Putin Moskvada Paşinyanın önünə şərtlər qoyacaq

Rusiya Prezidenti Ermənistanın orbitindən çıxacağı halda, iqtisadi-siyasi təzyiqləri ilə üzləşəcəyini vurğulayacaq


Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 8-də yenidən görüşəcəklər. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra Putin üçüncü dəfə Paşinyanla görüş keçirəcək. Bundan əvvəl Rusiya və Ermənistan rəhbərləri 14 mayda Avrasiya İqtisadi İttifaqının Soçidə keçirilən sammiti çərçivəsində və 13 iyunda futbol üzrə dünya çempionatının açılışında görüşüblər. Lakin hər iki görüşdən də konkret nəticə hasil olmayıb.

 Yəni rəhbərlərin bir araya gəlməsi İrəvan-Moskva gərginliyini azaltmayıb. Əskinə, Paşinyan Kremli qəzəbləndirəcək addımlar atmağa davam edib. Analitiklərə görə, Paşinyanın yenidən Moskvaya çağırılması Putinin erməni baş nazirə növbəti dəfə xəbərdarlıq edəcəyi ilə bağlıdır.

Paşinyanın planlaşdırılan Rusiya səfərini şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, erməni baş nazirin Moskva səfəri, əsasən Kremlin əmri ilə reallaşır. Çünki, iki ölkə arasında əlaqələr, xüsusi ilə Rusiyanın bu ölkədə mövqeyi sual altına alınır: "Baş nazir Paşinyan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdə, demək olar ki, heç bir arqument gətirə bilməyəcək. Görüşdə ümumi pafoslu və protokol xatirinə diplomatik sözlərdən istifadəyə cəhd edəcək. May ayından Kreml Paşinyanın bu kimi sözlərinə tanışdı.

 Təbii ki, Putin Paşinyanı ona görə çağırmır ki, onun sözdə başqa, əməldə demək olar ki, anti-Rusiya siyasətinə seyrçi qalsın. Konkret olaraq Putin ilk növbədə Paşinyanı Rusiyanın orbitindən çıxacağı halda, Rusiyanın iqtisadi-siyasi təzyiqləri ilə üzləşəcəyini vurğulayacaq. Bundan əlavə, daxili siyasətdə Koçaryan klanına qarşı cinayət prosesini dayandırmağı tələb edəcək”.

Siyasi icmalçının fikrincə, Paşinyan-Putin görüşü son aylarda baş verən proseslərə aydınlıq gətirəcək: "Bu səfər Moskvanın istəyi ilə həyata keçirildiyindən Paşinyana şərt qoyulacaq.

 Bu şərtlərdən çıxacaqsa, Ermənistana ixrac olunan qazın qiyməti qaldırılacaq, silah yardımı dayandırılacaq, iqtisadi sanksiyalar tətbiq olunacaq. Rusiyadan bu ölkəyə ixrac olunan mallara tədricən embarqo qoyula bilər. Bununla Rusiya Ermənistanda daxili narazılığı artırmaqla Paşinyana qarşı əks-inqilaba rəvac verəcək. Əgər Paşinyan Putinlə razılaşsa, Qərbin təzyiqləri ilə üzləşəcək. Hesab edirəm ki, Paşinyanı Putinlə görüşdən sonra ciddi sınaqlar gözləyir. Rusiya, artıq Ermənistanda proseslərə müdaxilə etməkdədir”.

İsmayıl