Cinayət məcəlləsinə dəyişiklik edilməlidir
“Əgər belə olsa, uşaqlar nə küçəyə, nə də zibilxanaya atılar”
Dünən Şirvan şəhərində iki günlük körpənin küçəyə atılması ilə bağlı yayılan xəbər böyük səs-küyə səbəb olub. Yeni doğulmuş qız uşağı bələkdə şəhərin əslən Yardımlıdan olan insanların kompakt yaşadığı Deman məhəlləsindən tapılıb. Sakinlər bu barədə dərhal polisə xəbər veriblər və uşaq götürülərək doğum şöbəsinə verilib.
İlkin araşdırmalar zamanı uşağın qolundakı "birka”da Məmmədova Aysel Əli qızı yazıldığı məlum olub. Körpənin anası onu tərk edərkən birkanı çıxarmağı unudub. Araşdırmalar zamanı həmin qadının ailəli olduğu və daha 2 uşağa baxdığı, çətin maddi durumda yaşadığı üzə çıxıb. O, maddi imkansızlıq səbəbindən yeni dünyaya gətirdiyi övladına baxa bilmədiyini və böyük psixoloji sarsıntı keçirdiyini deyib. Həmçinin qadının övladının başqaları tərəfindən tez tapılması üçün açıq yerə qoyduğu müəyyənləşib.
3 kiloqram çəkidə dünyaya gələn körpənin səhhəti normaldır. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Hadisə ilə bağlı sosial şəbəkə və ictimaiyyətdə hər kəs qadını kəskin tənqid edib. Düzü, haqsız da sayılmazlar. Təəssüf ki, buna bənzər hadisələrlə zaman-zaman rastlaşmışıq. Baş verənlərə ad qoymaq da mümkün deyil. Məsuliyyətsizlik, canilik, yoxsa insanlıqdan kənar olan davranış şəkli? Görünən odur ki, bu məsələ ilə bağlı Cinayət Məcəlləsində bir boşluq var.
Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov "Şərq”ə açıqlamasında bildirib ki, cinayət məcəlləsində müvafiq maddələrin olması uşaqların küçəyə və zibilliyə atılmasına gətirib çıxardır. Çünki dünyaya uşaq gətirən qadının azyaşlı olması, atanın məsuliyyətdən boyun qaçırması və s. kimi hallar məhz problemin əsas qaynaqlandığı yerdir. Bu cür hallarda hər iki şəxs şikayət olunduğu zaman nəzarət orqanları tərəfindən məsuliyyətə cəlb edilir:
"Ona görə də bu məsuliyyətdən qaçmaq üçün uşağı küçəyə atırlar. Əgər qadın qorxmasaydı və uşağı gətirib körpələr evinə versəydi, daha yaxşı olardı. Düşünürəm ki, cinayət məcəlləsində dəyişikliklər olmalıdır. Kimsə gətirib uşağı körpələr evinə verirsə, ona qarşı cinayət işi qaldırılmamalıdır. Uşaq körpələr evinə verilərkən məsələ bağlanmalı, hansısa əlavə suallar verilməli deyil. Əgər belə olsa, uşaqlar nə küçəyə, nə də zibilxanaya atılar. Heç kəs bilməsin deyə uşaqları küçəyə atırlar. Məsələni kökündən həll etmək üçün cinayət məcəlləsində mütləq dəyişikliklər olmalıdır.
Körpəni küçəyə atmaqla isə artıq 2 cinayət işi qaldırılır. Uşağın yaşama hüququ əlindən alınır və körpəni atan şəxs məsuliyyətə cəlb olunur. Məhz buna görə də böyük problemlər ortaya çıxır. Məsələni sadə yolla həll etmək lazımdır, təəssüflər olsun ki, bununla bağlı heç kəs məşğul olmur”.
Yeganə Bayramova