Naşı sürücülər meydan sulayır

Bayram günlərində yol-nəqliyyat qəzalarının artmasının əsas səbəbi budur



Yol-nəqliyyat qəzaları Ramazan bayramı tətilində azalmadı, əksinə, 5 günlük statistikaya nəzər saldıqda, qəzaların artdığını görmək mümkündür.

5 gün davam edən istirahət günlərində baş vermiş yol qəzalarında 7 nəfər vəfat edib, 71 nəfər yaralanıb. Lent.az-ın xəbərində bildirilir ki, iyunun 15-19-da ölkə yollarında ümumilikdə 56 yol-nəqliyyat hadisəsi baş verib. İstirahət günlərinin yol qəzası statistikası belə olub:

15 iyun: 11 qəza, 1 ölü, 14 yaralı
16 iyun: 20 qəza, 1 ölü, 26 yaralı
17 iyun: 10 qəza, 2 ölü, 13 yaralı
18 iyun: 7 qəza, 3 ölü, 7 yaralı
19 iyun: 8 qəza, 11 yaralı

5 gün ərzində baş vermiş yol-nəqliyyat qəzalarında 7 nəfərin ölümü, 71 nəfərin yaralanması kifayət qədər ciddi məsələdir. İstirahət, tətil günlərində adi iş günlərinə nisbətən yol qəzalarının artması nəylə bağlıdır? İstirahət etmək, şəhər kənarına, bölgələrə səyahət etmək hər kəsin təbii haqqıdır. Amma gərək ehtiyatı də əldən verməyəsən.
"Digesta” Hüquq firmasının rəhbəri Ərşad Hüseynov bayram, istirahət və tətil günlərində yol-nəqliyyat hadisələrinin sayının artmasının bir neçə amillə bağlı olduğunu bildirir:
- Burada həm sürücünün naşılığı, yol-nəqliyyat qaydalarını bilməməsi, tələskənlik, səbirsizlik, hövsələsizlik, avtomobil vasitəsinin texniki nasazlığı, sürücü məsuliyyətsizliyi, hər şey əhəmiyyət daşıyır. Yola çıxan kəs ilk növbədə avtomobilin texniki cəhətdən saz vəziyyətdə olub-olmamasına diqqət etməlidir. Bəzən görürsən ki, avtomobilin hansısa hissəsi xarab olub, yolçu yarı yolda qalıb. Sürücü yola çıxmağa hazırlaşarkən avtomobilin texniki cəhətdən saz vəziyyətdə olub-olmadığını bilməlidir, nasazlıq varsa, onu aradan qaldırdıqdan sonra yola çıxmalıdır. Avtomobilin sükanı heç bir halda naşı sürücüyə həvalə edilməməlidir. Yol-hərəkəti qaydalarını bilmək mütləq vacibdir.
Nə qədər qəzalar məhz yol hərəkəti qaydalarının pozulması səbəbindən baş verir. Sürücülər yolda ötmə qaydalarını pozurlar, qarşıdan gələn avtomobilin sürətini düzgün təyin edə bilmirlər. Tələsik qarşıdakı maşını ötüb keçməyə çalışırlar, yoldakı hərəkət zolaqlarına diqqət etmirlər, istiqaməti düzgün təyin etmirlər. Burada gecə saatlarında, yorğun halda yola çıxmaq, avtomobil idarə etmək də bir səbəbdir. Bayram günlərində bol istirahət edib, iş günü yaxınlaşdıqda tələsik yola çıxırlar. Gecə avtomobil idarə etmək çox çətindir. Bunu təcrübəli sürücülər bacarır. Bundan əlavə bəzi magistral yolların standartlara uyğun olmaması, yollarda aparılan təmir işləri səbəbindən avtomobil vasitəsini idarə etməkdə sürücülərin çətinlik çəkməsi də qəzaların yaranmasının bir səbəbi ola bilir.

Yollarda xüsusi vasitələrin quraşdırılması da yol hərəkəti təhlükəsizliyinin təmini baxımından vacibdir. İstər radarlar olsun, istərsə də sürət həddinin dəyişməsi, bütün bunlarla bağlı əvvəlcədən xəbərdarlıqedici işarələr qoyulmalıdır ki, sürücü qarşıda onu nəyin gözlədiyini bilsin. Radarlar, digər xüsusi vasitələr də yolun ən təhlükəli hissəsinə, sürücülərin yol hərəkəti qaydalarını daha çox poza biləcəyi yerlərə qoyulmalıdır. Radarların çox olmasında bir qəbahət görmürəm. 

Əksinə, Allah eləməmiş, bir qəza olsa, qəzanın səbəblərinin araşdırılmasında radarlar köməyə gəlir. Çünki radar sistemi yoldakı vəziyyəti yaddaşa yazır. Yolun kənarında, yaxud ortasında vəziyyət necə olub, avtomobil hansı halda toqquşub və sair. Bütün dünyada müasir təhlükəsizlik sistemlərindən, təhlükəsizliyin təminatına yönəlmiş texniki vasitələrdən istifadə edilir. Bizdə də belədir. İstənilən halda yola çıxan hər bir sürücü diqqətli olmalıdır. Radar oldu, olmadı, sürət həddi aşağı salındı, salınmadı, təhlükəsizlik ilk növbədə sürücüdən asılıdır. 

Sürücü naşı olmamalı, sükan arxasında fikrini yoldan yayındıracaq işlərlə məşğul olmamalıdır. Belədə qəzalarımız da az olar, itkilərimiz də.

Bir çoxları belə düşünür ki, gündüz saatlarında magistral yollarda sıxlıq olur, axşam yola çıxsalar yaxşıdı. Amma gecə saatlarında avtomobil idarə etməyin qaydalarını heç də bütün sürücülər bilmir. Gecə qəzaları da çox zaman sürücülərin bu qaydaları bilməməsi və qaydalara riayət etməməsi səbəbindən baş verir. Sürücü var ki, özünə necə xoşdursa, elə davranır. Yoldakı digər sürücünü, qarşıdan, arxadan gələni düşünmür. Sürücü var ki, təcrübəsizdi, işıqların göz qamaşdırması nəticəsində yaranan gərginlikdə vəziyyətdən çıxa bilmir.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli isə bayram günlərində yol-nəqliyyat qəzalarının artmasının əsas səbəbini sükanın naşı sürücülərə həvalə edilməsində görür:

- Pis bir ənənə formalaşıb ki, bayramdı, maşını verək "uşaq” sürsün. Uşaq dedikləri də, orta məktəbi bitirmiş gəncdi, yaxud təcrübəsiz oğuldu. Bəzən insanlarımız yanlış olaraq belə düşünür ki, şəhər kənarında yollar boşdur, "uşaq” maşın sürsün, təcrübə qazansın. Bəzən məhz belə "təcrübə” dərsləri qəzaların baş verməsini qaçılmaz edir. Çünki təcrübəsiz sürücü ilk maneədəcə özünü itirməklə, idarəetməni də itirir. Mən bayram günlərində, xüsusilə də Ramazan bayramı günlərində baş vermiş qəzaların səbəbini içkili sürücülərdə axtarmaq istəməzdim. Azərbaycan insanının inancı möhkəmdir və ənənələri pozmurlar. İnanmıram ki, Ramazan bayramı günlərində kimsə içkili halda sükan arxasına keçsin. Bayram günlərində şəhər kənarındakı istirahət mərkəzlərinə səfərlər çoxalır. İnsanlar şəhərin səs-küyü, sıxıntısından dincəlmək istəyirlər, şəxsi avtomobili olanlar da bir neçə günlük tətili fürsət bilib şəhər kənarına, bölgələrə səfərə çıxır. Təbii ki, belədə magistral yollarda hərəkətlilik artır, sıxlıq yaranır. Belə vəziyyətdə yalnız təcrübəli sürücülər avtomobili düzgün idarə edə bilir. Qəzaların əsas səbəbi fikrimcə, təcrübəsizlik, sükanın naşı əlinə verilməsi və yol-hərəkəti qaydalarını bilməməkdir.

Məlahət Rzayeva