Polkovnik Rusiya ilə Ermənistan arasındakı hərbi birliyin məqsədini AÇIQLADI

Cəlil Xəlilov:"Müqavilənin məqsədi odur ki, Rusiya Ermənistan ərazisində yerləşə bilsin, onun zabitləri, əsgərləri Ermənistandan yerləşmə razılığı alsın"


"Ermənistan rəhbərləri həmişə istəyir ki, Rusiyanın imkanlarından maksimum yararlansın”.

Bunu "Sherg.az”a Ermənistan parlamentinin Rusiya ilə birgə hərbi birliyin yaradılmasına dair müqaviləni ratifikasiya etməsinə münasibət bildirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O bildirib ki, düşmən bu ölkənin imkanları hesabına Azərbaycana təzyiq göstərməyə çalışır:

"Amma Rusiyanın rəhbərliyindəki şəxslər Azərbaycana da onun rəhbərliyinə də çox hörmətlə yanaşır. İnanmıram ki, Rusiya rəhbərliyi bu imkanlar hesabına Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmasına imkan versin. Yalnız ermənilər deyil, Azərbaycan da Rusiya ilə dost ölkədir. Prezidentlərin dostluq münasibətləri, qarşılıqlı əlaqələri, iqtisadi ticari əməkdaşlıqları var.

Müqavilənin məqsədi odur ki, Rusiya Ermənistan ərazisində yerləşə bilsin, onun zabitləri, əsgərləri Ermənistandan yerləşmə razılığı alsın. Beləliklə öz təhlükəsizliyini təmin etmək üçün Rusiya orada yerləşir. Müqavilə Ermənistanın əlində Azərbaycan üçün təzyiq vasitəsi olmamalıdır. Rusiya da heç vaxt buna getməz”.

C.Xəlilovun sözlərinə görə, Rusiya gərginliyin aradan qaldırılmasına çalışır: 

"Moskva regionda sülhün yaranmasına xidmət göstərir. Rusiya prezidenti Vladimir Putin özü dəfələrlə görüşlərdə iştirak edir, dövlət qurumlarını məsələyə cəlb edir. Bunu aktiv formada edə bilərlər. Yaxşı olar ki, Rusiya ədalət prinsipini gözləmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə prosesin tez zamanda həllinə dəstək versin”.

Qeyd edək ki, Rusiya 2017-ci ilin iyul ayında müqaviləni təsdiqləyib və daxili prosesləri tamamlayıb.

Aysel Aslan