"Ordumuz növbəti uğurlu hərbi əməliyyatla düşməni pərən-pərən edəcək " - Ekspert əminlik ifadə etdi

"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli 
"Sherg.az"a açıqlamasında Azərbaycan ordusunun növbəti uğurlu hərbi əməliyyatla düşməni pərən-pərən edəcəyinə əmin olduğunu deyib.
"Onun qənaətincə, 2019-cu il də Azərbaycan tərəfi mümkün olan bütün variantlardan istifadə edib ərazi bütövlüyünü təmin etməlidir: 
"İndiki şərtlər altında isə buna ancaq savaşla nail ola bilərik. Artıq başqa yolumuz yoxdur. Danışıqlar dövrünün bitdiyi qənaətindəyəm. Müharibə zamanıdır. Ermənistan Rusiyanı arxasına alaraq Azərbaycanın hücumunu qeyri -hərbi yollarla dayandıra bildi. Əgər həmin vaxtı ordumuz əməliyyatları  davam etdirsəydi, münaqişənin həllində daha ciddi irəliləyiş əldə edərdik. 
Azərbaycan ordusu obyektiv və subyektiv səbəblərdən əməliyyatları dayandırmasa idi irəli gedib, rayonlarımızı bütöv şəkildə azad edə bilərdi. Bu zaman isə danışıqlar prosesində Azərbaycan birmənalı olaraq diqtə edən tərəf olardı”.
Qeyd edək ki, Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev aprel döyüşlərinin önəminə toxunub və bu əməliyyatların böyük hərbi qələbə kimi dəyərləndirib. Prezident deyib ki, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub: "O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik". 
Şəymən