"Neftin qiyməti büdcədə nəzərdə tutulandan 30 dollar çoxdur" - Gəlirlər artır

"Asiya İnkişaf Bankı (AİB) kimi etibarlı qurumun Azərbaycanda növbəti illərdə iqtisadi artım proqnozlaşdırması müsbət haldır”.
Bunu "Sherg.az”a AİB-in 2018-2019-cu illərdə Azərbaycan üçün səsləndirdiyi proqnozlara münasibət bildirərkən iqtisadçı -ekspert Vüqar Bayramov deyib. 
Onun sözlərinə görə, ölkə iqtisadiyyatında artım göstəriciləri tək daxildə deyil, beynəlxalq təşkilatlarda da Azərbaycan haqqında müsbət proqnozların hazırlanmasına imkan yaradır:
"AİB ilə yanaşı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər təşkilatlar Azərbaycanda iqtisadi artım tempinin davam edəcəyini proqnozlaşdırırlar. Neftin bazar qiymətləri və qeyri-neft sektorunun mövcud durumu gələcək illərdə artım proqnozları üçün müsbət stimuldur. Neftin bazar qiyməti hər barel üçün büdcədə nəzərdə tutulandan təxminən 30 dollar çoxdur. Bu isə büdcə gəlirlərinin artmasına şərait yaradır”.
İqtisadçı 2018-ci ilin sentyabr ayında istifadəyə veriləcək TANAP və 2019-da hazırlanacaq TAP layihələrini xatırladıb:
"Nəticə etibarı ilə mövcud layihələrə verilən dəyəri, götürülən gəliri və iqtisadiyyatda irəliləyişləri müqayisə etsək, proqnozların reallığı əks etdirdiyini söyləyə bilərik. Güman ki, Azərbaycan 2018-ci il də daxil olmaqla növbəti illərdə iqtisadi artım tempini qoruyub saxlayacaq. Xüsusilə, 2019-cu ildən sonra daha sürətli iqtisadi artım müşahidə edə bilərik”.
Qeyd edək ki, "Asiya İnkişaf Bankının (AİB) "Asiya İnkişaf Proqnozu 2018” adlı hesabatına görə, 2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,7%-ə, 2019-cu ildə isə 2%-ə yüksələcək.
Aysel Aslan