Parkda qalan qocanın hesabından sərvət çıxdı

O, heç evlənmədiyini, illərcə çalışıb yığdığı pulu banka yatırtdığını söyləyib
Adanada, getməyə yeri olmadığı üçün parkda həyat mübarizəsi verən yaşlı adamın bank hesabından, 90 min lirə və 3 min 500 dollar pul çıxıb. 90 yaşlı Sabri Baran, Seyhan qəsəbəsinin Kocavezir məhəlləsində yaşadığı evə sökülmək qərarı çıxınca küçədə qaldı. Baran, özü ilə götürdüyü bir yataq və yorğanla məhəllədəki parkda qalmağa başladı. İki əlinin barmaqları olmayan və qoltuqağaclarıyla ayaqda dayana bilən yaşlı adam, havaların soyumağa başlamasına baxmayaraq parkda yaşamağa davam edirdi. Yaşlı adamın parkda qaldığı xəbərindən sonra Adana Qubernatoru Mahmud Demirtaş, Ailə və İctimai Siyasətlər El Müdirliyi ilə İctimai Köməkləşmə və Həmrəylik Vəqfinə yaşlı adama sahib çıxılması üçün təlimat verdi. Yaşlı adam yaşadığı parkdan xəstəxanaya aparılıb, müayinədən keçirildikdən sonra Adana Qocalar Evinə yerləşdirilib. Səlahiyyətlilər burda da yaşlı adama maddi dəstək olmaq üçün hərəkətə keçib. Yaşlı adamın maddi vəziyyəti araşdırılarkən bir bank hesabında 90 min lirə və 3 min 500 dollar pulu olduğu ortaya çıxıb. Yaşlı adama bu pullar haqqında sual verildikdə, heç evlənmədiyini, illərcə çalışıb yığdığı pulu banka yatırtdığını söyləyib.