Neftin bahalaşmasının İrandakı hadisələrlə bağlılığı yoxdur

Qiymət artımında, sadəcə bir faktor əsas rol oynayıb






"Brent” markalı neftin qiyməti 1 barelə görə 68 dollara çatıb. Xarici KİV-lərə istinadən verilən məlumata əsasən, neftin qiyməti 2,1 faiz artıb və 68,01 dollara bərabərdir. Bəzi ekspertlər neftin bahalaşmasını İranda baş verən aksiyalarla əlaqələndirir.

İqtisadçı-ekspert Fuad İbrahimov isə "Şərq”ə açıqlamasında deyib ki, neftin qiymətinin bahalaşmasının İranda baş verən hadisələrlə nəzəri baxımdan bir bağlılığı ola bilər, amma real artımı şərtləndirən başlıca amil fərqlidir: 

"İranın dünya bazarına birbaşa çıxışı olmadığı üçün bu gün baş verən proseslərin neftin qiymətinə təsiri inandırıcı görünmür”.

İqtisadçının sözlərinə görə, neftin bahalaşması qiymət əmələgəlmə prosesi ilə bağlıdır. Elektron ticarət platformalarında həcm indikatorlarının dəyişməsi qiymətlərin artması ilə nəticələnib. Yəni neftin bahalaşmasına səbəb ticarət təkliflərinin yaratdığı şəraitdir”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da hesab edir ki, neftin bahalaşmasının İranda baş verən qarışıqlıqla heç bir bağlantısı yoxdur: 

"İrandakı aksiyalar siyasi amillərlə bağlıdır. Neftə yönəlik heç bir hərəkətlilik yoxdur. Nə neft mədənlərində tətil var, nə də neftin ixracı, istehsalı ilə bağlı bir çətinlik var. Fikir verirsinizsə, mitinqlər ancaq ölkənin mərkəzində baş verir. İranın neft yataqları isə körfəz sahilindədir və ayın 28-dən bu günə qədər İranda neft hasilatının azalması ilə bağlı heç bir məlumat yayılmayıb.

Neftin bahalaşmasını İrandakı hadisələrlə əlaqələndirən "Reuters” agentliyinin də siyasi maraqlar üçün belə bir addım atdığını düşünürəm. Reallıqla heç bir əlaqəsi yoxdur”.

İ.Şabanın dediyinə görə, neftin bahalaşmasında, sadəcə bir faktor əsas rol oynayır: 

"Amerika Neft İnstitutu dünən açıqlama verib ki, ABŞ-da həftəlik neft ehtiyatları 5 milyon barel azalıb. Birjalar da bu məlumata reaksiya verib deyə neft bahalaşıb, vəssalam! Başqa bir səbəb yoxdur”.

Şəymən