"Münaqişənin nə vaxta qədər davam edəcəyini heç kim bilmir" - POLİTOLOQ

Zərdüşt Əlizadə:"Problemin mahiyyətini bilənlər bunu çox gözəl anlayır"


"Dağlıq Qarabağ münaqişəsi siyasi oyundur”.

Bunu "Sherg.az”a amerikalı yeni həmsədr Endryu Şoferin Dağlıq Qarabağa səfərindən danışarkən politoloq Zərdüşt Əlizadə deyib. 

O bildirib ki, həmsədrlərlə separatçı Ermənistanın marağı üst-üstə düşür:

Əsl maraqları gizlətmək üçün hansısa oyunu aparırlar, bəyanatlar verirlər. Problemin mahiyyətini bilənlər bunu çox gözəl anlayır.

Minsk qrupu həmsədrləri münaqişənin mövcudluğundan pul qazanır. Fərz edək ki, həmsədr təyin edilmiş amerikalı diplomat çox yüksək vəzifəyə təyin edilib, yaxşı da maaş alır. O, bölgəyə gəlməlidir, digər həmsədrlərlə, xarici işlər nazirləri və s. ilə görüşməlidir. Münaqişənin dinc yolla həllini tapmasına çalışmalıdır. Deməlidir ki, Amerikanın məsələdə mövqeyi dəyişməzdir, dinc yolla həllə sadiqdir. Eyni zamanda Amerika Ermənistana və Azərbaycana diplomatik və informasiya dəstəyi verməlidir. Bununla da diplomat öz vəzifəsini yerinə yetirmiş olmalıdır. Beləliklə, Qarabağ münaqişəsi həll olundumu? Xeyr. Amma Amerika vasitəçi kimi qalır və öz xeyrini götürür.

Vasitəçi mövqeyi çox xeyirli mövqedir. Təsadüfi deyil ki, Türkiyə və İran da vasitəçi olmağa can atır, lakin onları bu vəzifəyə heç kim yaxın buraxmır. Rusiya da, Fransa da, Ermənistan prezidentləri də münaqişədən öz xeyirlərini götürürlər. Hər kəs qazanır. İtirən isə erməni xalqıdır. Erməni xalqı düşdüyü zəlil vəziyyəti hələ də dərk etmir. Ona görə, bu oyun gedir”.

Z.Əlizadə onu da əlavə edib ki, bu siyasi oyunun nə vaxta qədər davam edəcəyini heç kim bilmir.

Qeyd edək ki, E. Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Ayyət Əhməd