“Onlara siyasi tərbiyəni aşılaya bilmədik”

Məmməd Əlizadə: “Ona görə bir müddət sonra gənclərimiz pozuldular və tamamilə yoldan çıxdılar”




Ailə kiçik bir dövlət, dövlət isə böyük bir ailədir. Kiçik dövlətdə ailə başçısına tərbiyədən kənar söz söylənmədiyi kimi, böyük ailədə də dövlət başçısına hörmətdə qüsur edilməməlidir. Azərbaycan xalqı tarixən öz ailə və milli dəyərlərini, əxlaqi davranışlarını hər şeydən üstün tutub.

Bizi digər millətlərdən fərqləndirən amillər də məhz budur. O səbəbdən dəyərləri ayaqlar altına alan, dövlətinə dil uzadan şəxsiyyətlər milli kimlikləri iflasa uğramış şəxslər hesab olunurlar. Təəssüflər olsun ki, son aylar ərzində bu və ya digər yollarla Avropaya qaçmış bir qrup azərbaycanlı gənc sosial şəbəkələr üzərindən söyüş və təhqir kampaniyasına start veriblər. Həmin şəxslər ən çirkin formalarla Azərbaycan dövlətini və rəhbərliyini, o cümlədən xalqı aşağılayıcı tərzdə təhqir edirlər. Ən əsası isə odur ki, daim fürsət gözləyən erməni saytları anti-Azərbaycan şəbəkənin şər-böhtan kampaniyasını tirajlayırlar.

Arzuolunmaz proseslərlə bağlı "Şərq”ə danışan Milli Azadlıq Hərəkatının fəallarından, Demokratik Azərbaycan Dünyası Partiyasının qurucusu və sabiq sədri Məmməd Əlizadə deyib ki, cəmiyyətdə həddi-buluğa çatmış insanların böyük əksəriyyəti hələ də siyasiləşməyib, siyasi mədəniyyətə yiyələnməyib. Təcrübəli siyasətçinin sözlərinə görə, sırf bu səbəbdən indiki dövrdə hansısa radikal düşüncəli siyasi-ictimai təşkilat rəhbəri və ya gənc fəalla masa arxasında oturub normal müzakirə aparmaq mümkün deyil: 

"Qeyri-qanuni yollarla mübarizəyə üstünlük verən, vətəndaşlıq normalarına və etik qaydalara əməl etməyən, daim həddini aşan şəxslərlə dil tapmaq olduqca problemlidir. Əslində indi üzləşdiyimiz bu problemin çox ciddi səbəbləri var. Hesab edirəm ki, problemin kökü mən də daxil olmaqla Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmış, siyasi proseslərdə hər zaman öndə olmuş şəxslərin biganəliyindən, onların buraxdığı səhvlərdən qaynaqlanır. Təəssüflər olsun ki, cəmiyyəti normal şəkildə siyasiləşdirə bilmədik. 

Vətəndaş cəmiyyəti quruculuğunu düzgün aparmadıq. Zaman keçdikcə, bəzi şəxslər proseslərə öz əxlaqları və maraqları çərçivəsində münasibət bildirməyə başladılar. Onlara siyasi tərbiyəni aşılaya bilmədiyimiz üçün bir müddət sonra gənclərimiz pozuldular və tamamilə yoldan çıxdılar. Söyüşlə mübarizə aparmaq adiləşib. Çalışmalıydıq ki, siyasi fəaliyyətimizdə əxlaqi baxımdan gənclərə örnək olaq, təmiz və dürüst işləyək”. 

M.Əlizadə bildirib ki, əgər siyasi fəaliyyətimizi nöqsanlı görürüksə, tükəndiyini hiss ediriksə, o zaman əxlaqlı, savadlı, vətənpərvər gənclərə yol verməliyik:

"Təəssüflər olsun ki, zamanında bunu edə bilmədik, getdikcə gənclərin bizə etimadı, inamı azaldı. Qarşı tərəfdən aqressiv hücumlar edənlər bir müddət sonra bizi tamamilə inkar edəcəklər. Çünki əxlaq baxımından onlara yaxşı örnək olmağı bacarmamışıq. Fikrimcə, bu cür hərəkətlərin qarşısını almaq üçün ilk növbədə vətəndaş həmrəyliyinə nail olmaq lazımdır”.

İsmayıl