Məlahət Mürşüdlü: “Şagird olimpiadada kimya fənnindən birinci yeri tutubsa, Tibb Universitetinə imtahansız qəbul edilməlidir ? Bəs, həmin şagird digər 2 fənn üzrə biliyini nə zaman nümayiş etdirəcək? ! ”
Xəbər verdiyimiz kimi, fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Qaliblər isə "Təhsil haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcək.
Mövzu ilə əlaqədar Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayevfənn olimpiadalarının nəticəsinin bəzi statistikalarını açıqlayıb:
"Ümumilikdə, 274 qalibin 177-i paytaxt, 127-si isə bölgə məktəblərinin üzərinə düşür. Bakı məktəblilərindən başqa Sumqayıt, Oğuz, Bərdə, Gəncə, Cəlilabad, Ağcabədi və başqa bölgələrdə qızıl, gümüş və bürünc medal qazanan şagirdlərin olması bizi sevindirir və əlavə stimul verir”.
F.Qarayev əlavə edib ki, kənd məktəblərindən də qızıl, gümüş, bürünc medal qazanan şagirdlər var.
Yeni dəyişikliklərlə bağlı "Sherg.az”a danışan Azad Müəllimlər Birliyinin sədri, təhsil mütəxəssisi Məlahət Mürşüdlü olimpiyada qaliblərinin universitetlərə imtahansız qəbul edilməsinin tərəfdarı olmadığını dedi.
Ekpsert qanuna edilən dəyişiklikdə ancaq beynəxalq olimpiadalarda müvəffəqiyyət qazanmış qaliblərin imtahandan azad edilməsinin lazımlı olduğunu düşünür:
"Amma Respublika səviyyəli qaliblər olimpiadada orta məktəbdə aldığı biliyi nümayiş etdirirlər. Beynəxalq olimpiadaların isə xüsusi hazırlıq mərhələsi var. Bu mərhələdə iştirak edən şagirdlərin əlavə bilgilər almaq və müəyyən müəllimlər tərəfindən hazırlanmaq baxımından nə qədər hazırlıq keçməsinin şahidiyəm.
Lakin orta məktəbdə şagird fənn üzrə aldığı biliyi olimpiadada nümayiş etdirir. Belə çıxır ki, şagird kimya fənnindən birinci yeri tutubsa, Tibb Universitetinə imtahansız qəbul edilməlidir. Bəs, həmin şagird digər 2 fənn üzrə biliyini nə zaman nümayiş etdirəcək? Ona görə də Respublika səviyyəli olimpiada qaliblərinin universitetlərə imtahansız qəbul edilməsinin əleyhinə idim.
Əlbəttə, qanun qəbul edilibsə, deyiləcək başqa sözümüz yoxdur. Digər tərəfdən isə artıq olimpiadalarda birinci yeri qazanmaq uğrunda savaş başlanmasına əsas yaranıb. Burada neqativ hallarla müşahidə olunan tendensiyanın artmasından çəkinirəm.
Çünki sovet dönəmində bunun şahidi olmuşuq. O dönəmdə qızıl medalı almaq uğrunda gedən mübarizə və məktəblərdə neqativ halların baş alması çoxalırdı. Fənn olimpialarında iştirak edən şagirdlərin biliyinin qiymətləndirilməsində həmin neqativ halların mövcud olacağını düşünürəm. Bu da təhsilimizdə olan qiymətləndirmədə problemlərinin daha da artmasına səbəb olacaq”.
Yeganə Bayramova