Psixoloqlar mahnı oxudu

“Bu ifanı etməkdə məqsədimiz odur ki, psixoloqların insana nə cür dəstək ola biləcəyini bütün cəmiyyətə bildirək”


Tanınmış psixoloq Elnur Rüstəmov və Psixologiya Konsultasiya Mərkəzinin heyəti maraqlı bir layihə hazırlayıb. Psixoloqlar sözləri Baba Vəziroğluna, musiqisi isə Sevinc Tofiqqızına məxsus "Ümid dərgahı” adlı mahnı ifa ediblər.

Sosial şəbəkələrdə olduqca maraqlı qarşılanan ifa bəzilərinin neqativ fikirlərinə də tuş gəlib. İnsanların əksəriyyəti yeni layihəni şou-bizneslə əlaqələndiriblər. 

Məsələ ilə bağlı "Şərq”ə danışan psixoloq E.Rüstəmov isə bildirib ki, videoçarxın və ifanın hazırlanmasında məqsəd cəmiyyətə kömək olmaqdır:

"Bu yaxınlarda Konsultasiya Mərkəzimizin 10 yaşı tamam olacaq. Qərara gəldik ki, psixologiya və psixoloqların işi ilə bağlı bir mahnı ifa edək. Musiqi terapiyası deyilən bir terapiya üsulu var. Düzdür, sahəyə aidiyyəti olmayan, məsələnin mahiyyətini bilməyən adamlar mənfi fikirlər səsləndirir. Lakin düşündük ki, mahnının musiqisi və sözləri çox gözəldir və bu ifa yaxşı alınacaq.

Mövlananın belə bir sözü var, "kim olursan ol, gəl”. Məsələnin də ana konsepsiyası burdan qaynaqlanır.

Bu ifanı etməkdə məqsədimiz odur ki, psixoloqların insana nə cür dəstək ola biləcəyini bütün cəmiyyətə bildirək. Bu gün dünya inkişaf edir, qlobal dünyada yaşayırıq. Hazırda psixoloqların üzərinə çox böyük bir məsuliyyət düşür. Narahatçılığı, qorxuları olan insanlar çıldağa, mollaya gedirdilər, indi əsəb pozuntuları olan insanın "içinə cin girib” deyirlər. Ancaq bu, psixoloji narahatlıqdır və bu məsələ ilə psixoloqlar məşğul olmalıdır. Mahnının ifası həm də insanların maariflənməsində bir addımdır. Nəzərə alaq ki, bu addım psixologiyaya verilən qiymət və dəyərin göstəricisidir. Biz bu klipi psixi sağlamlıqla bağlı bir töhfə kimi dəyərləndiririk və fikirləşirik ki, cəmiyyətə hər hansı bir töhfəmiz olsun.

Neqativ fikirlər söyləyən insanlara gəlincə, onlar getsinlər bir az kitab oxusunlar. Əgər kitab oxumağa qabiliyyətləri çatmırsa, oxuyan adamlara qulaq assınlar. Mənfi sözlər danışanlar onsuz da həmişə danışacaq. Əslində bu, normal bir şeydir. Bu fikirlər bizi getdiyimiz yoldan sarsıda bilməz. Bunlar "ucuz” söhbətlərdir. Danışanlar gedib özlərinə baxsınlar. Yenə deyirəm, heç bir qüvvə bizi bu yoldan çəkindirə bilməz”.

Yeganə Bayramova