Özəl ali məktəblərin təhsil haqqını qaldırması xaricə pul axınını çoxaldıb - Real mənzərə

Etibar Əliyev: "Özəl ali məktəblər təhsil haqqını yüksəltdi. Nəticədə vətəndaşlar ucuz ali təhsil axtarışına çıxdılar". Ukrayna, Türkiyə, Gürcüstanın bəzi ali məktəblərinə üz tutdular"
" Savadı olan da, olmayan da "qonşudan geri qalma" prinsipi ilə müxtəlif yollarla ali təhsil haqqında diplomu əldə etməyə çalışırlar"




"Azərbaycanda hər il orta məktəb məzunlarının təxmini 30 faizi ali məktəblərə daxil olur”.

Bunu "Sherg.az” azərbaycanlı abituriyentlərin ali təhsil üçün xarici ölkələrə meyl etməsindən danışarkən tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev deyib. 

O diqqətə çatdırıb ki, əvvəllər özəl ali məktəblərə maraq yüksək olsa da, son vaxtlar bu zəifləyib:

"Səbəb isə özəl universitetlərin təhsil haqqını yüksəltməsi oldu. Nəticədə vətəndaşlar ucuz ali təhsil axtarışına çıxdılar. Ukrayna, Türkiyə, Gürcüstanın bəzi ali məktəblərinə imtahansız daxil ola bildilər. Maraqlı məqam odur ki, həmin şəxslər öz ana dilində keçirilən imtahanlardan 200-dən aşağı bal toplayıblarsa, ukrayn, rus, gürcü dillərində necə təhsil ala bilirlər? Bu situasiya ondan xəbər verir ki, kütləvi təhsilə meyl yaranıb. Ali məktəblərin tərkibində hazırlıq kurslarının yaradılması ilə bağlı qərar qəbul olundu. Bu kurslar fəaliyyətə başladıqda prosesin qarşısını ala bilər. Keçid balını toplamayan vətəndaşlar hazırlıq kurslarında 1 il təhsil aldıqdan sonra öz bacarıqlarını bir daha sınaya bilərlər. Hazırlıq şöbələrinin yaradılması qəbul prosesinin liberallaşdırılmasına düşünülmüş addım idi”.

E.Əliyevin sözlərinə görə, orta məktəb məzunlarının peşə təhsilinə meyli çox azdır. Ekspert əlavə edib ki, məzunların cəmi 13-15 faizi peşə təhsilinə qəbul olur:

"Bu çox aşağı göstəricidir. İnkişaf etmiş ölkələrdə 50 faizdən çox abituriyent peşə təhsilinə maraq göstərir. Ona görə, kütləvi ali təhsil almaq meyli cəmiyyətdə oturuşub. Savadı olan da, olmayan da "qonşudan geri qalma" prinsipi ilə müxtəlif yollarla ali təhsil haqqında diplomu əldə etməyə çalışırlar. Fərqli yollarla xaricdə ali təhsil alanların əksəriyyətinin diplomu təsdiqini tapmır. Çünki Təhsil Nazirliyi bunu yoxlayır, uyğun olmayan diplomları nostrifikasiya etmir. Bütün bunları nəzərə alaraq, ali məktəblərə qəbul ola biləyənlər peşə müəssisələrində təhsil ala bilərlər. Artıq get-gedə peşə təhsilindən çıxan ixtisaslar da əmək bazarında yer tutmağa başlayıb”.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır. Azərbaycan vətəndaşlarının 501-i Gürcüstanın dövlət, 2190-ı isə özəl ali məktəblərində ali təhsil alır. Qonşu ölkənin müxtəlif ali məktəblərində isə ümumilikdə 10 063 xarici ölkə vətəndaşı təhsil alır.

Aysel Aslan