Vladimir Solovyov deyib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var
Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb. Solovyov bildirib ki, Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənləri çox ətraflı anlamasının şahidi olub. Onun sözlərinə görə, İlham Əliyev söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib:
"Hiss edirdim ki, o, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur”. RJB sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var: "Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun”.
Solovyovun açıqlamasını "Şərq”ə şərh edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, Vladimir Solovyovun cənab Prezident İlham Əliyevlə bağlı dedikləri dövlət başçısının ümumən mətbuata olan diqqətinin bir nümunəsidir. Baş redaktor bildirib ki, Azərbaycan Prezidenti daim medianı izləyir:
"Cənab Prezident həm ölkə, həm region, həm də dünya mediasını çox diqqətlə izləyir. Bir neçə əcnəbi dili mükəmməl bilən ölkə rəhbəri dünyanın nüfuzlu KİV-lərindən məlumatlar əldə edir. Bu da dövlət başçısının ictimai fikrə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Eyni zamanda Prezidentin mətbuata və jurnalistlərə verdiyi dəyərdir. Dövlət başçısı davamlı şəkildə media ilə əlaqədə, ünsiyyətdə olub. Solovyov da məhz bu məqamlara diqqət çəkib”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də "Şərq”ə deyib ki, həqiqətən də Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin xarakterində oxşar cəhətlər çoxdur:
"Hər ikisi ölkəsini, xalqını, millətini sevən, ölkəsində və dünyada nüfuzu olan ölkəsinin, xalqının problemlərini həll edən liderlərdir. İki prezident ölkə, xalq, dövlət və dövlətçilik, ölkənin sabitlik və stabilliyi üçün ən xırda təhlükələrə belə diqqət yetirib aradan qaldıran şəxsiyyətlərdirlər. Onlar daim xalqının güzəranı haqqında düşünən, millətin təəssübünü çəkən, geniş siyasi baxış və zəngin dünya görüşünə malik liderlərdir.
Əlbəttə, hər iki prezidentin dünya mediasını izləmələri yaxşı haldır. Dünya mediasının izlənilməsi üçün mükəmməl xarici dil bilgisi vacibdir. Azərbaycan və Rusiya prezidentlərinin bir neçə xarici dil bilməsi onlara dünya mətbuatını izləmə imkanı verir. Bu mənada düşünürəm ki, Solovyov çox doğru müqayisə aparıb”.
İsmayıl