Son zamanlar dünyanın bir çox bölgəsində narahatedici hadisələr yaşanmaqdadır. Hər fürsətdə Rusiyanı sıxışdırmağa çalışan Qərb dövlətləri, xüsusən Amerika Birləşmiş Ştatları nəzarət etdiyi sərhədləri NATO xətti ilə Şərqə doğru genişləndirir. Həmçinin, "Moskva-Ankara-Tehran” tandemindən narahat olan ABŞ keçmiş postsovet ölkələrini, o cümlədən Orta Asiya məkanını qarışdırmağa cəhd edir.
Siyasilər iddia edirlər ki, Yaxın Şərqdə baş verən proseslər bu və ya digər şəkildə yekunlaşarsa, dünyanın xəritəsi yenidən çəkiləcək. Bu baxımdan güclü dövlətlə əllərindəki bütün kartları açmağa başlayıblar. Ötən gün Müstəqil Dövlətlər Birliyinin liderlərini Soçidə toplayan Rusiya Prezidenti Vladimir Putin bəyan etdi ki, ilk növbədə MDB çərçivəsində əməkdaşlığı möhkəmləndirmək və təşkilatın effektivliyini artırmaq lazımdır. Dövlət başçılarının iştirakı ilə keçirilən sammitin mövzusu iqtisadi əlaqələrin inkişafı, hərbi əməkdaşlıq və mədəni-humanitar əlaqələr olsa da, şübhəsiz ki, tərəflər arasında dünyada və regionda baş verən siyasi proseslər, hərbi münaqişələr pərdəarxası əsas müzakirə mövzuları olub. Putin yeni dönəm üçün MDB-ni gücləndirməyin zəruri olduğunu vurğulayıb. İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, ölkəmiz ənənəvi olaraq MDB-nin işində iştirak etməyə çox böyük əhəmiyyət verir: "Azərbaycan təşkilatın fəal üzvüdür. Əminəm ki, MDB-nin böyük gələcəyi var. Bu məkan bizə müntəzəm surətdə fikir mübadiləsi aparmaq imkanı verir”. Ümumiyyətlə, MDB-nin bir qurum kimi güclənməsi nə dərəcədə realdır? Təşkilatın Rusiya rəhbərliyi ilə yenidən "dirçəlməsi” Azərbaycana, xüsusən, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilərmi?
Məsələ ilə bağlı "Şərq”ə danışan Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, Rusiya Dağlıq Qarabağ məsələsində iki statusda çıxış edir. Ekspertin sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri, həm də müstəqil region dövləti kimi təşəbbüslər irəli sürür:
"Müstəqil Dövlətlər Birliyində ən aparıcı dövlət məhz Rusiyadır. Bu təşkilatda ab-havanı Moskva müəyyən edir. Əgər MDB bugünə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olmayıbsa, bu, Azərbaycanın yox, Rusiyanın günahıdır. Rusiya MDB-ni hər zaman ehtiyat qurum kimi saxlayıb. Kreml nəzərə almayıb ki, nə vaxtsa bu qurum aktivləşməlidir”. Analitik bildirib ki, hazırda dünyada gedən proseslər Rusiyanı vadar edir ki, MDB-ni dirçəltsin və fəaliyyətini daha da effektiv etsin: "Əsas səbəb ondan ibarətdir ki, hazırda dünyada kifayət qədər gərgin proseslər gedir.
Nəzərə alınmalıdır ki, Rusiyanın subregional qurumları, məsələn, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və KTMT kimi təşkilatlar özlərini doğrultmadı. Ona görə də Putin yenidən MDB-ni aktivləşdirmək qərarına gəldi. Əgər Rusiya MDB-ni bu məkanda mövcud olan hərbi münaqişələrin həllinə yönəldə bilsə, təşkilatın işi faydalı olacaq və qurum güclənəcək. Yox əgər əvvəlki kimi standart və şablon işlərlə məşğul olacaqsa, strukturu gücləndirmək mümkün olmayacaq”.
M.Əhmədoğlu bir az gözləmək lazım olduğunu deyib:
"Düşüncəm belədir ki, Putin yaxın vaxtlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil edəcək. Əgər Putin münaqişəni həll edərsə, MDB də güclənər. Təbii ki, Azərbaycan MDB-nin güclənməsində maraqlıdır. Çünki qurumda müstəqil dövlətlər təmsil olunurlar. Biz bununla həm müstəqilliyimizi qoruyuruq, həm də milli maraqlarımız çərçivəsində əlaqələrimizi qururuq. MDB struktur olaraq Azərbaycanın müstəqilliyinə heç bir xələl gətirmir”.
İsmayıl