Nizami Cəfərov Siyavuş Novruzun sensasion müraciətini dəstəklədi :"...Doğru deyir"





"Məxsusi olaraq, gənclər arasında dövlətçilik təfəkkürünün olmamasından əlavə, insanların şəxsi həyatına müdaxilə etməkdən zövq alan şizofreniya halında ictimai şüursuzluq halı var”.

Bunu "Sherg.az”a YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sensassion müraciətindən danışarkən millət vəkili, akademik Nizami Cəfərov deyib. 

O diqqətə çatdırıb ki, belə mənfi olaylar dünyanın hər yerində mövcuddur:

"Amma bu vəziyyət yalnız seçkilərlə bağlı deyil. Adi hallarda da müəyyən qızışdırıcılıq xüsusiyyətləri meydana çıxır. Kimsə başqasından intiqam almağa çalışır. Bu zaman "təcrübəli” adamlar müxtəlif formalarda gənclərdən istifadə edir.

Dünya ölkələri, xalqlar arasında Azərbaycanı istəyən də var, istəməyən də. Azərbaycana necə qara yaxacaqlar? Deyə bilməzlər ki, ölkə inkişaf etmir, hər il təkamül görünmür, idarəçilik texnologiyaları təkmilləşmir. Bu iddialar əsassız alınır, ictimai məsələlərə, görülən işlərə münasibət bildirə bilmirlər. Əllərində fakt olmadığına görə, şəxsi həyatı təhqir etməyə çalışırlar. İnsan həyatı isə elə amildir ki, təhqir etmək, nə isə demək mümkündür.

Mənfi fikirlər təkcə hazırkı liderlər, siyasətçilər haqqında deyil, keçmiş liderlərə də şamil edilir. Son vaxtlar hətta şair, yazıçı və ya ədiblərə qarşı da "qara piar" kampaniyası aparılır. Siyavuş Norvuzov doğru deyir. Bununla mübarizə aparmaq lazımdır. Naqislər naqisliklərindən qalmır. Ya özləri, ya gənclərin əli ilə, ya da ki, özləri kimi "gənclər” yetişdirməklə pis niyyətlərini həyata keçirməyə çalışırlar. Səbirlə, təmkinlə sözümüzü deməliyik, izah etməliyik, həmin şəxslərlə görüş keçirib, fikrimizi bildirməliyik. Bu əslində xəstəliyə qarşı mübarizə kimidir. Xəstəlik fərdi qaydada gəlir və xəbərsiz yayılır. Naqislik çoxaldıqca mübarizə də güclənməlidir”.

Seçkilərlə bağlı aparılan qızışdırıcı davranışların namərdlik olduğunu deyən akademik vurğulayıb ki, bu, alçaqlığa bərabər mövqedir:

"Normal, ideoloji mübarizədə yeni təkliflər vermək, müxalif mövqe sərgiləmək, görülən işlərdə nəyisə tənqid etmək başqa məsələdir. Təhqir isə qeyri-insani bir şeydir.

Təklif edərdim ki, hüquq-mühafizə orqanları, hökumət təşkilatları, gənclər özü aktiv olsun. Həmin şəxslərin cavabını versinlər. Xaricdə hansısa qüvvələrin təsiri ilə "gənclik” adı altında uyğunsuz işlər görənlər sanki özlərini biabır edirlər, şəxsiyyətlərini alçaldırlar. Onların gördüyü iş özlərinə qarşı çevriləcək. Çünki Azərbaycanda ictimai şüur həddindən artıq mükəmməldir. Bir prosesdə müxtəlif alternativləri müqayisə edən düşüncə formalaşıb. 

Əvvəlki hərc-mərclik deyil ki, şüursuzluq sindromu mövcud olsun. Azərbaycanda siyasətlə əlaqəsi olmayan şəxslər də doğrunu yanlışdan ayıra bilirlər. Yenə də demokratik mətbuat bu hərəkətləri cavablandırmalıdır ki, naqislik cavabsız qalmasın.

Hər halda mən son hadisələrdən ciddi təhlükə görmürəm. Çünki qeyd etdiyim kimi, Azərbaycanda yüksək inkişaf, normal ictimai şüur formalaşıb. Azərbaycana, dövlət başçısına qarşı hər hansı təxribat cəhdlərinə cavab vermək imkanı da var. Bütün bu cəhdlər layiqli cavabını almalıdır".

Qeyd edək ki, S. Novruzov hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan müraciət səsləndirib. YAP təmsilçisi V.İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı məlumatların əsassız olduğunu vurğulayıb, özünün, dövlət başçısının və digər şəxslərin ünvanına səsləndirilən təhqirlərə cavab verib.

Ayyət Əhməd