Nazirlik vətəndaşların haqlı olduğunu təsdiqlədi

"Bələdiyyələrin kupçası olmayan fərdi evlərin sakinlərindən vergi tələb etməsi qanunsuz haldır"



Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi ("kupça”) olmayan fərdi evlərin sakinlərinə müraciət edərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər. Vətəndaşlara bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyyə bildirişlərində hətta bu da xüsusi qeyd edilir ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək.

Bununla da bələdiyyələr vətəndaşları həmin vergilərin onlar tərəfindən qanunauyğun şəkildə toplanıldığına inandırmaq istəyirlər. Lakin məlum olub ki, bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil.

Məsələ ilə bağlı Vergilər Nazirliyi xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərə görə əmlak və torpaq vergisinin toplanılmasının düzgün olub-olmadığına aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır.

Mülkiyyət sahibi olmayan şəxslərdən əmlak və torpaq vergisinin tələb edilməsinin yanlış hal olduğunu deyən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də "Şərq”ə bildirib ki, yalnız mülkiyyət sahibindən vergi almaq olar: 

"Əgər evlərin "kupçası” yoxdursa, deməli, əmlak üzərində mülkiyət sahibliyi mövcud deyil. Düzdür, faktiki olaraq sahiblik var. Amma əmlak vergisi mülkiyyət sahibindən alınmalıdır. Ona görə də, bələdiyyələrin kupçası olmayan fərdi evlərin sakinlərindən vergi tələb etməsi qanunsuz haldır. Belə bir məqam var ki, əgər sənin evin varsa və rəsmi olaraq mülkiyyət sahibisənsə, mütləq vergi ödəməlisən. Bir qayda olaraq bu məsələ qanunvericilikdə əks olunub. Ona görə də bələdiyyələrin tələbi yersizdir. Hətta Vergilər Nazirliyi məsələ ilə bağlı dəqiq ifadə edib”.

Yeganə Bayramova