Vaşadze birinci turda başqa namizədə verilmiş səsləri öz tərəfinə çəkə bilsə, qalib gələcək
Bazar günü Gürcüstanda prezident seçkisinin ilk turu baş tutdu. Seçkidə hökumətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili müxalifətin namizədi Qriqol Vaşadzeni cəmi 9 faiz səslə üstələməyi bacardı. Nəticədə seçki ikinci tura qaldı. Seçkinin birinci turunda qələbə qazana bilməyən namizədlər ikinci tura ciddi hazırlıq görürlər. Prezidentliyə müstəqil namizəd, hakim "Gürcü Arzusu” partiyasının da dəstəklədiyi Salome Zurabişvili ikinci tura tam hazır olduğunu bəyan edir. Namizədliyini geri götürməyi düşünmədiyini vurğulayan xanım siyasətçi sona qədər mübarizə aparacağını deyib. "Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze də ikinci tura hazırlaşdığını bəyan edib.
Seçkinin birinci turunda 10 faiz səs toplamış prezidentliyə namizəd David Bakradze isə müxalifəti birləşdirmək ideyasını ortaya qoyub: "Əsas məqsədimiz ikinci turda müxalifətin bütün səslərini bir yerə toplamaq, həmçinin ətrafımıza əlavə seçicilər cəlb etməklə səs çoxluğu qazanmaqdır”. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə bildirib ki, prezident seçkisindən sonra "Gürcü Arzusu” xalqın iradəsinə hansısa müqavimət göstərəcəyi təqdirdə hər şeyi itirəcək. Saakaşvili müsahibə zamanı həmçinin azərbaycanlıların yaşadığı bölgələrdə müxalifətin qələbə qazanmasına da aydınlıq gətirib: "Tarixdə ilk dəfədir ki, etnik azərbaycanlıların olduğu regionlarda əhali hökumətə yox, müxalifətə səs verib. Bu, bir tərəfdən hökumətin tam uğursuzluğunun nəticəsidir, digər tərəfdən isə bizim azərbaycanlı vətəndaşlarımızın cəsarətidir”.
Qonşu ölkədə cərəyan edən prosesləri "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu da bildirib ki, Gürcüstanda keçirilən seçkilərdə sonuncu dəfə xalq prezidenti birbaşa səsvermə yolu ilə seçir. Ölkə konstitusiyasına əsasən beşinci prezident vəzifəsi təmsilçilikdir. Yəni real hakimiyyət baş nazir Mamuka Baxtadzeyə məxsusdur:
"Lakin 2020-ci ildə ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərin yekunlarına əsasən icra hakimiyyəti müəyyən ediləcək. Ardıcıl olaraq, 2018-ci il seçkiləri iki il sonra mümkün daxili siyasi trendi göstərir. Əslən azərbaycanlı olan Gürcüstan vətəndaşlarının səslərinin həlledici olması amili çox maraqlıdır. Bu səslər Mixail Saakaşvilnin partiyasının, sonda isə onun özünün hakimiyyətə qayıtmasında həlledici rol oynaya bilər. Azərbaycanlılar faktoru Tiflisdə də diqqətlə izlənilir. Azərbaycan investisiyaları Gürcüstan iqtisadyyatına mühüm töhfə verir. Seçkinin yekunları göstərdi ki, əsasən ölkə vətəndaşları iki siyasi qüvvə - hakim "Gürcü Arzusu”nun namizədi Salome Zurabişvili və müxalifyönlü Qriqol Vaşadze arasında seçim aparıblar. Məlumata görə, seçkinin ikinci turu təxminən dekabrın 2-də keçiriləcək”.
Analitik bildirib ki, əgər Vaşadze birinci turda başqa namizədə verilmiş səsləri öz tərəfinə çəkə bilsə, qalib gələcək:
"Azərbaycanlıların yaşadıqları rayonlarda effektiv təşviqat apararsa, daha böyük uğur qazana bilər. Nəzərə almaq lazımdır ki, birinci turda əksər azərbaycanlılar Vaşadzeyə səs verib. Məlum olub ki, Vaşadzenin uğurunu onun rəqibi, Gürcüstan erməniləri ilə görüşündə anti-türk bəyanatı səsləndirən Zurabişvili təmin edib. O, ehtiyatsız bəyanatları ilə, öz rəqibini Türkiyənin tərəfdarı adlandırmaqla özünü azərbaycanlıların əleyhdarları sırasına aid edib.
Azərbaycanlılar Salomeyə onun rəqibi Qriqol Vaşadzeyə səs verməklə cavab veriblər. Əgər Vaşadze azərbaycanlılarla əlavə görüşlər keçirərsə, rəqibin anti-türk təşviqatını bilməyənlərin diqqətinə çatdırarsa, ikinci turda azərbaycanlıların yaşadığı rayonlarda əhali Saakaşvilinin tərəfdarına birinci turda olduğundan daha çox səs verər. Bütün bunlar Mixail Saakaşvilinin qayıdışına yol açan amillərdir”.
İsmayıl