Peşəkarlıq öndə olmalıdır

Əvvəlcə onlayn medianın mənzərəsini hazırlamaq lazımdır
Daha sonra internet KİV-lərə dövlət dəstəyinin formasını müzakirəyə çıxarmaq olar



Son vaxtlar mətbuatla bağlı yenidən gündəmə gələn məsələlərdən biri də onlayn medianın dövlət tərəfindən dəstəklənməsidir. Mövzu daha öncədən dəfələrlə müzakirəyə çıxarılsa da, bir sıra səbəblərdən prosesin reallaşması mümkün olmayıb. Məlumdur ki, hazırda dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulduğundan ən azı 30 dollar yüksəkdir. Belə olan halda, iyun ayının 29-da Milli Məclisdə yeni büdcə müzakirələrinin keçirilməsi nəzərdə tutulur.

Bu zaman mediaya ayrılan dövlət yardımının tərkib hissəsi kimi, onlayn mediaya da yardım edilməsi səslənən təkliflər sırasındadır. Xüsusən də ölkə mediasının tanınmış simaları onlayn medianın dəstəklənməsini vacib sayır. Mövzu ilə bağlı açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da büdcə müzakirələri zamanı məsələni gündəmə gətirəcəyini bildirib. Deputat bildirib ki, yeni büdcənin müzakirə olunmasının səbəbi dünya bazarında neftin kəskin bahalaşmasıdır: "2018-ci ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülmüşdü, bu gün isə artıq Azərbaycan nefti 75 dollardan da baha satılır. Büdcə müzakirə edilərkən çox güman ki, mediaya dövlət yardımının məbləği də artırılacaq. Məni daha çox narahat edən onlayn mediaya yardım ayrılmasıdır. Çünki hazırda bütün dünyada, o cümlədən Azərbaycanda ictimai fikrin formalaşması, informasiyanın operativ yayılması daha çox onlayn media vasitəsilə həyata keçirilir. Azərbaycanda 300-ə yaxın onlayn media orqanı mövcuddur. İndiki şəraitdə ölkəmizdə medianın iqtisadi vəziyyətində müəyyən problemlər var”. Ə.Amaşovun sözlərinə görə, reklam bazarı çox zəif olduğundan onlayn mediaya dövlət yardımının ayrılmasına zərurət yaranır: "KİVDF vasitəsilə çap mətbuatına yardım edilir. Lakin onlayn media bundan kənarda qalır. Hesab edirəm ki, eyni dərəcədə internet mediaya da dəstək olunmalıdır. Çünki onlayn medianın izləyiciləri daha çoxdur. Nə qədər ki, biz medianın reklam bazarını formalaşdıra bilməmişik, onların iqtisadi problemləri qalmaqdadır, o vaxta qədər dövlətin yardım ayırmasına ehtiyac var. Biz bu yolla həm də informasiya məkanımızın təhlükəsizliyini təmin etməliyik. Onlayn jurnalistika elədir ki, istənilən daxili və ya xarici qüvvə onları maliyyələşdirə bilər. Belə olan halda həmin internet resursu obyektivliyini itirə bilər. Belə halların qarşısını almaq üçün internet jurnalistika da dövlət yardımı almalıdır. Bununla bağlı mən Milli Məclisdə müzakirələr zamanı da fikirlərimi səsləndirəcəyəm”.
Ümumən, internet özü həyatımıza daha çox daxil olduğu üçün müvafiq olaraq onlayn media da sürətlə inkişaf etməkdədir. Hazırda ənənəvi mediadan onlayn mediaya keçid prosesi gedir. İctimai rəyin formalaşmasında internet üzərindən yayımlanan xəbər saytlarının mövqeyi artmaqdadır. Mövcud durumda ictimai missiya yerinə yetirməsi nəzərə alınaraq internet informasiya resurslarının da dövlət tərəfindən maliyyələşməsi məsələsi aktuallaşır. Prezident İlham Əliyev milli mətbuatın 140 illik yubileyi münasibəti ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edəndə də bu məsələ gündəmə gəlib. Həmin vaxt dövlət başçısı müsbət mövqeyini bildirib. Mətbuat Şurası isə internet medianın maliyyələşmə qaydalarının layihəsini hazırlayıb. Lakin ekspertlərə görə, ilk növbədə internet medianın statusu müəyyənləşməlidir. Söhbət hüquqi statusun müəyyənləşməsindən gedir. Bunun üçün qanunvericilikdə dəyişikliklər və əlavələr olmalıdır. Bütün qanunvericilik sənədlərində KİV qismində internet üzərindən yayımlanan informasiya daşıyıcıları da nəzərə alınmalıdır. Onların cəmiyyəti məlumatlandırma, ictimai rəyə təsir imkanlarına həssas yanaşılmalıdır. Yəni KİV dedikdə ənənəvi media vasitələri ilə yanaşı internet media resurslarının - xəbər saytlarının, internet TV-lərin, internet radioların və bloqların fəaliyyəti də əsas götürülməlidir. Yəni qarşıda müzakirə olunası xeyli məsələlər var.

Məsələ barədə "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, Əflatun Amaşovun internet mediaya dövlət dəstəyinin təşkil edilməsilə bağlı çağırışları çox aktual və zəruridir. Bunu ötən zaman da göstərdi: 

"İndi nəinki Azərbaycanda, o cümlədən bütün dünyada və Avropada ənənəvi KİV-lər, o cümlədən, bütün peşəkar KİV-lər kimi internet media maliyyə böhranı keçirir. Bu yaxınlarda Avropa jurnalist təşkilatlarının toplantısında iştirak etdim. Orada da vurğulandı ki, Avropa məkanında da peşəkar KİV-lər maliyyə və digər səbəblərdən öz mövqelərini itrirlər. Onların əvəzində yalan xəbər və təhqir dolu çıxışlarla zəng olan sosial şəbəkələr önə çıxır, xəbər məkanını zəbt edirlər. Bu baxımdan, peşəkar KİV-lərə dəstək göstərilməsi məsələsi gündəmə gətirilmişdi. Düzdür, bu dəstəyin hansı formada olması barədə fikir müxtəlifliyi var. Amma əsas odur ki, hər kəs peşəkar KİV-lərə dəstək verilməsinin zəruriliyini anlayır, etiraf edir. Azərbaycanda artıq ənənəvi mediaya, xüsusən çap mediasına və elektron mətbuata, xüsusən televiziyalara dəstək verilməsinin modeli var. Bu dəstək göstərilməkdədir. İndi təşəbbüs var ki, eyni formalı dəstək internet KİV-lərə də göstərilsin. Çünki, internet KİV-in bir texnologiya olaraq dünyaya çıxmaq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq imkanları daha genişdir. Əgər Milli Məclis bu təklifə dəstək verərsə, internet KİV-ə və bütövlükdə ölkəmizə əhəmiyyətli yardım göstərmiş olar”.

M.Ələsgərlinin sözlərinə görə, yardımın hansı formada, hansı kriteriyalarla verilməsi sonrakı mərhələnin işidir:

 "Əlbəttə, biz önləyici fikirlər deyə bilərik. Amma bu, yardım göstərilməsi üçün qərar veriləcək zamanın tələbləri ilə uzlaşmaya bilər. Bəzi tələblər var ki, dəyişməzdir. Məsələn, KİV qurumunun yayımı, auditoriyası, ictimai rəyə təsir imkanı olmalıdır. Media orqanı etik peşə prinsiplərini gözləməlidir. Sensasiya dalınca qaçmamalı, cəmiyyət üçün faydalı xəbərlərə yer verməlidir. Həmçinin, təkcə xəbər yayıcısı yox, həm də xəbər istehsalçısı olmalıdır. Başqaları tərəfindən istehsal olunan və cəmiyyət üçün faydalı informasiyaları yaymaqda qəbahət yoxdur. Amma peşəkar KİV-lər üçün özlərinin kontent yaradıcı olması şərti vacibdir. Beləliklə, biz çox şərtlər sadalaya bilərik. Amma bunun üçün hələ zamanımız var. Maliyyə yardımının göstərilməsinə qərar verildikdən sonra, bunları müzakirə edə bilərik”.

"Report.az” saytının baş redaktoru Murad Əliyev də "Şərq”ə açıqlamasında bildirib ki, indiki dövrdə onlayn media cəmiyyətin informasiya ilə təmin olunmasında əsas yükü daşıyır: 

"İnternetin ölkədə geniş şəkildə yayılması, sosial şəbəkə istifadəçilərinin sayının hər gün daha da artması əhalinin onlayn media vasitəsilə xəbər əldə etməsinə öz təsirini göstərir. Digər tərəfdən ölkə mətbuatında çalışan jurnalistlərin əksəriyyəti onlayn mediada işləyir. Bu səbəbdən onlayn mediaya da çap mediası formasında maliyyə yardımının göstərilməsini ümumən ölkə mətbuatına dəstək kimi qiymətləndirmək olar. Lakin burada meyarları müəyyənləşdirmək mübahisələrə səbəb olacaq. Hesab edirəm ki, kriteriyalar müəyyənləşərkən xəbər resursunun yaydığı informasiyaların dəqiqliyi nəzərə alınmalıdır. Oxucunu aldadan başlıqla xəbər yayıb, xeyli sayda İP yığmaq həmin sayta nüfuz gətirən məsələ deyil. Dövlət yardımı müxtəlif istiqamətdə ola bilər. Misal üçün, hərbi vətənpərvərlik istiqaməti üzrə və ya milli-mənəvi dəyərləri təbliğ edən yazıların hazırlanmasına bir çox redaksiyalar əməkdaş ayıra bilmirlər. Jurnalistlər daha çox gündəmi zəbt edən hadisələri işıqlandırırlar. Ayrılan maliyyə məhz vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği istiqamətinə yönəldilə, materialların sosial şəbəkələrdə geniş formada yayılmasına sərf edilə bilər”.

"YeniÇağ” media holdinqin rəhbəri Aqil Ələsgər də bəyan edib ki, onlayn mediaya dövlət dəstəyinin verilməsi məsələsi dəfələrlə müzakirə olunub. Hətta Prezident də bu məsələdə münasibətinin müsbət olduğunu bildirib:

 "Şübhəsiz, saytlara dövlət dəstəyinin olması müsbət hal olar. Amma məncə, dövlət dəstəyindən daha çox Azərbaycanda reklam bazarının inkişafı üzərində dayanmaq lazımdır. Hansı saytların reklam alma və reklamları idarəetmə qabiliyyəti varsa, həmin media orqanlarının gündəmdə qalması daha məqsədəuyğundur. 1998-ci ildə senzura qaldırıldıqdan sonra Azərbaycanda çap olunan qəzetlərin sayı sürətlə artmağa başladı. Lakin qısa zaman sonra bir çoxu sıradan çıxdı. Eyniylə indiki dövrdə sayt bolluğu yaşanır. Ancaq hazırda ictimai rəyə təsir göstərən, əksəriyyətin izlədiyi xəbər saytlarının sayı 20-30-dan o tərəfə keçmir. Onlara rəhbərlik edənlərin də bir çoxu Mətbuat Şurasının üzvləridir. Hesab edirəm ki, kriteriya dedikdə, hüquqi şəxs statusunda olan, adı, ünvanı, telefon nömrəsi və bank rekvizitləri dəqiq göstərilən saytları əsas götürməliyik. Əgər maliyyə ayrılması şərtdirsə, məhz həmin saytlara ayrılmalıdır. Ucuz domen alaraq mənasız sayt açanların maliyyə yardımına iddia etməsi doğru deyil”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev isə deyib ki, bu məsələdə Mətbuat Şurası məsuliyyəti üzərinə götürə bilər: 

"Mətbuat Şurasında təcrübəli, peşəkar, medianı dərindən bilən şəxslər cəmləşib. Onlar onlayn medianın mənzərəsini çox yaxşı bilirlər. Bu baxımdan inanmıram ki, MŞ-nın hazırladığı kriteriya və siyahıya ciddi etirazlar olsun”.

(Davamı var)
İsmayıl