Bölgədə kürd “dövlətinin” yaradılması Orta Şərqin bağrına sancılmış bir xəncərə bənzəyir
Oğuz Məmmədli: “Türkiyə vaxtı ilə Kiprə necə müdaxilə etmişdisə, indi də Kərkükə girməlidir”
İraq türkmənlərinin arzuolunmaz vəziyyəti, onların ciddi şəkildə təzyiqlərə məruz qalması barədə uzun zamandır müzakirələr aparılır. Şimali İraqdakı kürd "referendumundan” sonra Kərkük türkləri yenidən gündəmə gəlib.
Çünki "referendum” və kürd "dövləti” ideyası həmin ərazidə yaşayan türkmənlərin yox olmasına zəmin hazırlayır. Son açıqlamasında kürd lider Məsud Bərzani də Kərkükün onlara "məxsus” olduğunu iddia edib. Kürd silahlılarına qarşı davamlı mübarizə aparacağını deyən türkmən elinin lideri Ərşad Salihi digər türk dövlətlərinin onlara yardım etməsini xahiş edib. Əfsuslar olsun ki, hələlik Salihiyə haqlı mübarizəsində dəstək olanların sayı çox azdır.
Bölgədəki proseslərlə bağlı "Şərq”ə danışan gənc şərqşünas, doktorluğa namizəd Oğuz Məmmədli deyib ki, vaxtilə Rusiya tərəfindən Qafqazda yaradılmış Ermənistan nədirsə, İraqda yaranmış "Kürdüstan”da mahiyətcə eynidir:
"Mosul və Kərkük bölgəsi ingilislərin təsir dairəsinə düşdükdən sonra bölgədə Şərif Hüseynin nəslindən olanları kral təyin edirdilər. Kral Feysalın devrilməsindən sonra hakimiyyətə gələn cümhuriyyətçilər orada yaşayan əhaliyə qarşı diskriminasiya siyasətinə başladı. Son olaraq, yəni 1959-cu ildə bölgədə türklərə qarşı böyük soyqırım etdilər. 1990-cı ildə birinci Körfəz savaşı zamanı da ən çox əzilən, zülm görən məhz türklər oldu.
Kərküklə bağlı 1987-ci ilin statistikasına baxsaq, görərik ki, əhalinin 80 faizə yaxını türk olub. Amma türklərin yerləşdiyi coğrafiya elədir ki, İraq dövlətinə bağlı qoşunlar Cənubdan Şimala doğru hərəkət edəndə, yaxud əksinə, peşmərgələr Şimaldan Cənuba hərəkət edəndə yenə də ortada türklər qalır. Elə bil, bu vəziyyət türklərin alın yazısıdır. Osmanlıdan sonra işçi kimi bölgəyə gətirilən kürdlər daha sonra orada məskunlaşmağa başladılar. Kürdlərin əraziyə kütləvi gəlişi bununla başladı. Körfəz savaşından və ABŞ-ın 2003-cü ildə İraqa girməsindən sonra kürdlər kütləvi şəkildə Kərkükə köçürüldü. Bu köçün nəticəsində əhalinin nüfuzu çox dəyişdi. Bir zamanlar türk şəhəri sayılan Kərkükdə indi dörd nəfərdən biri türkdür. Bir məqamı da vurğulayım ki, işğal zamanı ilk dağıdılan və ləğv edilən yerlərdən biri insanların qeydiyyata alındığı məkan idi. Məqsəd ərazidə kimlərin daha çox olduğunu ört-basdır etmək idi”.
Araşdırmaçı bildirib ki, əgər İraq dövləti ilə kürd separatçıları arasında savaş çıxarsa, ortada qalan türklər olacaq:
"Təəssüflər olsun ki, heç bir dövlət türklərə sahib çıxmır. Telafərdə yüzlərlə türk qardaşımız şəhid edildi, amma heç kimin səsi çıxmadı. Dünya mediasından da səs-səda gəlmədi. Amma eyni şey Aynəl-Ərəbdə baş verəndə səhər-axşam hamı "Kobani, Kobani” deyirdi. Orada baş verən hadisə dünya mediasının diqqətini çəkə bildi”.
Ekspertin sözünə görə, reallıqda nə Azərbaycanın, nə də Orta Asiya ölkələrinin Kərkükə müdaxilə etmək şansı var:
"Coğrafi baxımdan bu mümkün deyil. Yardım potensialına sahib yeganə ölkə Türkiyədir. Türkiyə bölgəyə humanitar yardımlarla yanaşı, hərbi yardım da etməlidir. Gedişat göstərir ki, bölgədə müharibə qaçılmazdır, qan töküləcək. Qan tökülməsinin qarşısını almaq üçün Türkiyə vaxtı ilə Kiprə necə müdaxilə etmişdisə, indi də Kərkükə girməlidir. Azərbaycan da daxil olmaqla digər türk dövlətləri isə humanitar səviyyədə yardım göstərməlidir. Türkmən lideri Ərşad Salihi haqlı deyir ki, onun 250 milyonluq qardaşı var, əgər indi gəlməyəcəklərsə, bir də heç vaxt gəlməsinlər”.
O.Məmmədli deyib ki, bölgədə kürd "dövlətinin” yaradılması Orta Şərqin bağrına sancılmış bir xəncərə bənzəyir:
"Bu məsələ çox qan aparacaq. Biz hər zaman deyirik ki, bölgədəki xalqlar BMT tərəfindən təsdiq edilmiş hüquqi prinsiplər çərçivəsində sərbəst yaşasınlar. İraq konstitusiyası olduqca ədalətlidir, federal hökumətdir. Hər kəs öz bölgəsində hüquqlar çərçivəsində istədiyini edə bilər. Hansısa xalqın özünə yeni dövlət yaratmasına ehtiyac yoxdur. Fərz edək ki, həmin "dövlət” yarandı. Axı bu, nə dövlət olacaq? Bərzani qohum-əqrəbalarını ətrafında toplayıb, hərəsinə bir nazirlik verib, özü də olub prezident. Bu, olsa-olsa qəbiləvari bir "dövlət” olacaq. Qərb ölkələri bütün dünyaya demokratiyadan, insan haqlarından danışır, amma özləri separatizmi dəstəkləyirlər”.
İsmayıl