
“Prezidentin xarici siyasət kursu milli maraqların müdafiəsinə əsaslanır” - Millət vəkili
"Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər yenidən fəallaşmaqdadırlar”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu dəfə anti-Azərbaycan qüvvələri və onların tör-töküntülərinin "yuxusuna haram qatan” hadisə Azərbaycan ilə Avropa İttifaqı arasında "Strateji tərəfdaşlıq sazişi”nin imzalanması prosesinin həlledici mərhələyə daxil olması ilə bağlıdır:
"Məsələyə bu kontekstdə yanaşdıqda 3 hadisənin eyni vaxtda və paralel olaraq baş verməsi diqqətdən yayınmır . Birincisi, Azərbaycan müxalifətinin radikal kəsiminin sözügedən saziş əleyhinə dinləmələr keçirməsi və bu prosesdə Azərbaycan iqtidarı əleyhinə böhtan və şər kampaniyasına rəvac verməsidir. İkincisi, Ermənistanda da oxşar müzakirələrin təşkil olunması və Avropa İttifaqına daxil olan ölkələrə öz lobbiləri vasitəsilə təsir edib, imzalanma prosesinin qarşısının alınması istiqamətində cəhdlər göstərməsidir. Üçüncüsü isə hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə tanınan "Sərhədsiz Repartiyorlar Təşkilatı”nın 2018-ci il üçün " Dünyada mətbuat azadlığı indeksi”ndə ölkəmizi işğalçı və öz əhalisinin gülləbəran edildiyi Ermənistandan belə xeyli aşağıda təqdim etməsidir. Hadisələr arasındakı ilk baxışdan müəmmalı görünən sinxronluq ayıq-sayıq xalqımızı qətiyyən təəccübləndirmir, çünki yenə də eyni ssenari, eyni tamaşa və eyni ifaçılar...”.

Parlament üzvü vurğulayıb ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlar bir məqamı unutmasınlar:
"Heç bir qüvvə ölkəmizi öz düzgün yolundan yayındıra bilməz. Taleyimiz öz əlimizdədir. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil bir siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir. Eyni zamanda monolitliyin xarici bədxahlarımızın və daxili "sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir. Qoy antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların siyasi hoqqabazlığı həmişə olduğu kimi bu dəfə də məğlubiyyətə məhkumdur. Səbəbi də sadədir.
Hakimiyyətin mənbəyi olan xalqımız görür və əmindir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu yalnız milli maraqların müdafiəsinə əsaslanır. İstənilən dövlət və ya beynəlxalq təşkilatla bərabər hüquq, qarşılıqlı hörmət, qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir. Bu baxımdan Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı və onun inkişaf göstəricisi olan "Strateji tərəfdaşlıq sazişi”nin imzalama prosesinə hazırlanması da eyni yanaşmalardan qaynaqlanır”.
E.Nəsirovun sözlərinə görə, antimilli ünsürlərin işçi sənəd səviyyəsində olan bir sazişin mətni ilə tanış olmadan belə tənqid atəşinə tutmaları əslində onların qaragüruhçu, qurucu deyil, dağıdıcı xislətlərinin ifadəsidir:
"Radikal müxalifət və onların tör-töküntülərinin nəzərinə çatdırırıq ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair müvafiq bəndin guya ki, sənəddə əks olunmamasına dair sizin "öngörməniz” əslində "siyasi korluq”dan başqa bir şey deyil. Bəsirət gözünüz açılsa, görərsiniz ki, qeyd edilən sazişdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı müvafiq maddələrin əks olmasını şərtlədirən kifayət qədər ciddi sənədlər mövcuddur. Beləliklə, ermənilər, ermənipərəstlər, antimilli ünsürlər, milli dönüklər və qaragüruhçu tor-toküntülər, nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında mühüm siyasi sənədin imzalanması ərəfəsində keçirdiyiniz təlaş, həyəcan və qorxunun motivlərini başa düşürük.
Sizin Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın daha da möhkəmləndirilməsinə və bunun əsasında dayanan xalq-hakimiyyət birliyinin sarsılmaz qüvvəyə çevrilməsinə xidmət edən istənilən addımdan vahimələndiyinizin də fərqindəyik. Müdrik xalqımız sizi hələ keçən əsrin 90-ci illərin əvvələrindən çox yaxşı tanıyır. Xalqımızın yaddaşına siz "xaos” və "anarxiya” sözlərinin sinonimi kimi həkk olunmusuz. Xalqı bir dəfə aldatdınız, daha yetər. Çəkilin siyasi səhnədən! Qorxun, el qınağı yaman olur”.
İsmayıl