Psixoloqa müraciət edənlərin sayı artıb

“Artıq insanlar psixoloqa müraciət edənlərə pis baxmırlar”



Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev jurnalistlərə açıqlamasında devalvasiyadan sonra psixoloji müayinə üçün müraciət edən oğlan və kişilərin sayının 30-40 faiz artdığını deyib.

R.Salayev bu artımı ailə münaqişəsi və maddi sıxıntılarla əlaqələndirib: "Bu, xəstələrin artması ilə əlaqədar deyil. Sadəcə insanlar əvvəl həkimə müraciət etdikdə psixi xəstə damğası alırdı, lakin indi bu problem yoxdur. İnsanlar çəkinmədən rahat şəkildə psixiatra müraciət edə bilirlər. Bu da öz növbəsində müraciətlərin sayını artırır. Ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur”.

Depressiyada olan insanların 20 faizinin intihar barəsində fikirləşdiyini vurğulayan direktor müavini bunun çox böyük rəqəm olduğunu deyib: "Bu il bir çox intihar hallarını vaxtında aşkar etdiyimizdən onların qarşısını ala bilmişik. Mərkəzə müraciət edənlər sırasında yaş kateqoriyası yoxdur. Yəni uşaqdan böyüyə kimi hər kəs bizə müraciət edə bilər. Son zamanlar isə əsasən 25-30 yaş arası gənclər müraciət edirlər. Mərkəzə müraciət edir. Onların həyatla bağlı stress keçirdiklərini güman edirik”.

Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Kərimova isə Səhiyyə Nazirliyinin qərarı ilə ən çox ehtiyac duyulan müəssisələrdə artıq psixoloqların fəaliyyət göstərdiyini və gələcəkdə psixoloq şəbəkəsinin daha da genişləndiriləcəyini deyib: "Son illər Azərbaycanda psixoloji müayinələrin sayı artıb. Belə ki, əvvəllər insanlar psixoloqa müraciət etməyə utanırdılar. Əvvəl stiqma var idi. Psixoloqa, psixiatra müraciət edənlərə xəstə, problemli biri kimi baxırdılar. Hazırda bu stiqma aradan qalxıb”.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov isə "Şərq”ə açıqlamasında insanların psixoloqa müraciətlərinin artmasının arxasında birbaşa devalvasiyanın dayanmadığını deyib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə insanlar arasında gərginlik, narahatçılıq artıb: "İnsan psixologiyasına internet əsrinin çox böyük təsiri var. Bu təsirlər isə başlıca olaraq özgələşmə, qohumların, doğmaların bir-birinə yadlaşması ilə nəticələnib. Digər səbəb isə insanların informasiyalarla həddindən artıq yüklənməsidir”.

E.Rüstəmovun sözlərinə görə, bu gün Psixi Sağlamlıq Gününün dünyada qeyd olunması da insanların fiziki sağlamlıqları ilə paralel olaraq psixi sağlamlıqlarının da qeydinə qalmasına diqqət çəkməyə yönəlib.

Son bir ildə psixoloji müayinə üçün müraciət edən oğlan və kişilərin sayının 30-40 faiz artmasına gəldikdə isə psixoloq bunu stereotiplərin qırılması ilə əlaqələndirib: "Azərbaycanda praktiki psixologiya yeni sahədir. Artıq insanlar psixoloqa müraciət edənlərə pis baxmırlar. Ailələrdə hansısa problem olanda dərhal mütəxəssisə müraciət edirlər. Bu gün həm uşaqlar, həm yeniyetmələr, həm gənclər, orta yaşlı və yaşlı insanlar, eləcə də ailələr, ailə qurmağa hazırlaşan insanlar da psixoloji xidmətdən geniş istifadə edirlər. Dolayısı ilə miqyas genişlənir. Ancaq əvvəllər psixoloqa daha çox xanımlar müraciət edirdi. Kişilər psixoloq dəstəyinə birmənalı yanaşmır, onu daha çox "ağıl vermək” kimi dəyərləndirirdilər. Sevindirici haldır ki, bu yanaşmalar dəyişib.

Bu gün insanlarımız əvvəlki illərlə müqayisədə psixologiya sahəsində daha çox məlumatlıdırlar. Ən azından, psixoloqun cəmiyyətin və fərdin inkişafı baxımından vacibliyini qəbul edirlər.

Artıq insanlar dərk edir ki, psixoloqlar insanlara ağıl vermir, sadəcə onların narahatlığına aydınlıq gətirir. Səbəbləri aşkar edib, problemlərin həlli istiqamətində insanlara dəstək olmağa çalışır. Bu yanaşmanın dəyişməsinə səbəb isə dövlət və kütləvi informasiya vasitələri vasitəsilə aparılan düzgün təbliğat və maarifləndirmə ilə bağlıdır. İstər yazılı KİV-də, istərsə də telekanallarda psixoloqlara, psixoloji məsələlərə yer ayrılması bu prosesin sürətlənməsinə səbəb oldu. Əvvəllər hansısa bir psixoloji çətinliyi olan insanlar nevropotoloqlara, psixiatrlara, kardioloqlara və terapevtlərə müraciət edirdilər. İndi isə bilirlər ki, bu işlə psixoloqlar məşğul olur”.

Şəymən