Paşinyanın çıxış yolu Azərbaycanla anlaşmaqdır

Ermənistan müharibə variantını ağlından keçirə bilməz, çünki aqibətləri bəllidir



Rusiya İctimai Palatasının üzvü, Dövlət Dumasının deputatı Sergey Markov yaxın günlərdə Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizənin başlayacağını bildirib. Analitik deyib ki, baş nazir Nikol Paşinyanın rəqibləri onu Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olmaqda ittiham edirlər. Ekspertin sözlərinə görə, Paşinyan bu güzəştlərə hazır deyil. Hətta əksinə, "vətənpərvərlik eyforiyası”nda maraqlıdır. 

Ona görə də istisna olunmur ki, onun tərəfdarları baş nazirin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin "kəskinliyini” və "qətiyyətliliyini” göstərmək məqsədilə lokal toqquşmalar kimi təxribatlar təşkil etsin. Markov hesab edir ki, Paşinyan Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak etməli olduğunu bildirməklə prosesdə mövqeyinin kəskinliyini nümayiş etdirib: "Hesab edirəm ki, daxili siyasi səbəblərlə əlaqədar Ermənistan hökumətindən güzəştlərə getməyi gözləmək lazım deyil. Bu məsələ ilə bağlı nikbinlik yoxdur”.

Sergey Markovun proqnozları ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu hesab edir ki, Ermənistandakı vəziyyət Sarkisyanın hakimiyyəti dövründəki vəziyyətdən heç nə ilə fərqlənmir. Əksinə, vəziyyət daha da ağırlaşmaqdadır:

 "Paşinyanın davranışlarına əsasən demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir. Qarabağ, əslində onu o qədər də maraqlandırmır. Hazırda iqtisadi inkişafa nail omaq üçün Ermənistanın özünün resursları yoxdur. Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın Ermənistana verə biləcəyi heç nə yoxdur, İran və dünya dövlətləri arasındakı münasibətlər isə hər kəsə məlumdur. Bu baxımdan Ermənistanın kimdənsə yardım almaq imkanı yoxdur. 

Rusiyaya qarşı nankorluq edən Yerevan Qərb qarşısında diz çökməyə hazırdır. Onun səsləndirdiyi fikirlərdə sətiraltı məna olaraq ortaya çıxır ki, əsas vurğu Qərbin üzərindədir. Görünür, Qərbdəki bəzi əsas dairələr Paşinyanı dəstəkləyir. Lakin Paşinyan Qarabağ danışıqları ilə bağlı cəmiyyətə mesaj verməlidir. O, Qarabağın danışıqlarda tərəf kimi iştirakını istəyir, əks halda ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəkləri ilə hədələyir. Bu baxımdan, yenə də sual yaranır: Paşinyan hansı addımları ata bilər? İrəvan qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyini" tanıya bilər. Paşinyan nəzərə almalıdr ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. 

Ermənistan bu formatdan çıxmaq istəyirsə, onun bir yolu qalır - Azərbaycanla razılıq əldə etmək. Bir sözlə, Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil. Rusiyanın da artıq münasibəti fərqlidir. Beləliklə, Paşinyan iki od arasında qalıb. Rusiya ilə münasibətlər və Qərbyönümlü siyasətin həyata keçirilməsi kimi aşağıdan gələn tələblər ciddi bir sıxıntıya çevrilməkdədir. Paşinyanın özü millət vəkili olarkən Rusiyanı tənqid edən siyasətçi kimi tanınıb və Serj Sarkisyandan Rusiyadan uzaqlaşıb Qərbə üz tutmağı tələb edən bir neçə simadan biri olub”.

Analitik bəyan edib ki, baş nazir Paşinyan Rusiya təsirindən çıxmağı düşünsə də, bunun mümkünsüz olduğunu başa düşür və çıxış yolu axtarır. Bu baxımdan, İrəvanın Qarabağ danışıqlarında güzəştə getmək niyyəti müşahidə edilir: 

"Nikol Paşinyan mitinqlər zamanı verdiyi vədlərə əməl edə bilmir və o, xilas kəməri kimi Azərbaycanın dövlət başçısı ilə görüşməyə can atır. Onun bir qədər əvvəl səsləndirdiyi "danışıqlarda biz yox, Qarabağ iştirak etməlidir" şüarı artıq mənasızlaşıb. Bunu Paşinyan da dərk edir və Bakıdan qarşılıqlı müzakirələri bərpa etməyi xahiş edir. Erməni baş nazir gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir və İrəvan istəsə belə, müharibə variantını ağlından keçirə bilməz. 

"Nə hərb, nə sülh" vəziyyəti də uzun müddət davam edə bilməz. Ermənistan işğala son qoymayınca, vəziyyət gərgin olaraq qalacaq. Cəbhədə toqquşmalar davam edərsə, Bakının ötən ilin aprel əməliyyatını təkrarlamaqdan başqa yolu qalmayacaq. Savaş başlayarsa, Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol Bakının və vasitəçilərin şərtlərini qəbul etməkdən keçir”.

İsmayıl