Oxlar yaydan çıxıb

ABŞ-ın məqsədi İranı idarə olunan bir dövlət halına gətirməkdir
Ən pis halda isə Suriya və İraqdakı kimi dövlət sütunlarını sarsıtmaqdır


ABŞ və İran arasındakı gərginlik ciddiyyətini qorumaqdadır. Hər iki ölkənin rəhbərliyi biri-birini sərt dillə təhdid etməkdən çəkinmirlər. Paralel olaraq İran körfəzində də hərbi canlanma müşahidə olunmaqdadır. Ara-sıra Ağ Ev rəhbəri Donald Trampla İran rəhbərliyinin nisbətən "sülhpərvər” bəyanatlarına rast gəlinsə də, ümumən vəziyyət narahatedicidir. Artıq cəbhələşmə prosesi gedir və region ölkələri tərəflərini müəyyən edirlər. Ötən gün İraq hökuməti İranın yürütdüyü siyasəti qınamaqla bağlı Səudiyyə Ərəbistanının çağırışını geri çevirib. Rəsmi Bağdad Ərəb Dövlətləri Liqasının Məkkədə keçirilən sammitinin yekun bəyanatını imzalamaqdan da imtina edib.

Vəziyyəti "Şərq”ə şərh edən politoloq Əli Oruclunun sözlərinə görə, dünya qlobal silahlı toqquşmanın astanasındadır və təhlükə gündən-günə artmaqdadır: 

"Nəzərə alaq ki, İran sıradan bir dövlət deyil və Orta Şərqdə əsas aktorlardan biridir. Bu ölkənin hərbi və insan resursları da kifayət qədərdir. ABŞ-İran rəhbərləri arasında qarşılıqlı sərt ritorikalar davam edir. Eyni zamanda Amerika Fars körfəzində və İran həlqəsində hərbi gücünü artırmaqda, münaqişəyə yeni dövlətlər cəlb etməkdədir. Vaşinqtonun məqsədi İranda demokratik rejim qurmaq, yaxud nüvə proqramlarını dayandırmaq deyil. 

Məqsəd İranı ram edərək idarə olunan bir dövlət halına gətirməkdir. Ən pis halda isə Suriya və İraqdakı kimi dövlət sütunlarını sarsıtmaqdır. Lakin düşünürəm ki, ABŞ İrana açıq hərbi müdaxiləyə cürət etməyəcək. Çünki bu, Vaşinqton üçün də gözlənilməz nəticələr doğurar. İranın yerləşdiyi coğrafi məkan Amerika üçün əlverişli deyil. Həmçinin, İsrailin bu hücumda yer alması islam dünyasında həmrəylik yarada bilər”.

Siyasi şərhçinin fikrincə, burada Rusiya amilini də gözardı etməməliyik:

 "İrana xarici müdaxilənin əleyhinəyəm. Əvvəla ona görə ki, bunun üçün ABŞ-ın arqument kimi irəli sürdükləri bəhanədən başqa bir şey deyil. Trampın mövqeyini haqsız hesab edirəm. İkincisi isə İrana hərbi müdaxilə yüz minlərlə qaçqın ordusunun üzünü Azərbaycana salacaq. Bu da humanitar və kriminal katastrof deməkdir. Üçüncüsü, İranda 40 milyondan çox soydaşımız yaşayır. Hansısa hücum zamanı onların mərhumiyyətlərə, faciələrə məruz qalacağı qaçılmazdır. 

Təbii ki, bu da arzuolunan deyil. İraq və Suriyada soydaşlarımızın nələr çəkdiyini görurük. Üstəlik, regionda idarəolunan terror qruplaşmalarının təhlükəsi ilə üzbəüz qalma riski də var. Ona görə də könül istərdi ki, Tramp-İran qarşıdurması qarşılıqlı anlaşma ilə həll olunsun”.

İsmayıl