Mustafa Vəkillinin publisistikası
Ömrünü Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına və istiqlal mübarizəsinə həsr edən Mustafa Vəkillinin mühacirət mətbuatında xeyli sayda publisistik yazıları, məqalələri çap olunub. 1920-ci il 28 aprel işğalından sonra Türkiyədə, Polşada, Almaniyada, İsveçrədə mühacirət ömrü yaşayan M.Vəkilli 1896-cı ildə Qazax mahalının Salahlı kəndində doğulub, əmisi Məmmədrza Vəkilovun köməyi ilə təhsilini Bakıda alıb. 1912-ci ildə Bakı gimnaziyasını qızıl medalla bitirən M.Vəkilli sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib Vətənə qayıdıb. 1917-ci ildən etibarən o, "Müsavat” Partiyasının sıralarına qatılıb, bu partiyanın Mərkəzi Komitəsinə üzv seçilib. Zaqafqaziya Komissarlığında çalışıb, Milli Müsəlman Şurasının üzvü olub. 1918-ci ildən etibarən Azərbaycan Xalq Cümhuriyyəti parlamentində "Müsavat” fraksiyasının üzvü kimi maliyyə-büdcə komissiyasına rəhbərlik edib. 1920-ci ilin fevralında Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri təyin edilib. 1965-ci ildə Ankarada vəfat edib.
M.Vəkilli milli məfkurə daşıyıcısı olaraq mühacirət mətbuatının formalaşmasında da kifayət qədər əməyi var. Onun "Yeni Qafqaziya”, "Odlu Yurd”, "Azəri Türk”, "Mücahid” dərgilərində xeyli sayda publisist yazıları, siyasi təhlilləri işıq üzü görüb. Həmin yazıların bir qismini bu sayımızdan etibarən "Şərq”in oxucularına təqdim edirik.
Akif Aşırlı
Şanlı bayram
Böyük Millət!
Tarixdə əzəmətli imperatorluqlar yaratmış, dünyanın hər tərəfində əsrlərcə hökmdarlıq etmiş bir millət. Süngüsünü dayadığı hər yerə öz mədəniyyətini, adət və ənənəsini, dil və ədəbiyyatını yaymış bir millət.
Türk Milləti.
Şan və şərəf yollarında çox qanlar tökmüş, böyük iztirablar çəkmiş, ölməz dastanlar yaratmış türk milləti. Zamanımızda da hələ bu yolla tale və qismətlə çarpışa-çarpışa gəlir.
Çingizlərin, teymurların dünyaları titrədən o möhtəşəm səltənətləri - Roma və İran imperatorluqları kimi yavaş-yavaş əridi. Dövr və zamanın şəraiti üçün yalnız qılınc və cahangirlik ehtimalı getdikcə bəs etmədi... və türkün qan və əməyilə qurulmuş qoca imperatorluqlar parçalana-parçalana düşmənin pəncəsi altına keçdilər.
Türküstan, Qazan, Azərbaycan, Krım xanlıqları tarixdə bir müddət müstəqil qala bildilər.
Başlarının üstünü amansız ikibaşlı qara qartal kəsmişdi - rus imperializmi. Və bir əsrdən çoxdur ki, bu böyük və zəngin türk elləri rus işğalı və zülmü altında hələ də əzilib və məhv olub getməkdədirlər.
O zaman Şərqdə batan Türk Günəşi Qərbdə doğdu. Vyana qapılarına qədər at oynadan qoca Osmanlı imperatorluğu quruldu. Tez bir vaxtda Şərqə və Qərbə hökm edən bu imperatorluq ta tarixinin son dövrlərində fəlaktədən-fəlakətə uğradı.
Bir tərəfdən sultanların pozuq, çürük istibdad idarəsi - daha doğrusu, idarəsizliyi - digər tərəfdən də Rusiya və qərb dövlətlərinin imperializm siyasəti bu məmləkəti əzə-əzə "xəstə adam” halına gətirdi. Və əsrlərcə uçurumdan-uçuruma yuvarlanaraq bu zavallı millət Mudros adasına qədər gəldi, gətirildi.
* * *
"Xəstə adam” öldü dedilər. Nə çox sevinənlər oldu. Bəziləri hətta bu ölüm sənədini imzalamaq üçün qızıl qələm belə tədarük etməyin zəhmət və əziyyətinə qatlandılar.
Öldü dedilər.
Fəqət, türk kəfəni yırtaraq yenidən meydana atıldı. Dumlupınar, Sakarya meydanlarına atıldı və Lozana qədər yeridi. Atıldı və böyük Qazini yaratdı. Ona sarılaraq yürüdü və yeni Türkiyəni yaratdı.
Türkiyə tarixində yeni dönüm nöqtəsi başladı: Kamalizm.
Şəxsiyyətmi tarix yaradır, yoxsa tarixmi böyük şəxsiyyətləri yetişdirir? Fəlsəfədəki bu köhnə münaqişəyə burada toxunan deyiləm. Yalnız bir şey şübhəsizdir: - Millətlə onun böyük tarixi qəhrəmanı əl-ələ, qəlb-qəlbə yeridikləri zaman xarüqələr yaradırlar.
Qazinin millətlə bərabər bu az zaman içində yaratdığı böyük əsər bunun ən parlaq dəlilidir.
Bu böyük tarixi şəxsiyyətin dəmir iradəsi, ruhi sükunət və mətanəti, siyasi üfüqləri ta yerlə göyün bitişdiyi uzaqlara qədər işıqladan dühası qüvvətli yeni bir Türkiyə yaratdı.
Türkün qanı ilə yoğrulmuş, əzminə dayanmış - Cümhuriyyət Türkiyəsi.
Osmanlı tarixinin son dövrlərində də Türk milləti böyük fədakarlıqlar etmədimi, hərb meydanlarında sellər kimi qanlar axıtmadımı? Nədən yenə bu imperatorluq çökdü? Çünki - dövlətin istinad etdiyi təməl, zaman keçdikcə çürümüş, dəlik-deşik olmuşdur.
Çünki istiqamət yanlış alınmışdı. Ümmət, osmanlılıq. Bu məfhumların artıq heç bir şey ifadə etmədiyinin və bu təməlin çoxdan laxlamaqda olduğu faktına varılmadı.
Yeni qaldırılan inqilab bayrağı, müqəddəs öküz üzərində qurulan nağılları bir kənara atdı və dövləti yeni təməl, əsas üzərində qurdu.
Milliyyət əsası.
Ən əvvəl dövlət, milli dövlətdir. Türk dövlətidir - dedi.
Bu, türk millətinin ruhundan, fikrindən doğan ən qüvvətli və təbii bir əsasdır. Eyni zamanda bu, əsrin irəli atdığı ən sağlam və canlı prinsiplərdən biri, bəlkə birincisidir. Təfsilata lüzum yoxdur, bugünkü Almaniyaya baxaq. Nasizm orada dəhşətli bir qasırğa kimi bütün milləti alıb götürür. Avropanın ən mədəni və böyük millətlərindən biri olan alman milləti irq, milliyyət prinsipinə bu gün adətən əməl edir. Hitler və hitlerçilərin rəsmi dini və qayəsi böyük alman milliyətçiliyidir və Bismarkın belə cəsarət etmədiyi addımlarla buna doğru gedilir.
Kamalizm, türk gəmisini Osmanlı zehniyyətinin qaranlıq buludları və xurafatla çalxanan dalğalar içindən qurtardı. Bu torpaqlara hakim türk millətidir, bu dövlət türk dövlətidir - dedi.
Milli Türkiyə!
Bu həm əsas, həm qayədir.
Məfkurəsiz bir millət yaşamaz, sürünər. Milliyyət prinsipi dənizlər qədər əngin, ulduzlar qədər parlaq və cazibədardır. İndiki türkçülük romantik yaşlarını yaşamış, şüurlu, bilikli bir milliyyətçilikdir.
Bu qədər mühüm işlər və dərdlər arasında birdən Ankarada böyük bir türk tarixi konqresi keçirilir. Bir az sonra İstanbulda türk dili konqresi təşkil olunur. Və bu konqreslərdə şəxsən Qazi Paşanın iştirakı və bu işlərlə çox yaxından bağlı olması nəticə verir.
Bunlar nəyi ifadə edir? Hər halda Qazi Paşanın mütəxəssis bir professor kimi daha çox dil və ya tarix maraqlısı olduğunun sübutu deyil?
Bu addımlar qədim yunan filosofunun - "özünü tanı” - düsturunu fərddən millətə təşkil etmək məqsədini güdür.
Qazi böyük türk millətinin qoca və zəngin bir tarixə malik olduğunu anlatmaq istəyir. Bu millətin Asiya ilə Avropa arasında yayılmış və hər tərəfdə türk bayraqdarlığını qurmuş gözəl, fəqət sahibsiz, bir dili olduğunu göstərməyə çalışır.
Öz mədəniyyətini, öz mənliyini dərk etməyən, öz tarixini təqdir etməyən bir millətin istiqbalı yoxdur.
Bəlkə də kiçik görünən bu konqreslərin ifadə etdikləri məna böyükdür.
Ümumi ideologiyadakı bu inqilabla böyük Türk inqilabı başladı. Və bu inqilab ilk həmlədə Osmanlı zehniyyət və məfkurəsiylə bərabər çürümüş olan səltənət və xilafət əsaslarını bu sayaq tədbirlərlə söküb atdı. Dövlət idarəçiliyi əsri bünövrə üzərində quruldu: Hakimiyyəti milliyə.
Bununla da xalqçılıq, demokratizm prinsipləri irəli sürüldü.
"Bu vətənin əfəndisi kəndlidir” deyildi. Və bu prinsiplərin ifadəsi olaraq 10 il əvvəl Cümhuriyyət idarəsi elan edildi. Cümhuriyyət idarəsi, onun inqilabi hərəkət və fəaliyyəti milli Türkiyəni gözlər önündə daxilən və xaricən günü-gündən qüvvətləndirdi.
Budur, bugünkü sevinc ondan irəli gəlir. İstiqbala ümid və etimad da ondan gəlir.
Cümhuriyyət hökumətinin ki, bu dövrün tarixinə adı İsmət Paşa hökuməti deyə yazılacaqdır - dövlət idarəsində və bütün milli həyatın müxtəlif sahələrində gördüyü inqilabi islahatları və onların bu gün meydandakı müsbət səmərələrini saymaqla bura sığışdırmaq imkansızdır.
Ədliyyə və urfan sahələrində görülən əsaslı dəyişikliklər, məhkəmə, məktəb üsulunun qəbulu irəliyə doğru böyük addımlar idi. Təkcə latın əlifbasının qəbulu öz-özünə inqilab içində ayrıca bir inqilabdır. Sonra yeni rejim məmləkəti bürümüş qara cəhalət pərdəsini yırtdı. Əsrlərcə millətin ruhunu istila etmiş və mənliyini gəmirən bu qorxunc kabusa qarşı başlanan mübarizə heç də asan bir iş deyildi. Və bu mübarizə inqilabın bəlkə ən əhəmiyyətli cəhətlərindən birini təşkil edir.
- Bir millətin siyasi istiqlalının dayanacağı ən mühüm təməl, onun iqtisadi istiqlalıdır. Bunu çox gözəl dərk etmiş olan Kamalizm Türkiyəsi yeni iqtisadi siyasətinə başladı. Və bu siyasətin tutduğu yol - bir tərəfdən kəndlini himayə etmək, digər tərəfdən də yeni milli sənaye yaratmaq, məmləkəti sənayeləşdirməkdir. Türkiyəni yarım müstəmləkə, Avropanın xammal bazarı halından çıxararaq, qüvvətli milli bir iqtisadiyyat əsaslarını qurdu. Budur, hələ davam edən iqtisadi mücadilənin qayəsi. Dünyanı sarsıdan bu ümumi iqtisadi böhran içində bunun böyük, eyni zamanda nə ağır bir iş olduğunu ciddi təqdir etməlidir. Cümhuriyyət hökumətinin bir çox yeni qərar və tədbirləri, verginin ləğvi, vergilərin yeni əsaslar üzərində tənzimlənməsi, məmləkətin uzaq guşələrini bir-birinə bağlayan yeni dəmiryolları - bunlar hamısı maliyyə-iqtisadi siyasətin verdiyi səmərələrdir.
Bu böyük fəaliyyət və təşəbbüslər içində gözə çarpan mühüm cəhətin biri də budur ki, İsmət Paşa hökuməti uzaqdan, yaxından eşidilən "qurtarıcı” bəzi yeni nəzəriyyələrə özünü aludə etmir və iqtisadi həyatın ən həssas bir idarəetmə olduğunu daima nəzərdə tutaraq, bu sahədə diqqət və ehtiyatla hərəkət edir.
Burada Türkiyə inqilabının bir xüsusiyyətini ayrıca qeyd etmək istəyirəm:
Zamanımızdakı digər inqilablar böyük nümayiş və gurultularla, parlaq şüarlarla, xalqa geniş vədlərlə başlayır. Sonra da Sovetlərdə olduğu kimi, bütün həyatı inqilab üçün təcrübə talası olan ac millətə çörək yerinə vəd verməklə bitir.
Türkiyə inqilabında isə nümayiş, göstəriş, havayı vədlər olmadı. Türk dövlət idarəçiləri, qayət mütəvazi, eyni zamanda da real dövlət adamları olduqlarını göstərdilər.
Müəyyən sahələrdə müəyyən inqilablar edildi, yalnız çürüyən yerlər kəsildi. Və az zaman içində müsbət və konkret nəticələr əldə edildi. Bu da bəlkə milli türk xarakterinin bir xüsusiyyətidir.
Xarici siyasətilə Cümhuriyyət hökuməti Türkiyənin sülh və təhlükəsizliyini təmin etmişdir. Sülh və müsavat - Milli Türkiyənin xarici siyasətinin ana xəttidir. Bu əsaslardan ayrılmayan Türkiyə Cümhuriyyəti Qərb dövlətlərilə - arasında ixtilaflı qalan məsələləri də (borclar, hüdudlar) kin deyil, anlaşma və razılaşma yolu ilə həll edir.
Və bu gün Türkiyə Yaxın Şərqdə qüvvətli siyasi bir faktor rolunu oynayır.
Budur, bugünkü bayram - böyük Türkiyə milləti üçün tərəqqi və inkişaf yolları açan, ümid və iman hissləri saçan böyük təməlin - Cümhuriyyətin bayramıdır.
Cümhuriyyət Türkiyəsi "mövcudiyyət və istiqbalın yeganə təməlidir”.
Bu təməl köhnə türk əzəmətinin yeni bir rəmzidir.
Bu gün təsis etdiyimiz bu böyük əsər haqqında tarix hökmünü verərkən, bunun nə ağır bir şərait içində və ən fırtınalı bir dövrdə qurulduğunu əlbəttə hesaba alacaqdır.
(Davamı gələn sayımızda)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb