Elman Nəsirov: "MDB siyasi platforması Ermənistanın Azərbaycana qarşı təcavüzünü çatdırmaq üçün növbəti fürsətdir"
"Müstəqil Dövlətlər Birliyi (MDB) ilə bağlı səsləndirilən fikirlərdən biri də odur ki, bu təsisat beynəlxalq hüququn ciddi subyekti deyil”.
Bunu "Sherg.az”a bu gün keçirilən MDB dövlət başçıları sammitindən danışarkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat xatırladıb ki, MDB-yə daxil olan dövlətlərin bir qismi Qərb, digər qismi isə Rusiya yönümlü siyasət aparır:
"Belə olduğu halda bu qurumun mövcudluğu və fəaliyyətinin əhəmiyyəti sual altında qalır. MDB-də Rusiyanın çəkisi kifayət qədər böyükdür. Necə ki, qeyd edirlər NATO bərabərdir ABŞ, eləcə də MDB bərabərdir Rusiya formulu hazırkı vəziyyəti düzgün ifadə edir. Bütün bu reallığa baxmayaraq, Rusiya prezidenti Vladimir Putin MDB haqqında "ölü doğulmuş uşaq” fikrini səsləndirib.
MDB dünya siyasətində güclü aktor olmasa belə, onun fəaliyyəti mövcuddur. Azərbaycan prezidentinin Soçi görüşündə iştirakının əsas mahiyyəti odur ki, bu, öz həqiqətlərimizi söyləmək üçün siyasi platformadır. İndiki əsr media və informasiya dövrüdür. İnformasiya məkanında qalib gələn dövlət əslində istənilən qalibiyyəti təmin etmiş olur. Buna görə, ölkə başçısının MDB dövlət başçıları sammitində iştirakı həm bu dövlətlərlə ikitərəfli formatda dialoqa sadiq qalmağımızın, əməkdaşlığa xüsusi diqqət ayırmağımızın ifadəsidir".
Eyni zamanda millət vəkili qeyd edib ki, adıçəkilən siyasi platforma və ya Soçi görüşü Ermənistanın Azərbaycana qarşı təcavüzünü çatdırmaq üçün növbəti fürsətdir:
"Nə qədər ki, MDB mövcuddur, deməli, bu formatda iştirak Azərbaycanın geosiyasi maraqlarına cavab verir. MDB çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əlaqələrimizi inkişaf etdiririk. Ermənistan istisna olmaqla hər bir MDB üzvü ilə çoxtərəfli münasibətlərimiz var. Azərbaycan bu formatdan istifadə edib, həm siyasi dialoqlar, həm də əməkdaşlıqların genişləndirilməsi məqsədilə bundan faydalanır. Ona görə, hesab edirəm ki, MDB-nin dünya siyasətində əhəmiyyətini itirməsi, sammitlərində iştirak etməyin mənasız olması barədə fikirlər yanlışdır. İstənilən fürsətdən istifadə edib, biz öz milli maraqlarımıza uyğun yararlanmalıyıq.
Azərbaycan prezidenti hər zaman çıxışlarında qeyd edir ki, MDB-ni zəiflədən ən mühüm amil daxildə bir dövlətin digərinə təcavüzkar siyasət yeritməsidir. Burada söhbət Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasından gedir. Bu, dünya tarixində anomal hadisədir.
Müqayisə olaraq, NATO-nu misal göstərə bilərik. NATO ona görə güclüdür ki, təşkilatın daxilində bir dövlət digərinin torpağını işğalda saxlaya bilməz. Həmin dövləti təsisatdan uzaqlaşdırarlar. Ona görə, Ermənistanın təcazvüzkar siyasəti MDB-ni zəiflədir”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də Rusiyanın Soçi şəhərində keçirilən sammitdə iştirak edib.
Aysel Aslan