"Neftin qiyməti siyasi məsələlərdən ciddi şəkildə asılıdır” - Deputat





"Neftin qiymətinin artması ölkəmiz və digər neft ixrac edən ölkələr üçün əsas amildir”.

Bu barədə "Sherg.az”a dünya bazarlarında Azərbaycan neftinin bahalaşması barədə danışarkən iqtisadçı-millət vəkili Vahid Əhmədov bildirib. 

Onun sözlərinə görə, neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərinə də müsbət təsir edəcək:

"Amma bu artım dünyadakı siyasi, iqtisadi proseslərlə əlaqədardır. Xüsusilə, İranda baş verən etirazlar, bu ətrafda baş verən hadisələr neftin qiymətinə təsirini göstərdi.

Amerika prezidenti Donald Tramp neftdən əldə edilən mənfəət vergisini kəskin azaltdı. Bu neft istehsalı ilə məşğul olan şirkətlər üçün müsbət şərait yaratdı. Güman ki, müəyyən müddətdən sonra artıq Amerika neftini xarici bazara çıxaracaq. Bu da neftin qiymətinə təsir edə bilər.

Azərbaycan da daxil olmaqla OPEK ölkələri neft hasilatını sabit saxlamaq haqqında razılığa gəliblər. İyul ayında bu məsələyə yenidən baxılacaq. Belə davam edərsə, neftin qiyməti də yüksək qalacaq. Bütün bunlara baxmayaraq, hər şey Amerikanın neftini dünya bazarlarına çıxarmasından asılıdır. Xeyli neft dünya bazarlarına çıxarıla bilər və qiymətlər kəskin enər.

Vurğulamalıyıq ki, neftin qiyməti siyasi məsələlərdən ciddi şəkildə asılıdır”.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti yenidən 70 dolları ötüb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,58 dollar və ya 0,83% artaraq 70,44 dollar təşkil edib.

Aysel Aslan