"Onlar erməni diasporunun əlində alətə çevriliblər" - Vüqar Rəhimzadə





"Cəmiyyətin maariflənməsində, düzgün istiqamətə yol almasında medianın rolu böyükdür”.

Bunu "Sherg.az”a Mətbuat Şurasının təşkilatçılığı ilə bu gün keçirilən "İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi" mövzusunda dəyirmi masanın əhəmiyyətindən danışarkən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib. 

O diqqətə çatdırıb ki, sözügedən tədbir medianın vahid platformadan çıxış etməsini bir daha ortaya qoydu:

"Tariximizə, dövlətimizə, dövlətçiliyimizə, iqtidar məmurlarına, çamur atanlara qarşı mövqeyimizi ortaya qoyduq. Hesab edirəm ki, hər bir vətəndaş bu fikrə dəstək verməlidir.

Azərbaycanı qəbul etməyən bu insanlar xaricdə özlərinə sığınacaq tapıblar. Onlar yalnız Azərbaycanı istəməyən erməni diasporunun əlində alət rolunu oynayırlar. Səsləndirilən təhqirlərlə tək dövlət məmurlarına, səlahiyyətli şəxslərə deyil, ümumilikdə dövlətçiliyimizə zərbə vurmaq niyyətindədirlər. Bir növ bu dövlətə qəsd edirlər. Bu baxımdan hər bir Azərbaycan vətəndaşı sözügedən təhqirlərə qarşı həmrəy olmalıdır.

"İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi" konfransında baş redaktorlar, media təmsilçiləri qətiyyətli mövqe ortaya qoydular: dövlətimizi və dövlətçiliyimizi qorumalı, hər zaman sabitliyin tərəfdarı olmalıyıq.

Etikadan kənar addım atan həmin şəxslərə qarşı qanun çərçivəsində, etik normalara uyğun mövqeyimizi ortaya qoymalı, onların əsl simasını üzə çıxarıb, ictimailəşdirməliyik”.

Aysel Aslan