Ekspert: “Yararsız avtobuslar ola bilər, amma yararsız sürücülər olmamalıdır”
Piyada ölümü ilə nəticələnən növbəti yol qəzası baş verib. Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi "Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini, 1939-cu il təvəllüdlü Sabir Bədəlovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bu, avtobus sürücülərinin törətdiyi ilk yol qəzası deyil, çox güman ki, son da olmayacaq. Piyada ölümləri zamanı çox vaxt sürücülər günahlandırılır. Buna baxmayaraq piyadaların da məsuliyyətsizlik etdiyi danılmazdır.
Bəs bu cür halların qarşısı necə alınmalı, nəqliyyat sistemində hansı mexanizmlər tətbiq olunmalıdır ki, xoşagəlməz hallar aradan qalxsın?
Mövcud durumla bağlı "Şərq”ə açıqlama verən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, sərnişindaşımalarının təşkili böyük şəhərlərdə müxtəlif formada yerinə yetirilir. Məsələn, bəzi yerlərdə bu işə dövlət nəzarət edir.
Ekspertin sözlərinə görə, sərnişin daşımaları strateji sahə kimidir. Əhalinin sağlamlığına, təhlükəsizliyinə məsul olan bir sahədir:
"Ona görə də vaxtilə sərnişin daşımalarına Avtomobil Nəqliyyatı Nazirliyi deyilən bir qurum nəzarət edirdi. Yol qəzaları ilə bağlı məsələlər də nəzarət altına götürülürdü. Özəlləşmə prosesindən, yəni müstəqillik olandan sonra nəqliyyat sistemində böyük pərakəndəlik əmələ gəldi. Bəzi yerləri və müəssisələri özəlləşdirdilər. Əvvəllər çoxlu avtobus parklarımız var idi. İndi bəzilərinin yerində binalar tikirlər. Son zamanlar "Baku Bus” kimi nəqliyyat vasitələrinə fikir verirlər. Ona görə də çoxlu şirkətlər, sahibkarlar oldu. Onlar maşrutlar aldı və nəqliyyat sisteminə özləri nəzarət elədilər. Həmin adamlar sərnişin daşımalarının xüsusiyyətlərini, keyfiyyətli formada daşıma qaydalarını bilmədikləri və mənfəət əldə etməyə daha çox meyilli olduqları üçün bu sahədə xoşagəlməz hallar artdı. Sahibkarlar mənfəttə meyillənəndə sərnişin daşımalarına nəzarət nisbətən zəifləyir”.
Avtobus sürücülərinin gün ərzində 5-6 min əməliyyat yerinə yetirdiyini deyən F.Eyyubov sərnişin daşımalarında nisbətən sağlam, yorulmayan, məsuliyyətlərini hiss edən, insanlarla ünsiyyət yaradan və yol hərəkəti qaydalarını bilən sürücülərin iştirakının vacibliyini vurğuladı:
"BNA bu sahəyə müəyyən qədər nəzarət eləmək istəyir. Lakin səmimi deyim ki, sərnişindaşımada elə böyük nəzarət mexanizmi yaradılmalıdır ki, seçilən sürücülər bütün göstəricilərə cavab versinlər. Bu sahədə maariflənmə işi, bir-biri ilə əlaqəli sistem, ümumi nəzarət mexanizmi elə yaradılmalıdır ki, təsadüfi sürücülər daxil olmasın. Yararsız avtobuslar müəssisələrdə ola bilər, amma yararsız sürücülər olmamalıdır. Yararsız avtobusları təmir eləmək mümkündür, yararsız sürücü isə həddindən artıq böyük fəlakət əmələ gətirə bilər.
Ona görə hər bir müəssisə rəhbəri sürücülərin işə qəbulu zamanı ilk növbədə onların sağlamlığına, psixoloji durumuna, işləmə və insanlarla ünsiyyət yaratma qabiliyyətinə fikir verməlidir. Bu zaman sərnişin daşımalarında neqativ hallar nisbətən azalar.
Amma Bakı böyük şəhərdir, yenə də müəyyən hadisələr olur və bu hadisələrin başvermə səbəbi dəqiq araşdırılmalıdır. Elə məqamlar olur ki, sürücü günahkar olmur, məsuliyyəti onun üzərinə atırlar. Hadisə baş verən zaman analiz olunmalıdır, əgər sürücüdə günah varsa, mütləq tədbirlər görmək lazımdır”.
Yeganə Bayramova