Plan Rusiyaya qarşı hazırlanıb

Hərbi bazaya hücum Suriyada müharibənin yeni fazaya keçdiyini göstərir






Suriyada Rusiyaya aid Hmeymim hərbi bazası terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində Rusiyanın 7 döyüş təyyarəsi məhv edilib. Bundan başqa, Rusiyaya aid silah-sursat anbarı da partladılıb. Qeyri-rəsmi rəqəmlərə görə, 10-dan çox hərbçi yaralanıb.

Rusiya Müdafiə Nazirliyi hücum nəticəsində iki hərbçinin öldüyünü təsdiqləyib, lakin 7 təyyarənin məhv edilməsi xəbərini təkzib edib. Nazirliyin açıqlamasına görə, bazaya hücum Suriyadakı anti-hökumət qüvvələri tərəfindən törədilib. Terrorçuların axtarışı davam edir.

Hmeymimdə baş verən olayı şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, rus bazasına edilən hücum Suriyada müharibənin yeni fazaya keçdiyini göstərir. Onun sözlərinə görə, plan Rusiyaya qarşı hazırlanıb: 

"Yeni il gecəsi silahlı şəxslərin hücumu təsadüf deyil. Onlar biliblər ki, bayram şənliyinə başları qatışmış rus hərbiçiləri ciddi qarşılıq verməyə imkan tapmayacaqlar. Bununla da bazada ciddi tələfat törədilməsinə nail olublar. Göründüyü kimi, silahlıların əməliyyatı uğurlu alınıb. Rusiya Müdafiə Nazirliyi hadisəni gizlətməyə çalışsa da, bir çox mənbədən terror hücumu təsdiqlənib. Rusiya prezidenti Vladimir Putin Suriyada müharibənin başa çatdığını və İŞİD-i məğlub etdiklərini elan edəndən sonra, belə bir hücumun reallaşması göstərir ki, Suriyada müharibə başa çatmayıb və Rusiyaya qarşı ikinci "Əfqanıstan planı” hazırlanır. 

Bir müddət bundan əvvəl Rusiyanın baş qərargah rəisi Gerasimov ABŞ-ın Suriyanın cənubunda İŞİD və digər silahlılar hazırladıqlarını və onları Rusiya ilə döyüşməyə göndərdiklərini söyləmişdi. Hmeymim hərbi bazasına planlaşdırılan və yüksək səviyyədə təşkil olunan hücum Amerikanın Rusiyaya qarşı yeni mübarizəsindən xəbər verir”. 

Ekspert Suriyada yerləşən rus hərbiçilərə qarşı bu cür hücumların intensiv xarakter alacağını bildirib: 

"Deyilənə görə, bu istiqamətdə yeni silahlı qruplar hazırlanır. ABŞ-ın müasir silahları ilə təchiz olunmuş və ciddi təlim görmüş silahlılar Rusiya və Suriya hərbiçilərinə qarşı öldürücü zərbələr vura bilərlər. Xatırladım ki, Rusiya indiyədək Suriyada bu dərəcədə itki verməmişdi. Hesab edirəm ki, Rusiyanın Suriyada ABŞ-ın təlim verdiyi silahlılara qarşı əməliyyatı uğurlu olmayacaq”.

İsmayıl