Prezident tapşırıqlar verib

Süni qiymət artımının qarşısı alınmalıdır
Yerli xammalı satışa deyil, istehsalata yönəltməliyik

"Neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı. Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı iqtisadiyyatın və sənaye potensialının artdığını söyləyib:

"Sənayemizin qeyri-neft sektoru 3,6 faiz artıb. Kənd təsərrüfatı 2,4 faiz artıb və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcək”. Sosial layihələrin icra edildiyini deyən Prezident bildirib ki, ötən müddət ərzində 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub: "Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri həyata keçirilib, 154 min iş yeri yaradılıb, onlardan 121 mini daimi iş yeridir. Hesab edirəm ki, böhranlı il üçün bu, yaxşı göstəricidir. Digər istiqamətlərdə də bütün işlər plan üzrə gedir. "Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir, Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Biz çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını təmin edirik”.

"İslahatlar beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib”

Prezident İlham Əliyev ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın minimuma endirilməsi ilə bağlı tapşırıqlar verib. Dövlət başçısı bildirib ki, ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacaq sənaye parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir: "Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlər davam etdirilir. Sosial mənzillərin tikintisi başlayır və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılır”. Prezident 2016-cı ildə ölkədə bir sıra işlərin aparıldığı və onların artıq nəticə verdiyini, bu islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini də deyib. Ölkə başçısı Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliyinə görə 37-ci yerdə qərarlaşdığını bildirib.

"Turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir”

Prezident ölkədə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı göstərişlər verib. Ölkə başçısı vurğulayıb ki, ölkəmizə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir: "Meleorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin də inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır. Əminəm ki, ilin axırına qədər görüləcək işlər nəticəsində 2016-cı ili uğurla başa vuracağıq”. Gələn ilin dövlət büdcəsinin yenə də sosial yönümlü olmasının vacibliyini vurğulayan Prezident bununla belə investisiya yönümlü layihələrin icrasının da diqqət mərkəzində saxlanmasının zəruriliyini qeyd edib.

"Süni qiymət artımının qarşısı alınmalıdır”

Milli Məclisin deputatı, iqtisadçı Aydın Hüseynov deyib ki, Azərbaycanda daxili istehsal bazarının qorunması üçün ilk növbədə süni qiymət artımının qarşısı alınmalıdır. Millət vəkili bildirib ki, bazarın qorunması üçün daxili potensialdan və xammaldan maksimal şəkildə istifadə etmək lazımdır: "Bunun üçün yerli xammalı satışa deyil, istehsalata yönəltməliyik. Yerli xammalla əmtəələrin istehsalı təmin olunmalıdır. Prezident İlham Əliyevin iqtisadi strategiyasının ən başlıca məqsədi ölkə iqtisadiyyatının şaxələndirilməsi və iqtisadiyyatın neft amilindən asılılığının tamamilə aradan qaldırılmasıdır. Bunun üçün kənd təsərrüfatı, sənaye, turizm sahəsi inkişaf etdirilməlidir. Eyni zamanda, ölkənin ixrac potensialının daha da gücləndirilməsi, idxaldan asılılığının azaldılması, rəqabətqabiliyyətli malların istehsal olunması da vacib amil olmalıdır”. A.Hüseynov vurğulayıb ki, ölkənin ərzaqla təminatı 100 faiz daxili bazar hesabına olunmalıdır. Azərbaycanda çox böyük sənaye komplekslərinin yaradılmasının əhəmiyyətindən danışan deputat qeyd edib ki, ölkəyə xarici valyutanın gətirilməsi üçün rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalının artırılması ən mühüm addımlardan biri olmalıdır”.

"Yeni satış bazarları tapılmalıdır”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, Azərbaycanda həm ixracın təşviqi, həm də sahibkarlığın, yerli istehsalın inkişafı ilə bağlı bir çox mühüm sərəncamların şahidi olmuşuq: "Əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi və sonda qeyri-neft sektorunun hesabına ümumi daxili məhsulun artırılmasıdır. Tütünçülüyün, pambıqçılığın və digər sahələrin inkişafı məsələsində sahibkarların üzərinə böyük məsuliyyət düşür. İqtisadi sistemdə üç prinsip var - kim üçün, nə və necə istehsal etmək. Əgər məhsulumuzu dünya bazarında sata bilmiriksə, sonda istehsal obyekti zərərlə işləyib bağlanmalı olacaq. Amma bazarlarımızı müəyyənləşdirsək, inkişaf əldə edə bilərik. Ən azından alıcılarımızın istehlak həcmini bilməliyik. Ona uyğun da istehsalı təşkil etməliyik. Bu prinsiplərə riayət olunduğu halda açılan istehsal obyektlərində istehsal edilən məhsullar bazarda öz yerini tuta biləcək. Məhsulların gəlirləri nəticəsində ümumilikdə sahibkarlıqla yanaşı, ölkəyə daxilolmaların, qeyri-neft sektorunun həcminin artması da gözlənilir. Sonda ümumi daxili məhsulda da artım tempini müşahidə etmək olar. Yəni, istənilən halda həyata keçirilən tədbirlərin effektivliyi məhsuldan gələn gəlirdən asılıdır. Məqsəd anbarlarda olan məhsulların satılmasıdır. Dünya bazarında nə qədər çox məhsul sata bilsək, o qədər gəlirlərimiz artmış olacaq”.

İsmayıl