Müəllimlik peşəsinə marağı artıran AMİLLƏR... - Ekspert sadaladı





"Müəllimlik peşəsi ilə bağlı bəzi problemlərin aradan qaldırılması bu peşəyə tələbatın artması ilə nəticələndi”.

Bunu "Sherg.az”a ötən illə müqayisədə bu il müəllim işləmək istəyənlərin sayının üç dəfə artması haqqında danışarkən təhsil eksperti Məlahət Mürşüdlü bildirib.

Onun sözlərinə görə, son illər ölkədə müəllim işləmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb:

"Vətəndaşlarımızın bu sahəyə marağının artması bir çox səbəblərlə bağlıdır. Həmin amillərdən biri hazırda işsizliyin mövcud olduğu bir zamanda müəllimlik peşəsinə sahib olan insanlara tədris mərkəzlərində diami iş yerlərinin olmasıdır. İkincisi, ötən beş ildə bu sahədə yaranan problemlərin həlli və onların aradan qaldırılması istiqamətində əsaslı işlər görülüb. Artıq biliyi, bacarığı yüksək olan insanlar müəllim işinə qəbul olunurlar. 

Yəni tədris mərkəzlərində çalışmaq istəyənlərin işə qəbulu zamanı obyektvliyin təminatı hər kəsdə bir stimul yaradır. Bundan əlavə müəllimlərə öz peşələrində bir sıra yeniliklər yaradılıb. Yaşadığı yerlərdən kənar rayonlara yollanan müəllimlərin dərs saatları artırılır. Bununla da onlar daha yaxşı əmək haqqı alırlar. Həmçinin pedaqoji fəaliyyətlə məşğul olan insanlar müəllimliklə yanaşı digər safələrdə də işlyə bilir. Bu kimi imkanların yaradılması son illər müəllimlik peşəsinə marağın artmasında bilavasitə rol oynadı”.

M.Mürşüdlü onu da bəyan edib ki, artıq müəllimlərin əmək haqqları əvvəlki miqdarda deyil:

"Məktəblər də müəllimlərə dərs saatlarının stafka yarım aparılmasına icazə verilir. Bu da onların əmək haqqlarının stajdan asılı olaraq 400-500 manat civarında olmasına şərait yaradır. Beləliklə, tədris işçilərinin aylıqları digər peşələrdən əldə edilən vəsaitlə müqayisədə yaxşıdır. Düşünürəm ki, gələcəkdə müəllimlərin həm əmək haqlarında, həm də digər məsələlərdə müsbət yeniliklər olacaq”.

Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublunun sözlərinə görə, Azərbaycanda müəllim işləmək istəyənlərin sayı üç dəfə artıb. Direktor bildirib ki, bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır.

Kənan Eynuroğlu