Psixoloqdan intiharlara dair təklif: "Mərkəz yaradılmalıdır"

Azad İsazadə:"İnsanlar isə psixoloqlara pərakəndə şəkildə müraciət edir. Konkret bir mərkəz yoxdur ki, bu hadisələrlə konkret məşğul olsun"



"Hər intiharın arxasında hansısa problem dayanıb”.

Bunu "Sherg.az”a 17 yaşlı nişanlı qızın intihar etməsindən danışarkən psixoloq Azad İsazadə söyləyib. O qeyd edib ki, əsas problem intiharlarla bağlı real statistika ilə qarşılaşmamağımızdır:

"Bu hadisələrlə bağlı məlumatları ancaq mətbuatdan əldə edirik. İnsanlar isə psixoloqlara pərakəndə şəkildə müraciət edir. Konkret bir mərkəz yoxdur ki, bu hadisələrlə konkret məşğul olsun. Mərkəz yaradılmalıdır. Ona görə, statistika aparıb, nəticələri araşdırmaq imkanımız məhduddur. 

Hələlik problem qeyd etdiyim kimi, pərakəndə həll olunur. Psixoloqlara müraciət isə adətən intihara az qalmış, ya intihardan sonra şəxslərin ağlına gəlir. Halbuki bunun profilaktikası, səbəblərinin öyrənilib, əks tədbirlərin görülməsi lazımdır”.

Qeyd edək ki, Şamaxı rayonunun Çölbağırlı kənd sakini, 2001-ci Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil. Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

Aysel Aslan