"...ola bilsin,Qarabağ müharibəsinin ikinci mərhələsi başlasın" - Polkovnik





"2016-cı il aprel hadisələrindən sonra Azərbaycan müxtəlif variantlarla düşmənə mesaj göndərməyə çalışır”.

Bunu "Sherg.az”a ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib. 

O bildirib ki, cəbhə bölgəsində təxribatların qarşısını almaqla, müxtəlif konfranslarda, tədbirlərdə düşmənin ünvanına mesajlar səsləndirməklə və ölkə başçısı səviyyəsində torpaqlarımızı erməni tapdağında qoymayacağımızı dəfələrlə vurğulayaraq, düşməni işğalçılıq niyyətindən əl çəkməyə çağırırıq:

"Azərbaycan ordusu silahlanıb və bu gün müasir silahlar alınmaqda davam edir. İyunun 26-da keçirilən Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi paradda da Silahlı Qüvvələrimizin gücü nümayiş olundu. Hərbi paraddan sonra planlı şəkildə 20 min nəfərlik şəxsi heyətlə böyük hərbi təlimlər başlandı. Bu ordunun döyüş hazırlığının bərqərar olunması, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu yüksəltmək, praktiki vərdişlərə yiyələnməsini təmin etmək üçün atılan addımdır.

Əks hücum və antiterror əməliyyatları ilə bağlı həyata keçirilən irimiqyaslı hərbi təlimlər torpaqlarımızın işğaldan azad edilməsi zamanı hərbi əməliyyatlardan uğurla çıxmağımıza xidmət edir. Qərargahlarda hərbi peşəkarlığın artırılması, müxtəlif əməliyyatların idarə olunması və döyüş tapşırığına uyğun olaraq tapşırıqların yerinə yetirilməsi məharəti yoxlanılır. 

Bu təlimlərin digər kiçik təlimlərlə müqayisədə Azərbaycan üçün əhəmiyyəti kifayət qədər böyükdür. Artıq beynəlxalq vəziyyət, Ermənistandakı qarışıq durum Azərbaycanın xeyrinə dəyişib. Ölkə başçısının dediyi kimi, ola bilsin, Qarabağ müharibəsinin ikinci mərhələsi başlasın. Bəlkə də bu, müharibənin ilkin addımlarıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək keçiriləcək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər artıq başlayıb. Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Aysel Aslan