nə qədər insan sosial şəbəkələrdə paylaşım etdilər. Əgər bir uşaqda fərqlilik varsa, o hansısa qrupun xoşuna gəlmirsə, sıxışdırılır, sinifdən təcrid edilir. Həmçinin həmin uşağa fiziki zorakılıq da göstərirlər. Ölkəmizdə "bulinq”lə bağlı qanunvericiliyin olmasını istərdim. Eyni zamanda uşaqlara qarşı olan mənəvi və fiziki zorakılığın qarşısını almaq üçün müəyyən mexanizm hazırlanmalıdır. Məsələn müxtəlif ölkələrdə məktəblərdəki sosial problemləri necə öyrənirlər? 
Sözsüz ki, xarici ölkələrdə hər məktəbdə psixoloqlar var. Buna baxmayaraq, uşaqların problemlərini açıqlaması üçün qutular qoyulur. Problemin deyə bilməyən, bundan çəkinən şagirdlər dərdlərini yazıb məhz həmin qutuya atırlar. Müəllimlər, psixoloji heyət isə şagirdin problemini araşdırır. Əgər vaxtında Elina öz problemini kiminləsə paylaşsaydı, bəlkə də ona kömək etmək olardı. Elə uşaq var ki, başına gələnləri evdə demir”.
G.Səfərova bildirib ki, müəllimin şagirdlə dost münasibətini qurması olduqca vacibdir:
"Əgər məktəblərdə sorğu keçirsək, nəticələr olduqca dəhşətli olacaq. Gördüyümüz və görmədiyimiz minlərlə zorakılıq forması ilə qarşılaşacağıq. Bu yaxınlarda qərar verildi ki, məktəblərdə yuxarı mərtəbələrdəki pəncərələr bağlansın. Bu isə o deməkdir ki, "gedin özünüzü hardan atırsız atın, amma məktəbdə buna yol verməyin”. Sanki hadisə baş verəndən sonra mübarizə aparmağa başlayırıq”.
İcraçı direktorun sözlərinə görə, bu gün müəllimlərin şagirdlərə müraciət forması olduqca yanlışdır:
"Bəzi müəllimlər şagirdə "qoyunlar , sizdən adam olmayacaq” və.s kimi müraciətlər edir. Sonra da deyirik ki, niyə cəmiyyətdə keyfiyyətli vətəndaş yoxdur ?
Məktəblərimizdə nə şagirdi dinləmək, nə düzgün sual ünvanlamaq, nə də təqdir etmək var. Biz uşaqları ancaq pisləyirik. Bu problemlərlə əlaqədar yaxşı mexanizm hazırlanmalıdır. "Bulinq”lə bağlı digər ölkələrdə müəyyən prosedurlar var. Lakin "bulinq”ə Azərbaycan konteksindən də yanaşmaq lazımdır ki, neqativ halları aradan qaldıraq. Uşağa qoyun deyən müəllim "bulinq”i necə müəyyən edə bilər?! ”.
Qeyd edək ki, millət vəkili Çingiz Qənizadə bildirib ki, kimisə təhdid, şantaj etmək, onu özünü öldürmək həddinə çatdırmaq qanunla qadağandır. Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyində bununla bağlı müddəalar var. Bu qanunlar normal işləsə, belə hallar baş verməz.
Yeganə Bayramova