AMİP-lə, KXCP müstəqillik gününə hazırlaşır, Müsavat isə gündəmi izləyir
Azərbaycanda müxalifətin siyasi passivliyi artıq bu düşərgədə böhranlı vəziyyətin yarandığını göstərir. Bu mənada Azərbaycandakı müxalif qurumların sıraları getdikcə seyrəlir, sosial bazaları zəifləyir. Müxalif düşərgədə siyasi durğunluq o həddə çatıb ki, az qalsın adi tədbirlər belə keçirməyə gücləri çatmır.
Təşkilatlar arasında hansı işlərlə məşğul olmalarına dair sorğumuz da bunu deməyə əsas verir.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu qeyd edib ki, partiyalarının birinci vəzifəsi ölkədəki ictimai-siyasi vəziyyəti nəzarətdə saxlamaqdır: "Bundan başqa yeni strukturlarda işləri mütəmadi davam etdiririk. Partiyaya yeni üzvlərin qəbul olunmasına çalışırıq. Eyni zamanda partiyanın mətbuatda işıqlanmasını təmin edirik. Bizim partiya üçün gündəlik iş planı var. Buna uyğun işlər görülür. Eyni zamanda yaxın müddətdə partiyamız müstəqilliklə bağlı böyük tədbir keçirəcək. Bu tədbirdə üzərimizə çox böyük yük düşür. Bunun üzərində işlənilir. Yaxın günlərdə partiyanın müvafiq qurumlarının iclası çağrılacaq. Bütün çətinliklərə baxmayaraq partiya fəaliyyətini davam etdirir”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bəyan edib ki, yaxın günlərdə partiya ali məclisinin sessiyası baş tutacaq: "Oktyabrın 17-də müstəqilliyimizlə bağlı tədbir keçirəcəyik. 18-də isə yenə də müstəqillik aktının qəbul olunmasının 25-ci ildönümü ilə bağlı toplantılarımız olacaq. İctimai-siyasi fəaliyyətimiz bütün ictimai-siyasi vəziyyətə uyğun olaraq davam etdirilir”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da illik fəaliyyət proqramlarının olduğunu söyləyib: "Biz də həmin fəaliyyət proqramına uyğun olaraq işlərimizi
görürük. Amma bu il referendum keçirildi. Biz də proqramımızdan kənara çıxıb referendumla məşğul olmağa başladıq. İndi də siyasi arenada nə olacaqsa biz də o istiqamətdə fəaliyyət göstərəcəyik”.
Ayyət Əhməd