"Nə yaxşı ki, Allah Ermənistana neft-qaz resursları verməyib" - DEPUTAT




Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında Serj Sarkisyanın funksiyası sadəcə kollektiv fotoda yer almaqdan ibarətdir.


BunuSherg.az-a Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya səfərindən gözləntilərini danışarkən millət vəkili Zahid Oruc deyib. 

Deputat bildirib ki, Ermənistanın daha böyük coğrafi ərazini əhatə edəcək ölçüdə xarici siyasət yürütməsi mümkün deyil: 

"ATƏT-in yaxud Avropa Birliyinin çərçivəsində Ermənistanla yaxın əlaqələri özündə ehtiva edən mühüm strateji, yaxud transmilli əlaqələri yoxdur. Ona görə ki, o, resurs dövləti deyil. Nə yaxşı ki, allah Ermənistana neft-qaz resurslarını verməyib. Digər tərəfdən Ermənistan özünü regional qovşaqdan kənarlaşdırıb. 

Hər kəs İran və Rusiya əlaqələrində Azərbaycanın təşəbbüskar rolunu qabardır. İşğal səbəbindən Ermənistan özünü də region dövlətlərini də bir çox layihələrdən məhrum edib. Digər tərəfdən, yeganə yol Avrasiya İqtisadi Birliyinin tədbirlərinə qatılmaq, KTMT-nın toplantılarında, yaxud digər xırda layihələrdə iştirak etmək onların nail ola biləcəyi ən yüksək nailiyyətdir. Aprel döyüşləri sübut etdi ki, bu formatda da İrəvan istəklərinə nail ola bilmir. 

Təşkilatın toplantılarında Belarus prezidenti açıq şəkildə tədbiri protest etdi, həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev də kəskin iradlarını ortaya qoydu. Bundan öncə də Ermənistanın üzvlük məsələsi müzakirə olunduqda da S. Sarkisyan sərt siyasi şilləni öz üzərində görmüşdü. Ona görə də, bu toplantılarda əsasən Suriya ilə bağlı məsələlər üstünlük təşkil edəcək. Dünən Rusiyada baş verən təyyarə qəzasının detalları, terror izi olub - olmamağı da müzakirə oluna bilər. 

Bu regional təşkilatların əsas hədəfi hazırkı geosiyasi proseslərin müzakirə obyektinə çevrilməsidir. Regionda söz sahibi olan böyük dövlətləri nəzərə alsaq, Ermənistan burada kiçik detal belə deyil və S. Sarkisyanın bu səfəri sadəcə formal xarakterli olacaq. Hazırki geosiyasi proseslərdə Ermənistan heç bir rol oynaya bilmir”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya işgüzar səfər edib. O, səfər çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının sessiyasında və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edəcək.

Aysel Aslan