“Nobel”i alan İşiquronu gənc yazarlarımız da tanımır

Aqşin Yenisey: “Hələlik susuram”Mirmehdi Ağaoğlu: “Adını eşitsəm də, nə yalan deyim, heç bir əsərini oxumamışam”
Ədəbiyyat nümayəndələri 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını dünya şöhrətli yapon yazıçısı Haruki Murakami və ya çex Milan Kunderanın alacağını arzulasa da, gözləntilər özünü doğrultmadı. Nobel bu il də sürpriz bir yazara; yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro verildi. Sözügedən şəxs Nobel tarixində mükafatı alan 3-cü yapon yazardır. O, Nobel mükafatına "böyük emosional güclə yazılmış romanlarında bizim dünya ilə əlaqəmizin illüzor hissiyyat altında yatmış dərinliklərini üzə çıxartdığına görə” layiq görülüb.
Görəsən, Azərbaycan yazarları 2017-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını Kazuo İşiquronun almasını nə dərəcədə ədalətli hesab edir?
Nəzərə alaq ki, "Nobel” mükafatı ilə bağlı fikirlər çoxdandır birmənalı deyil və xüsusən də son illər bu mükafatın siyasi rənglərə bulaşdığı daha tez-tez eşidilməyə başlayıb.
Yapon Nobelçi ilə bağlı yazarlarımızın fikirlərinə keçməzdən əvvəl qeyd edək ki, İşiquro builki Nobelin qalibi olduğunu eşidən zaman bir o qədər də ciddi qəbul etməyib.
...işim başımdan aşsa da, onlara görə bir neçə görüşümü təxirə sala bilərəm
Bu ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı İşiquro Nobel Komitəsindən ona zəng edilən zaman bunu "feyk xəbərlər” dövrünün ruhuna uyğun bir zarafat kimi başa düşüb. Bu barədə mətbuata açıqlama verən 2017-ci ilin Nobel mükafatı laureatı daha sonra İsveç Akademiyasının nümayəndəsinin nəzakətli münasibətinə də heyrətləndiyini bildirib: 
"Onlar məndən soruşdular ki, Stokholma gəlib mükafatın təqdimetmə mərasimində iştirak etmək üçün bir az boş zamanın olmaz? Mən də onlara cavab verdim ki, işim başımdan aşsa da, onlara görə bir neçə görüşümü təxirə sala bilərəm”.
Kazuo İşiquro etiraf edib ki, yazı üslubu və dünyagörüşünün formalaşmasında mənşəyinin əhəmiyyətli rolu var: "Mən yapon valideynlər tərəfindən tərbiyə almışam. Onlar isə yapon mədəniyyətinə böyük rəğbət bəsləyir və evdə də onu tətbiq edirdilər. Buna görə də mən böyüdükcə dünyaya həmyaşıdlarım kimi deyil, fərqli baxırdım”.
İsveç Akademiyasının rəhbəri Sara Danuis İşiquronu parlaq romançı və böyük söz ustadı hesab edib. Onun sözlərinə görə, İşiquronun üslubu Ceyn Ostinin realizmi ilə Frans Kafkanın absurd poetikasının heyrətamiz qarışığından yoğrulub.
Onun əsərləri dünyanın 30 dilinə çevrilib
Qeyd edək ki, Kazuo İşiquro Yaponiyanın Naqasaki şəhərində, okeanoqraf ailəsində doğulub. 1960-cı ildə İşiquronun ailəsi İngiltərənin Qilford şəhərinə emiqrasiya edib. Burada Kazuonun atası Milli Okeanoqrafiya İnstitutunda işləyib. Kazuo burada Surrey qrammatika gimnaziyasında oxuyub. Məktəbi bitirdikdən sonra o, bir illik akademik məzuniyyət götürüb ABŞ və Kanadaya səyahətə çıxıb. O, musiqiçi olmağı arzulasa da, bu sahədə uğur qazana bilməyib. 1974-cü ildə Kazuo Kent Universitetinə daxil olub. 1978-ci ildə ingilis dili və ədəbiyyatı üzrə bakalavr təhsilindən sonra 1982-ci ildə İşiquro Britaniya vətəndaşlığı alıb.
Kazuonun ədəbi fəaliyyəti 1981-ci ildə çap etdirdiyi 3 hekayə ilə başlayıb. 1983-cü ildə ilk romanından sonra "Ən yaxşı britaniyalı gənc yazıçı” nominasiyasında mükafatlandırılıb. Eyni mükafatı 1993-cü ildə qazanıb. İkinci romanı "Qarışıq dünyanın sənətçisi” Böyük Britaniyada ilin kitabı olub. Roman Matsui adlı rəssamın hərbçi keçmişindən bəhs olunur və yaponların İkinci Dünya müharibəsinə münasibəti araşdırılıb.
İşiquronun üçüncü romanı "Günün qalanı” 1989-cu ildə nəşr edilib. İngilis zadəganının həyatından bəhs edir. Bu monoloq-xatirələrin fonunda ənənələrin öləziməsi, dünya müharibəsinin yaxınlaşması, faşizmin yüksəlişi təqdim olunur. Roman Buker mükafatına təqdim olunub. Münsiflər yekdilliklə romana səs verib. Tənqidçilər onu ingiliscə yazan bir əcnəbi kimi Cozef Konrad və Vladimir Nabokovla müqayisə ediblər. "Günün qalığı” romanına Entoni Hopkins və Emma Tompsonun baş roldakı iştirakı ilə film çəkilib.
1995-ci ildə üslubca daha mürəkkəb romanı "Təsəllisizlər” dərc olunur. Əvvəlki romanlarda hadisələr bəlli keçmişdə baş verirdisə, bu romanda hadisələr adı bəlli olmayan mərkəzi Avropa ölkəsində və bu günlərdə baş verib. 2000-ci ildə yazdığı "Biz yetim olanda” romanısa Şanxayda, XX əsrin ilk yarısında baş verir. Burada İşiquro keçmişə qapılmaq kimi sevimli üsuluna qayıdıb.
İşiquro televiziya üçün iki orijinal filmin müəllifidir. 2005-ci ildə yazdığı "Məni əsla tərk etmə” romanı əsasında film də çəkilib. Onun əsərləri dünyanın 30 dilinə çevrilib.
Xatırladaq ki, Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək.
Bob Dilan kimi bu da mənim üçün sürpriz oldu
Builki Ədəbiyyat üzrə Nobel mükafatının qalibi İşiquronun yaradıcılığını dəyərləndirən Şair Aqşin Yenisey nə Ankaranın kitab dükanlarında, nə də Bakıda hazırladıqları yapon ədəbiyyatı antologiyasında bu yazıçının adına rast gəlmədiyini deyib:
"Bob Dilan kimi bu da mənim üçün sürpriz oldu. Oxumadığım yazıçı haqqında danışmaq özü ədalətsiz olar deyib hələlik susuram. Amma onu da əlavə edim ki, son illər verilən ədəbiyyat üzrə Nobel mükafatları bir-birinin ardınca ədəbiyyatçıları məyus edir. Təki onlardan növbətisi olmasın”.
- Sizin favoritiniz kim idi bəs?
- On ildir Milan Kunderanın mükafatlandırılacağını gözləyirəm. Amma o, bəlkə də Qərbi Avropanı çox tənqid etdiyi üçün on ildir ovcunun içini yalayır.
İşiquro layiqli namizəd oldu
Yazar Mirmehdi Ağaoğlu da İşiquronun yaradıcılığına bələd olmadığını deyib:
"Kazuo İşiquronun adını eşitsəm də, nə yalan deyim, heç bir əsərini oxumamışam. Ancaq zövqünə inandığım dostlarımın dediyinə və mətbuatdan oxuduğum rəylərə əsaslanaraq deyə bilərəm ki, İşiquro layiqli namizəd oldu. Nobel Komitəsi Bob Dilanda və ya başqa namizədlərdə olduğu kimi təzadlı qərar vermədi. Ədəbiyyat dünyasında kifayət qədər tanınan, dünyanın otuzdan çox dilinə çevrilən müəllifi seçdi”.
Şəymən