Payız və qış aylarında qəzaların sayı çoxalır
İnsan faktorundan söhbət gedən hər bir məsələ ciddi formada öz həllini tapmalıdı
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olub.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 2016-ci ilin 9 ayı ərzində Respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9 faiz), həlak olanların sayı 95 nəfər (14,3 faiz), yaralananların sayı 191 nəfər (10,9 faiz) azalıb.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı da "Şərq”ə açıqlamasında yol qəzalarının sayında əvvəlki illərə nisbətən azalma müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, bəzən 1 ay ərzində yüzlərlər ölüm hadisəsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verir. Həm sürücülərin, həm də piyadaların yetərincə səhlənkar olduğunu vurğulayan E.Muradlı bu sahədə ciddi profilaktik tədbirlər görülməsini diqqətə çatdırıb: "Sanki yollarımızda müharibə gedir. Hərdən bir müddət sakitlik yaranır. Bəzən isə qəzaların sayı durmadan artır. Fikrimcə, mövsüm dəyişəndə sürücülər də dəyişir. Xüsusilə, payız və qış mövsümündə xarakterik qəzalar baş verir. Sürücülər sükan arxasında istilik sistemini yandırır, rahat kabinə, yumşaq oturacaq və problemsiz yol. Beləliklə hərdən onlar yuxuya da gedirlər. Bununla da dəhşətli qəza baş verir. Yol nəqliyyat hadisəsi elə bir problemdir ki, bütün dünya bunun qarşısını almağa çalışır. BMT səviyyəsində, həmçinin də tanınmış Humanitar Təşkilatlar səviyyəsində bu məsələyə diqqət ayrılır. Ölkələr üzərinə müəyyən öhdəliklər qoyulur. Hesab edirəm ki, bu məsələləri bir daha gündəmə gətirmək lazımdı. Diqqətlə bütün incəliklər nəzərdən keçirilməlidi. İnsan faktorundan söhbət gedən hər bir məsələ ciddi formada öz həllini tapmalıdı”.
Magistral yollarda işıqlandırmanın yüksək səviyyədə olmadığını deyən E.Muradlı qəzaların digər bir səbəbini zəif işıqlandırmada görür: "Rayonlararası yollarda işıqlandırma sistemi olduqca pis vəziyyətdədi. Bu da qəzanın əsas amillərindən biridi. Təəssüflər olsun ki, Azərbaycanda son vaxtlar asfaltın keyfiyyəti ilə bağlı hamını narahat edən məsələlər var. Bir zamanlar asfaltın tərkibində işıqqaytarıcı maddələr olurdu. Məsələn, şüşə qırıntılarından istifadə olunurdu və müxtəlif kimyəvi fosfor materiallar mövcud idi. Gecə vaxtı xüsusilə yağışlı bir havada avtomobilin işığı kifayət edirdi ki, yol istənilən bir normada işıqlansın. Amma bu gün bir balaca yağış yağdısa, nəinki paytaxtda, həmçinin magistral yollarda görüntü məhdudlaşır. Sürücülər isə bu amili nəzərə almır. Çünki "Yol Hərəkəti haqqında” qanundan xəbərləri yoxdu, öyrənmirlər və öyrənmək də istəmirlər. Qanunda açıq-aşkar yazılır ki, sürücü hava şəraitinə uyğun sürəti özü təyin etməlidir. Yağış yağdıqca sürüşmə təhlükəsi də çoxalır. Yağış yağan zaman saatda 110 km sürətlik yolda mütləq 110 sürətlə hərəkət edirlər. Halbuki yağışlı havada məcbur deyil ki, maşın o sürətlə getsin. Sürücü bu halı görüb sürətini azaltmağı bacarmalıdı. Məhdudiyyətli görünmə zamanı diqqətli olmalıdı. Bizim bəlamız budur. Burda artıq qanun və qayda deyil, insanın təfəkkürü və düşüncəsi rol oynayır”.
Qəzalarının və piyada ölümlərinin əsas səbəblərindən biri kimi, nişanlama xətlərinin düzgün olmadığını deyən, baş redaktor bu vəziyyətin aradan qaldırılmasının da vacibliyini vurğulayıb: "Ölkəmizdə bəzi nişanlama xətləri var ki, normal səviyyədə deyil. Hərdən elə nişanlama xətləri olur ki, onu silmək mümkün deyil. Asfalt üzərində yanlış nişanlama xətti çəkilir. Elə maddələr vurulur ki, işarələri silmək istəsək də, alınmır. Bəzən də bu nişanlama xətləri olduqca tez silinir və görünmür. Beləliklə, bu hal da problemlərə gətirib çıxarır. Nəzərə alsaq ki, Bakı şəhəri üzrə yol nəqliyyat hadisələrinin 57 faizi məhz piyadaların vurulması ilə bağlıdı. Belə çıxır ki, biz piyadalarla düzgün iş qurmamışıq, yaxud piyadalar öz həyatlarına səhlənkar yanaşırlar. Amma araşdırma zamanı sürücülərin çoxunda günah olmadığı üzə çıxır. Hər piyada vurma hadisəsinə görə sürücünü məsuliyyətə cəlb eləmək olmaz. Bəzi piyadalar özləri üçün biznes qurub. Özünü qəsdlə maşının altına atır və illərlə sürücüdən pul alır. Sürücüləri soyan piyadalar artıq mafiya kimi formalaşıb. Rusiyada artıq belə hallar üçün xüsusi maşınlar ayrılıb. Ölən piyadalar bu maşınlara yığılır və kameralar izlənilir. Sürücünün günahı olmadığı təqdirdə izahat alıb sərbəst buraxırlar. Ümumilikdə isə problemin kökündə sürücülərin də, piyadaların da məsuliyyətsizliyi dayanır”.
Yeganə Bayramova