Müşavirə bütün qurumlara xəbərdarlıq oldu

Ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında da cavab verəcəklər



İyulun 4-də Prezident İlham Əliyev ölkənin enerji sistemində baş verən vəziyyətlə əlaqədar müşavirə keçirdi. Dövlət başçısı iki gün ərzində ictimaiyyət arasında yaranmış gərginliyə və çətinliyə görə müvafiq qurumların rəhbərlərindən hesabat tələb edərək məsul şəxslərə öz iradlarını bildirdi. Prezident işinin öhdəsindən layiqincə gələ bilməyən qurum rəhbərlərinin tezliklə cəzalanacağını açıq şəkildə ifadə etdi. Ölkə rəhbəri bildirdi ki, mövcud enerji probleminin fəsadlarını aradan qaldırmaq üçün yaradılmış Dövlət Komissiyasının əsas vəzifələrindən biri məsələni araşdırmaq və qəzanın səbəblərini, günahkarları aşkar etməkdir.

Prezidentin səsləndirdiyi fikirləri və haqlı iradlarını dəyərləndirən ictimaiyyət nümayəndələri birmənalı bildirirlər ki, müşavirədə başını aşağı salıb duran bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Çünki dövlət başçısı xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi. Prezident hər zaman söylədiyi "məmurlar xalqın xidmətçiləridir” yanaşmasını bu müşavirədə də ortaya qoydu. Görünən odur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında da cavab verəcəklər. 

Elə Prezident də bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. "Azərenerji” sədrinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına da ən gözəl cavabı məhz Prezident verdi: "Utanmalısınız” - dedi. Ona görə əminliklə söyləmək lazımdır ki, müşavirə, əslində, bütün qurumlara bir xəbərdarlıq oldu. Prezident onu da xatırlatdı ki, görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edildi və ölkəmizin enerji təchizatında ciddi problemlər yarandı: "Mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradıldı və komissiya öz işinə başladı. Komissiya qarşısında bir neçə vəzifə qoyulub. Onların əsas vəzifəsi məsələni araşdırmaqdır. Komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır”. 

Dövlət rəhbəri diqqətə çatdırıb ki, problemin səbəblərini ortaya çıxarmaq üçün bütün dövlət orqanlarına ciddi tapşırıq verilib: "Dövlət nümayəndələri vətəndaşlara kömək göstərməlidir ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər. Onların uğurlu fəaliyyəti nəticəsində qəza demək olar ki, aradan qaldırılıb, heç bir ağır hadisə baş verməyib. Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparıb. Metro və liftlərdə qalmış vətəndaşlar təxliyə olunub. Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçiblər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək, yol hərəkətini tənzimləyə biliblər. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər görüb. Xətlərə yeni avtobuslar çıxarılıb, sərnişinlərə böyük diqqət və qayğı göstərilib. Bir sözlə, hesab edirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik”.

Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyan böyükdür: 

"Qəzanın səbəblərini ölkə Prezidenti tərəfindən yaradılmış komissiya araşdırır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın başvermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standartlara tam əməl olunmama mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımi tədbirlərin görülməsini təmin edəcəkdir. Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi”.

Millət vəkili bildirib ki, elektrik enerjisi, istilik, telekommunikasiya sahələri təbiət qanunauyğunluqları ilə bir sıraya qoyulur və buna görə də bu sahələrdə baş verən miqyaslı qəzalar təbii fəlakətlərlə eyni ölçülür: "Biz artıq texnoloji cəmiyyətdə yaşayırıq. Miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən başlayaraq intensiv xarakter almağa başlamışdır. 2003-ci ildə ABŞ-ın bütün şimal-şərq regionunda baş verən hadisə miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı. 

Elektrik Şəbəkəsinin "çökməsi”nin bir sıra səbəbləri olur. Ümumi olaraq səbəblər artıq yüklənmə, resursların çatışmazlığı, texniki qəzalar və insan amilidir. Miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyasi və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır. Hesablamalara görə, elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8.67 manata, kiçik və orta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30 266 manata qədər gəlir itirirlər. Azərbaycan son illərdə enerji potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Bizim enerji potensialımız artıq 6 400 meqavata bərabərdir. Bu isə ölkəni elektrik enerjisi ilə təmin etməkdə heç bir çətinliyin olmamasını göstərir”.

Milli Məclisin deputatı Elman Məmmədov isə təəssüflə bildirib ki, radikal müxalifət Mingəçevirdə baş verən qəzaya siyasi don geyindirmək, dövlət daxilində müəyyən çağırışlar etməkdən yan keçmədilər: 

"İstənilən sahədə qəza baş verə bilər və heç kim bundan sığortalanmayıb. Dünyanın aparıcı dövləti olan ABŞ-da il ərzində dəhşətli qəzaların baş verməsi ilə bağlı xəbərləri oxuyuruq. Həmçinin, Avropa ölkələrində bu kimi hadisələrin baş verdiyini eşidirik. Lakin nədənsə, müxalifətdən olan şəxslər ən xırda hadisələri, təbii fəlakəti və ya yol qəzasını belə siyasi məqsədlər üçün istifadə etməyə çalışır”. Deputat qeyd edib ki, baş verənlərlə bağlı əsası olmayan fikirlər irəli sürənlərin məqsədi cəmiyyətdə dövlətə qarşı inamsızlıq yaratmaq olsa da, buna heç bir zaman nail ola bilməyəcəklər: "Çünki Azərbaycan dövləti və vətəndaşlarının təhlükəsizliyi kifayət qədər dayanıqlı və yüksək səviyyədə qorunur. Bu cür ucuz hərəkətlər və iyrənc məqsədlər heç zaman reallaşmayacaq. Bildiyiniz kimi, Prezident İlham Əliyev baş verənləri nəzarətə götürməsindən dərhal sonra təcili olaraq tədbirlər görülərək problem aradan qaldırıldı. Azərbaycanda bütün sahələr nəzarətdədir və bütün qurumlar öz işini lazımi səviyyədə həyata keçirir. Təbii ki, bu qəzanın baş verməsində günahı olan şəxslər Prezidentin tapşırığı ilə cəzalanacaqlar”.

Deputat Sahib Alıyev də vurğulayıb ki, Azərbaycan cəmiyyəti bir daha birlik və bərabərliyini, dövlətin, dövlətçiliyin yanında olduğunu sübuta yetirdi: 

"Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində paytaxt və bir çox regionların elektrik enerjisi ilə təminatında yaranmış qısamüddətli problemi az qala fəlakətə çevirməyə, bununla cəmiyyəti hakimiyyətə qarşı qaldırmağa çalışan məlum qüvvələrin bu cəhdi alınmadı. Xalq, ictimaiyyət baş vermiş hadisənin heç də hakimiyyətin günahı olmadığını dərk etdiyindən məkirli qüvvələrin daha bir pozuculuq cəhdinə layiqli cavab verdi. Məlum qəza ilə əlaqədar Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi mövqe, həmrəylik ötən gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Prezidentin yanında keçirilən müşavirədə dövlət başçısı bildirdi ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərdilər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”. Millət vəkili deyib ki, insanların adət etdikləri həyat tərzi pozulursa, təbii ki, bu, müəyyən narazılıq doğurmalıdır: 

"Əgər Mingəçevir İES-də qəza baş veribsə və bu qəza ölkənin enerji sistemini iflic vəziyyətinə salaraq böyük problemlər yaradıbsa, deməli, bu sahədə nöqsan və çatışmazlıqlar var. Bunlar nədir və ona görə kimlər məsuliyyət daşıyır, heç şübhəsiz ki, müəyyənləşdiriləcək. Cənab Prezidentin tapşırığı ila yaradılan Komissiya həm də bunun üçündür. Eyni zamanda o da müəyyənləşəcək ki, fors-major halda ayrı-ayrı qurumlar necə işlədilər, belə bir vəziyyətə kim nə dərəcədə hazır idi. Yəni kim cəzalandırılmalıdırsa, cəzalandırılacaq, hansı nəticə çıxarılmalıydısa, ümid edirəm ki, artıq çıxarılıb”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də bildirib ki, Prezidentin müşavirəsi mühüm əhəmiyyətə malik idi: 

"Cənab Prezidentin müşavirədə səsləndirdiyi fikirlər ilk növbədə Azərbaycan vətəndaşlarının mövqeyini və düşüncələrini ifadə edirdi. Müşavirədə mövcud qəzanın bütün detallarına aydınlıq gətirildi. Burada tam şəkildə aydın oldu ki, ayrı-ayrı şəxslərin verdiyi müəyyən təqdimatlara rəğmən Azərbaycan Prezidenti baş verən proseslərin ən incə detallarına kimi təhlil edib və bu problemdən çıxış yollarını perspektivdə oxşar problemlərin mövcud olmaması üçün atılan addımların bütün istiqamətlərini müəyyənləşdirib. 

Şübhəsiz ki, dövlət başçısının da qeyd etdiyi kimi, hadisədə günahkar olan şəxslər öz layiqli cəzalarını alacaqlar. Müşavirədə bildiyiniz kimi hər şey açıq şəkildə ifadə olundu. Bu isə dövlətin vətəndaşlarla iç-içə olduğunu və mövcud problemlərin də vətəndaşlardan gizlədilmədiyi, əksinə, onların diqqətinə çatdırıldığını sübuta yetirdi. Əslində bu, önəmli bir faktordur. 

Düşünürəm ki, problemin həlli istiqamətində atılan addımlar yaxşı nəticələrin əldə olunmasına zəmin yaradacaq. Bu fakt həm də bütün qurumların məsuliyyətlərinin dərk edilməsi üçün vacib məqamlardan birinə çevriləcək. Bütövlükdə, hesab edirəm ki, müşavirə bir çox məqamlara aydınlıq gətirdi. Azərbaycan hər birimizin Vətənidir, doğma evimizdir”.

İsmayıl