Parlamentdə təmas xəttindəki gərginlikdən danışıldı: “Cəbhədə yeni təxribatlar istisna deyil”




Milli Məclisin bugünkü iclasında cəbhə xəttində atəşkəsin pozulmasından danışılıb. Sherg.az-ın məlumatına görə, deputat Elman Nəsirov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin qarşıdakı aylarda gərginləşməsi ehtimalı arta bilər:

"Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edirlər ki, o, münaqişənin həlli ilə bağlı güzəştli mövqe ortaya qoymağa hazırlaşır. Bu gün erməni oliqarxlarla qondarma rejim, Qarabağ klanı arasında ittifaq bağlanıb. Razılaşmaya əsasən onlar Paşinyanı hakimiyyətdən devirənə qədər mübarizə aparacaqlar. Artıq açıq şəkildə müharibə elan ediblər. Belə olan halda, Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv nəyisə gözləməyin mənası qalmır. Ermənilər təxribat törətdilər, Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu. Yeni təxribatlara əl atacaqları da istisna deyil”.

Deputat Çingiz Qənizadə isə xatırladıb ki, dünən Azərbaycan ordusunun mayoru Aqil Ömərov erməni snayperi ilə vurularaq öldürülüb:

"Bu, o vaxta təsadüf edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda idi. Bir mayorun, bir komandirin yetişdirilməsi üçün Azərbaycan dövləti nə qədər xərc çəkir və bizim atəşkəs rejimi elan etdiyimiz bir dövrdə snayperlərin istifadəsinin qadağa olunmasına baxmayaraq, bu hadisə baş verib”-deyə deputat qeyd edib.

Spiker Oqtay Əsədov cavabında deyib ki, bu barədə beynəlxalq təşkilatlara məlumat çatdırılıb:

"Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə işlər aparır. Beynəlxalq təşkilatlardakı Azərbaycan Milli Məclisinin nümayəndələrinə tapşırılacaq ki, bu məsələni orada daha yüksək səviyyədə qabartsınlar”.

Anar