“Nurayı bu şəkildə atasına vermək qəti düzgün deyil” - SOSİOLOQ




"Nurayı bu şəkildə atasına vermək qəti düzgün deyil”.

Bu sözləri Sherg. az-a Quba rayon məhkəməsində zorla atasına verilən Nuray Bayramzadənin məsələsi ilə bağlı danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib. 

O bildirib ki, sosial şəbəkələrdə və mətbuatda bu məsələyə kəskin münasibətin göstərilməməlidir:

"Feysbukda müzakirələr zamanı və ya ekspertlərin dəyərləndirməsində bir qrup ataya, digər bir qrup isə xalaya qarşı kəskin münasibət göstərir. Bir qədər mülayim yanaşılmalıdır.
Nəzərə alınmalıdır ki, bioloji da olsa, həmin şəxs Nurayın atasıdır. Atanı da anlamaq lazımdır. Lakin ata məhkəmədə övladını, qışqırda-qışqırda almamalıdır. 

Səlahiyyətlilər də bunu zorla etməməlidir. Çünki uşağın psixologiyasını pozmaq olmaz. Uşaq zamanla, yavaş-yavaş buna alışdırılmalıdır. Əvvəl uşaq ata ilə görüşməli, onu tanımalı və zaman keçirməlidir. Nuray deyir ki, atasını ilk dəfə məhkəmədə görüb. Atasını ilk dəfə məhkəmədə görən 10 yaşında körpənin zorla atasının himayəsinə verilməsi onu mənəvi işgəncəyə məruz qoymaq deməkdir. 

Söz yerinə çəkər, mənim buna uyğun iki sətirlik bir şeirim də var:

Yoxdur buna bir sorğu qan qohumluğundan
Qat-qat yaxındır, qəlb qohumluğu.

Nuray da körpədir və qəlbən xalasına bağlanıb, onu anası kimi sevib. Həmin ata və xala da düşmən deyil, qohumdurlar. Onlar elə münasibət qurmalıdır ki, mehribançılıq əlaqələri ilə həmin uşağın gələcək taleyini həll etmək mümkün olsun. Artıq uşaq atasını görüb, məhəbbət bəsləsə, onunla qalmağa razı olacaq. Qəti şəkildə deyirəm ki, 10 yaşında körpəyə qarşı o cür zor tətbiq edib, sürüyərək ataya vermək düzgün deyil. Bu vəziyyət psixoloji cəhətdən onun beynində elə zədələr yarada bilər ki, həmin travmadan çıxa bilməz. Məhkəmə səlahiyyətlilərinin və tərəflərin məsələyə yanaşması çox avam və nadan şəkildə olub”.

Qeyd edək ki, 11 noyabr 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjetlə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş işçi qrup Quba rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba rayonunda azyaşlı və onun qohumları ilə görüşüb.

Aysel Aslan