Onlar özbaşına hərəkət etmirlər

Yaxın Şərqin terrorçulardan təmizlənməsi İŞİD-in bitməsi anlamına gəlmir



Uzun müddət İŞİD-in əlində olan, terrorçuların "paytaxt” elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib. Terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan "Directorate 4” İŞİD-çilərin Rakkanı tərk etməsini göstərən video-çarx yayımlayıb. Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olduğu bildirilir.

Son üç ayda Suriya və İraq ərazisinin böyük əksəriyyətinin terrorçulardan təmizləndiyi deyilir. Narahatlıq doğuran məqam odur ki, bölgədən sıxışdırılan terrorçular ələ keçirdikləri şəhərləri tərk edərək daha "münbit” ərazilərə, xüsusən Qafqaza, Mərkəzi Asiyaya və Avropa ölkələrinə qaçırlar. Bu arada Avropa Birliyi Terrorla Mübarizə Koordinatoru Gilles Kerçov Suriya və İraqda İŞİD sıralarında döyüşən 1500 nəfərin Avropa ölkələrinə qayıtdığını bildirib. Kerçov təhlükənin qarşısının alınması üçün Avropa sərhədlərinin qorunmasının vacibliyini vurğulayıb. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, Yaxın Şərqin terrorçulardan təmizlənməsi İŞİD-in bitməsi anlamına gəlmir. Çünki terrorçular dünya güclərinin əlində geosiyasi alətdir və onlar özbaşına hərəkət etmirlər: 

"İŞİD-i yaradan və himayə edən qüvvələr qruplaşmadan təzyiq məqsədi üçün istifadə edirlər. Maliyyə gücləri terror qruplaşmaları enerji daşıyıcıları çox olan ərazilərdə yerləşdirir və bunun da müqabilində milyardlar qazanırlar. Bir məqamı qeyd edim. İraq ordusu peşmərgə güclərinə qarşı hərbi əməliyyatlara başlayanda İŞİD-in arxasında duran güclər dərhal onu sahəyə sürdülər. Nəticədə Kərkük ətrafında iki kənd terrorçular tərəfindən işğal olundu. Bu faktın özü göstərdi ki, qruplaşma beynəlxalq güclər tərəfindən idarə olunur və istənilən ölkəyə qarşı istifadə edilir. Bu baxımdan sadəcə Rakka şəhərinin İŞİD tərəfindən tərk edilməsi bütövlükdə terrorun bitməsi demək deyil”. 

Ekspert bildirib ki, 1500-ə qədər terrorçunun Avropaya qayıtması İŞİD-çilərin müəyyən taktiki dəyişikliklərə getdiyini göstərir: "Terrorçular hakimiyyət boşluğu olan və enerji daşıyıcılarına sahib istənilən ölkələrə asanlıqla sızırlar. Yaxın Şərq və ətraf bölgələrdə İŞİD təhlükəsi yenidən xortlaya bilər. Qruplaşmanın birdəfəlik bitməsi onu yaradan və himayə edən xarici qüvvələrin əlindədir. Ancaq proseslər göstərir ki, terrorçular hələ də deaktiv edilməyiblər”.

İsmayıl