Ölkəyə daxil olan yağların tərkibi sonradan dəyişdirilir - Dələduzluq

Yağların tərkibinə müxtəlif qatqı maddələri əlavə edilir, tərkibi dəyişdirilir. Və sonra bu yağlar “kərə yağı” adı altında satışa çıxarılır
Ərzaq məhsulları yalnız sərhəddə deyil, daxildə - pərakəndə satış nöqtələrində də yoxlanmalıdır

Dövlət Gömrük Komitəsi ölkəyə idxal edilən kərə yağlarının keyfiyyət göstəricilərinin aşağı olması ittihamlarına cavab verib. Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən "APA-Economics”ə verilən məlumata görə, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir.

"Ölkəyə idxal edilən bütün növ kərə yağları da ilk növbədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən gigiyenik sertifikat və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər yoxlanıldıqdan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Yalnız şübhə yarandığı təqdirdə maldan nümunə götürülərək müvafiq ekspertiza və laborator müayinələr aparılır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri qaydasında olmayan və ya daşınma, saxlanma və digər proseslər zamanı keyfiyyət göstəricilərində dəyişikliklər meydana gələn məhsulların idxalına qətiyyətlə icazə verilmir. Bu barədə dəfələrlə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi, müxtəlif media orqanları vasitəsilə, sahibkarlarla və media nümayəndələri ilə görüşlər zamanı ətraflı məlumat verilsə də, bəzi kütləvi informasiya vasitələrində hələ də ölkəmizin gömrük orqanlarının fəaliyyətini şübhə altına alan və həqiqəti əks etdirməyən məlumatlar yayılır”, - deyə məlumatda vurğulanıb.
Dövlət Gömrük Komitəsi bir daha bəyan edib ki, ölkə ərazisinə idxal edilən bütün mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə yalnız qanunvericiliyin tələblərinə əməl olunduğu təqdirdə icazə verilir.
Dövlət Gömrük Komitəsinin cavabı öz yerində. Amma heç kəsə sirr deyil ki, hazırda satışda olan kərə yağlarının keyfiyyət göstəriciləri həqiqətən də çox aşağıdır. Kərə yağı adı altında tərkibi naməlum yağlar satışdadır və əhali də sadəcə, çarəsizlikdən, imkansızlıqdan bu yağları alıb istehlak edir.
Dövlət Gömrük Komitəsi yağların keyfiyyətinə nəzarət edirsə, o zaman keyfiyyətsiz məhsullar satış nöqtələrinə necə yol tapır?
İqtisadçı Natiq Cəfərli "Şərq”ə bildirdi ki, Gömrük Komitəsinin açıqlamasında söhbət ölkəyə gətirilən yağlardan gedir. Amma sonra o yağlar üzərində hansı əməliyyatlar aparılır, bundan danışan yoxdur:
- Ölkəyə idxal edilən yağların keyfiyyət göstəriciləri standartlara uyğun ola bilər. Bunu inkar etmək doğru deyil. Məsələ, artıq ölkəyə gətirilmiş yağların, necə deyərlər, burda "başına” hansı oyunların açılmasındadı. Yağların tərkibinə müxtəlif qatqı maddələri əlavə edilir, tərkibi dəyişdirilir. Və sonra bu yağlar "kərə yağı” adı altında satışa çıxarılır. Burada isə heç bir nəzarət artıq yoxdur. Əvvəllər bu işi Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirirdi. Mərkəzin satış obyektlərində, istər topdan, istərsə də pərakəndə satış nöqtələrində yoxlama aparmaq hüququ vardı. Lakin Mərkəz artıq bu cür yoxlamalar aparmaq səlahiyyətində deyil. Və faktiki olaraq bu sahədə boşluq, nəzarətsizlik hökm sürür. Demirəm ki, Mərkəz səlahiyyətli olduğu vaxtlarda hər şey ideal idi. Amma heç olmasa, bilirdilər ki, kimsə gəlib yoxlaya bilər, qəfil ekspertiza aparılar. Bir az çəkinirdilər. GEM-nin bu səlahiyyətinə xitam verilməsi ilə işbazların əl-qolu tamam açıldı. Yeri gəlmişkən, deyim ki, GEM-nin yoxlama aparmaq səlahiyyətinin ləğv edilməsinə dair qərarın vaxtı artıq bitib. Düzgün qərar vermək şansı yaranıb. Keyfiyyətsiz yağlara gəlincə, əlbəttə, bu, insan sağlamlığı üçün zərərlidir. Ərzaq təhlükəsizliyini təhdid edir. Hesab edirəm ki, ölkəyə gətirilən ərzaq məhsulları yalnız sərhəddə deyil, daxildə - pərakəndə satış nöqtələrində də yoxlanmalıdır. Sərhəddə hər şey qaydasında ola bilər. Ölkə daxilinə keçid icazəsi alındıqdan sonra isə o yağların tərkibinin dəyişdirildiyi ehtimalı yüksəkdir.
N.Cəfərli qeyd etdi ki, ərzaq məhsullarının keyfiyyətinə ən güclü nəzarət vətəndaş nəzarəti olmalıdır:
- Avropada məhz belədir. Vətəndaş şübhələndiyi istənilən ərzaq məhsulunu, ümumiyyətlə, hər hansı istehlak malını müstəqil laboratoriyalarda yoxlatdıra bilir. Keyfiyyət göstəriciləri aşağı və ya məlum standarta uyğun olmadıqda istehsalçını və ya satışı həyata keçirəni məhkəməyə verib böyük miqdarda kompensasiya alır. Buna görə də sahibkarlar, istehsalçılar möhtəkirlikdən ehtiyat edir. Bizdə bu sahədə yetərli qanunlar olmadığı üçün sahibkarlar da, işbazlar da müxtəlif yollarla qazanc əldə etməkdən çəkinmirlər.
Məlahət Rzayeva