Ötən gün Ağdaşda 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.
Məlumat üçün bildirək ki, bir neçə aydır dərsdən sonra "Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb. Tapılan məktubda bunlar qeyd edilib: "Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.
İntiharın səbəbi isə məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu deyilib.
Qeyd edək ki, ölkədə mənfi rezonans doğuran bu hadisə ictimaiyyət və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Məxsusi olaarq ölkə ictimaiyyətində tanın şəbəkə istifadəçiləri məsələyə müxtəlif aspektdən münasibət bildiriblər.
Onların fikirlərindən ibarət "Facebook gündəliyi”ni təqdim edirik.
Azvision.az saytının baş redaktoru, tanınmış jurnalist Vüsal Məmmədov qeyd edib ki, uşaqlara həyatın, yaşamağın gözəlliklərini anlatmaq vacib məsələdir:"Əzizlərim. Uşaqlara başa salmaq lazımdır ki, həyat bir dənədir, unikaldır, gözəldir, buna görə də onun qədrini bilmək, mənalı işlərə xərcləmək lazımdır. Yoxsa ki, siz uşaqlara o biri dünyada onları gözləyən daha yaxşı həyat, Cənnət, ümmətinə şəfaət edən peyğəmbər haqqında boş, anlamsız, şirin zəhərli nağıllar danışsanız, axırı yaxşı qurtarmayacaq. Necə ki, qurtarmır da. Ayılıb pis ilə yaxşını, səhvlə düzü fərqləndirə bilmək üçün bizə daha neçə şillə, neçə təpik, neçə qapaz dəyməlidir axı?!”
İlahiyyatçı Əkrəm Həsənov isə azyaşlının özünü öldürməsi səbəbinin dəqiq araşdırılmalı olduğunu bildirib. Onun sözlərinə görə, orta və ali məktəblərdə islam dini elmi şəkildə gənclərə aşılanmalıdır:"Ağdaş rayonunun Ləki kəndində 12 yaşlı uşaq intihar edib. Özü də məktub yazıb qoyub ki, Peyğəmbərimizin yanına gedirəm. İndi hamı günahı uşağın Quran oxumasında və məscidə getməsində görür. Dəqiq araşdırmısızmı, nə məsələdir? Siz bilirsizmi, bir saniyədə insan fikri necə dəyişikliklərə uğrayır? Bu uşaq niyə belə edib? Bəziləri deyir, guya dini dərs aldığı və Quran öyrəndiyi üçün. Bəs görəsən, içib, çəkib və s. əməlləri olanlar niyə intihar edir? Sadəcə bəzi ailələrdə mənəvi boşluq var. Mənəvi boşluğu da məktəb, çevrə doldurmalıdır. Orta məktəblərdə və ali məktəblərdə islam dini elmi şəkildə gənclərə aşılanmalıdır.
Allah o uşağa rəhmət etsin. Amin. Allah günahların bağışlasın. Amin. Allah ailəsinə və yaxınlarına səbr versin. Amin. Təəssüf ki, ona gələn mənfi fikirlərə təslim olub. Hamıda, ən ideal insanda belə bu hallar baş verə bilər. Heç kim aqibətinin necə olduğunu deyə bilməz”.
Yazar Aqşin Yenisey isə fikirlərini bu cür qeyd edib:"Hər şeyi anlamaq, başa düşmək, yola vermək olar, amma o yazıq uşağı niyə aldadıblar ki, peyğəmbərin hüzuruna gedən yol tövlədən keçir?”
Gənc şərqşünas Oğuz Məmmədli azyaşlının yazdığı məktubun şəklini öz hesabında paylaşıb. O əlavə edib ki, artıq bu cəmiyyətimiz üçün həyəcan təbili olmalıdır:"12 yaşlı azərbaycanlının intihar etməsi və intihar öncəsi "Mama siz bunu oxuyanda sevimli peyğəmbərimizin yanında olacağam" cümləsi ilə başlayan məktubunu oxudum. Bəndənizcə, artıq bu cəmiyyətimiz üçün həyəcan təbili olmalıdır.
Xəbərlərdən anlaşıldığına görə intihar etmiş yeniyetmə dövlət təhsili ilə yanaşı dini təhsil də alırmış və görünür aldığı dini təhsil onu bu cür addım atmağına səbəb olan amillərdən biri olub.
Daha öncə də ictimaiyyət arasında "Aşura günü" uşaqların dini mərasimlərə qatılıb-qatılmamağı ilə əlaqədar olaraq müzakirələrin getdiyinin şahidi olduq.
Uşaqlar və din mövzusunda bunu deyə bilmərəm ki, bir çox məsələlərdə bizdən geridə qalan keçmiş ittifaq ölkəsi olan Tacikistan təcrübəsindən yararlanmaqda fayda var. Belə ki, Tacikistanda 18 yaşından kiçik uşaqların dini ayinlər icra etməsi qadağandır”.
İslam dinin düşmənlərinin əlinə bəhanə düşdüyünü vurğulayan hüquqşünas Qurban Məmmədov yazdığı statusda xatırladıb ki, İslam dini intiharı qınayan, haram elan edən dindir:"Ləki qəsəbəsində 12 yaşlı bir balamız özünü asıb, intihar edib və özündən sonra buraxdığı məktubu belə bir cümlə ilə başlayıb: "Mama siz bu məktubu oxuyanda mən sevgili Peyğəmbərimizin yanında olacağam..."
İslam dininin düşmənlərinin əlinə bəhanə düşüb, bu faktdan dərhal dinimizin əleyhinə təbliğat aparmağa başlayıblar. Cümləni: "Mən Peyğəmbərimizin yanına getmək üçün sizdən ayrılıram" kimi yayıb, ağızlarına gələn hədyanları yazırlar. İslam dini intiharı qınayan, haram elan edən bir dindir.
Əksinə, dinimizi balalarımıza vaxtında düzgün izah etsək, belə hadisələr də olmaz.
Mən hüquq mühafizə orqanlarından xahiş edirəm: bu cinayətin əsl səbəbləri üzə çıxarılsın”.
Tanınmış jurnalist Elşad Məmmədli isə uşaqların təhsil üçün mollaxanaya göndərilməsini tənqid edib:"Bu gün 12 yaşlı uşaq özünü asıb. Kəndin mollasının yanına "din dərsi" almağa gedirmiş. Məktub yazıb qoyub ki, mən peyğəmbərlə görüşməyə gedirəm...
Ey müsəlmanlar, bilin ki, 21-ci əsrdir, indi mollaxanaya uşaq yollamazlar, uşaqlarınızı dünyəvi təhsilə yönləndirin. Ey müsəlmanlar, bilin ki, o mollaların əksəri cahildir, özləri də dindən xəbərsizdir.
Ey müsəlmanlar, adam olun, 21-ci əsrdir!
Ey müsəlmanlar, əvvəllər eşidəndə ki, filankəsin oğlu dindardır, deyirdik şükür, əməli-saleh olar. İndi din adı altında saxta təriqətçilər o qədər meydana dolub, eşidəndə ki, filankəsin oğlu dindən uzaqdır, yeyib-içən oğlandır, araq-pivə vurur, düşünürsən şükür, qoşulmayıb taxtabaş, saxtakar təriqətçilərə...
P.S. Lütfən, dinimiz haqda təhqirlər yağdırmayın. Mən Allahlı və müsəlmanam. Davam cahil valideynlər, cahil, saxtakar "mollalar"ladır!”
Pediatr Vaqif Qarayev dinin həssas mövzu olduğunu vurğulayıb. Pediatr sosial şəbəkə hesabında yazıb ki, bizim kimi cahillik ayaq tutub yeriyən toplumda din barədə müzakirə açmaq mənasızdır:"12 yaşlı uşağın ürək dağlayan məktubunu yəqin hamı oxuyub..Aşura günü 3-5 yaşlı qızcığazları qara paltara bürüyüb selfi edən və "haqsızlığa etiraz edirlər" deyə hayqıranlar da oxuyub...
Kiçik yaşlı uşaqların beynini dinlə yumaq olmaz!Anlamırlar!Başa düşmürlər!Emosionallığa,fanatizmə meyilli olurlar!Cəmi iki dəqiqqə bu uşaqlarla ünsiyyətdə olmaq kifayət edir ki,bu günə adekvat düşünmədiklərini təsdiqləyəsən. Ən yaxşı halda həyata normal adaptasiya ola bilmirlər. Ən pis halda isə intihar edirlər.
Uşaqları fanatizmə, intihara sürükləyəkmi?!”
Azyaşlı uşaqların özünü öldürməsindən təəssüfləndiyini ifadə edən gənc yazar Ayxan Ayvaz düşüncələrini bu sözlərlə ifadə edib:"Hələ dünyanı dərk etməyən, günəşə oyuncaq kimi baxan uşaq özünü öldürür. Axı uşaqlıq insanın ən saf, ən təmiz dövrüdür. Uşaqlıq bizim vətənimizdir: gözəl günlər gördüyümüz, dondurma ilə, çərpələnglə xoşbəxt olduğumuz bir vətən.
İndi isə uşaqlar intihar edir. Onlar insanlığın vətənindən ayrılıb göylərə qalxırlar, yəni heçliyə. Balaca əlləri, balaca gözləri, balaca ümidləri olan uşaqlar.
Yıxıla-dura, palçığa bata-bata oynadıqları oyun niyə yarımçıq qalır? Kimdir onların işıqlı dünyasına qaranlığı çiləyən? Bəlkə də şairin dediyi kimi, biz onlara bir günlük dünyanı verə bilmirik?
Biz bir uşağın gözlərində axtarırdıq xoşbəxtliyi. Bir anlıq qayğılardan, əzablardan xilas edirdi o gözlər bizi. Gərginliyimizi aradan götürən, biziintihar fikrindən daşındıran da onların məsum gözləridir. O qədər gözəl, o qədər saf və müdhiş görünürlər ki, insan bir anlıq beynində dolaşan intiharı yerindəcə dondurur. Bax indi bizi həyata qaytaran o uşaqlar daintihar edir. Nədir onları bu yaşda qocaldan? Yoxsa onlar yerimədən əvvəl uçmağı öyrənirlər? O biri dünyaya uçmaqdır bəlkə istəkləri?
Uşaqlar, siz həyatın ən gözəl tərəfinə düşmüsünüz. Sizin gözlərinizdə ən xaraba yerlər belə şahanə görsənir. Fikir verin, necə deyirlər? Uşaqları başsız qoymayın... Yəni sizi... Mənim anam intihar edəndə də eynən belə deyirdilər: "Uşaqları başsız qoydu”. Görürsünüz, hamı sizi necə də sevir. Siz olan yerdə siqaret çəkilmir, söyüş söyülmür, davalar olmur, ətrafınızdakı hər şey sizin üçün gözəlləşdirilir. Onsuz da o saf, məsum baxışlar bütün pislikləri gözəl bir mənzərəyə çevirəcək həmişə.
Axı bu uşaqlar üçün ölüm sözü sadəcə xəbər kimi işlənir. Uşaqlar birinin ölümünü hiss edirlər, ancaq hələ onlar üçün bu aydın deyil. Bir adamın hərəkətlərinin, danışığının bitməsi uşağa görə qaranlıq mövzudur. Ancaq bunu hara yazasan? İndi ölümün nə olduğunu dərk etməyən uşaqlar özləri ölümə doğru yüyürürlər...
Uşaqlarla söhbət edək, uşaq dilində danışaq onlarla. Tez-tez nağıllar oxuyaq, gözəl şeirlər deyək onlara. Ölüm göstəriləndə gözlərini qapayaq, oyuncaqlarla sevindirək onları. Gözləri robot deyil, insan görsün, robot səsi deyil, insan səsi eşitsinlər. Bir günlük deyil, bir ömürlük verək dünyanı onlara. Qoy dünyanı çərpələng kimi uçursunlar... Əsas odur,intihar eləməsinlər”.
"Təmiz Dünya” İctimai Birliyinin çalışanı Şəhla Hüseynova isə sosial şəbəkədə paylaşdığı statusunda öz övladından nümunə gətirib. "12 yaşlı uşaq niyə peyğəmbərinin yanına getmək istəsin ki?” – sualı ilə müraciət edən Ş. Hüseynova uşaqların beynini cənnət, cəhənnəm anlayışları ilə yükləməyi düzgün hesab etmir:"Yayda tətilə kəndə nənəsigilə gedən Nurlanım qohum əqrəbasındakı insanların namaz qıldığını, inancını görüb həvəsə düşmüşdü. Kənddən gələn kimi etdiyi bəyanat:
- Anam, mən namaz qılmaq istəyirəm
Sakit-sakit:
-Nurlanım, niyə bu qərara gəldin ki? Dedim
Allaha yaxın olmaq istəyirəm dedi, ay Nurlanım mən namaz qılmıram düşünürsən ki, mən Allaha yaxın deyiləm? Pis oldu, sonra dindən danışdım bir az ona, dinin də bir siyasət olduğunu izah etdim (mənim üçün belədir, mən belə anlayıram dedim),böyü qardaşın kimi inanc olaraq hansı dini istəsən seçərsən. Nurlan çox emosional uşaqdı, 12 yaşı olmasına baxmayaraq mənim əziyyətlərimi, qayğımı üstünə götürməyə çalışacaq qədər də fədakardır. Bu o deməkdir ki, o zəif bənd ola bilər bu həyatda...emosiyaların idarə etdiyi insanlar bu həyatı məntiqi ilə düşünən insanlardan fərqli yaşayırlar, bunu özümdən bilirəm.
Məhz buna görə də icazə vermədim. Onu da deyim ki, böyük oğlum 2 il əvvəl mən xristianlığı qəbul etmək istəyirəm deyəndə də normal reaksiya verdim: sektalara qoşulmayacaqsansa, bu barədə sənə nəsə deyilsə, mənimlə məsləhət edəcəksənsə, öz işindi,sənə necə rahatdır elə davran dedim. Uşaqların beynini cənnət, cəhənnəm anlayışları ilə yükləməyin. 12 yaşlı övladını itirən ata-ana üçün cəhənnəm bu dünyadadır bundan sonra....”.
Aysel Aslan