"Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb".
Bu barədə "Sherg.az"a politoloq Nəzakət Məmmədova bildirib. Onun sözlərinə görə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir:
"Ermənistan qarşısında biz təbii ki, haqlıyıq. Lakin dünya tarixində də, müasir dünyada da haqq-ədaləti bərqərar etmək üçün iqtisadi güc, hərbi qüdrət əsas rol oynayıb. Azərbaycanın öz ordusunu gücləndirməsi, iqtisadi potensialını yüksəltməsi, siyasi nüfuzunu artırması olduqca mühüm amillərdir”.
Hazırda Ermənistanın sonsuz bir qarışıqlıq, siyasi mübarizə, parçalanma, qarşıdurma dövrünə qədəm qoyduğunu vurğulayan Nəzakət xanım Paşinyanla Qarabağ separatçıları arasındakı ziddiyyətlərin də daha da dərinləşdiyini əlavə edib: "Erməni diasporası da iki yerə bölünüb: Rusiyadakı ermənilər bu dövlətin Ermənistanda möhkəmlənməsi üçün iş aparır, Avropada olan erməni icması isə Paşinyana dəstək olmaqla, onun Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə yönləndirmək istəyirlər.
Belə bir məqamda üstəlik Paşinyanın atdığı bir sıra addımlar Rusiyanı ondan narazı salıb və Ermənistanı bu dövlətin, eləcə də onun rəhbərlik etdiyi KTMT-nin dəstəyindən tam məhrum edib. Ermənilər daim Azərbaycanla müharibənin başlayacağı təqdirdə KTMT-nin onu müdafiə edəcəyini bəyan edirdilər. Lakin nəinki Ermənistanı müdafiə etmək, KTMT üzvləri Ermənistana təşkilatın baş katibi vəzifəsinə öz namizədini irəli sürmək imkanı da vermədilər, üstəlik, Azərbaycana silah satmağa davam etdilər və Azərbaycanın təşkilatla daha yaxın əməkdaşlıq formatına tərəfdar çıxdılar.
Ermənistanın bütün müttəfiqləri əslində de fakto Azərbaycanla müttəfiq səviyyəsinə yüksələn münasibətlər qurublar.
Azərbaycan beynəlxalq aləmdə proseslərə təsir etmə gücünə malik bir ölkəyə çevrilib. Bütün bu və digər amilləri çox yaxşı bilən ölkə başçımızda əlbəttə düşmən ölkədə baş verən proseslər barədə daha dolğun, obyektiv məlumatlar var. Çünki o, ən yüksək səviyyədə Ermənistana digər dövlət başcılarının inamının zəif olmasını, Azərbaycanı dəstəkləməsini müşahidə edir, bunun üçün öz səylərini əsirgəmir. Çox güman ki, məhz bu amillər fonunda prezident münaqişənin həllində hazırda əlverişli şərait yarandığını vurğulayıb”.
Qeyd edək ki, Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev aprel döyüşlərinin önəminə toxunub və bu əməliyyatların böyük hərbi qələbə kimi dəyərləndirib. Prezident deyib ki, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub: "O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik".
Şəymən