“Ata-analar öz qızlarının seçiminə hörmət etməlidir”
“Bəlkə də intihar edən qız öz sevdiyi oğlanla evlənsəydi, yenə də xoşbəxt olmayacaqdı, boşanıb valideynlərinin yanına qayıdacaqdı”
Ailəsi sevdiyi gənclə izdivac qurmasına imkan vermədiyi üçün özünü qayadan atan 17 yaşlı Nuranənin intiharı psixoloq- konsultant Arzu Müzəffərovanı sarsıdıb.
O, "Şərq”ə açıqlamasında valideynlərin övladlarının fikrini öyrənmədən onları evləndirməsi və bunun fonunda yaşanan faciələrin cəmiyyətimiz üçün arzuolunmaz hal olduğunu deyib.
Valideyn-övlad münasibətlərinin kifayət qədər ciddi mövzu olduğunu vurğulayan psixoloqun sözlərinə görə, bu cür xəbərlər fonunda məsələnin daha da problemli olduğu ortaya çıxır:
"Bunun da səbəbi isə uşaq yaşlarından valideynlərin öz seçimlərini övladlarının beyninə yeritməsi ilə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, hər bir uşağın özünün fərqli psixikası var və böyüdükcə bu daha çox özünü büruzə verir. Valideynlər uşaq yaşlarından övladlarının xarakterini, istəklərini, maraqlarını öyrənməli və onları yaxından tanımağa çalışmalıdır.
Əminliklə deyə bilərəm ki, 17 yaşlı qızın özünü qayadan atmasının yeganə səbəbi onun valideynləri tərəfindən istəmədiyi biri ilə evlənməyə məcbur edilməsi deyil. Çox güman ki, bu partlayışa səbəb olan amillər var və bunun kökü də uşaq yaşlarında alınan travmalara dayanır. Bəzi valideynlərə elə gəlir ki, uşaqlarının seçiminə hörmətlə yanaşmaq onları özbaşına buraxmaqdır. Ona görə də övladlarının yeməyinə, geyiminə, oxuduğu ixtisasa qədər hamısını özləri müəyyən edirlər. Uşaqların isə valideynlərinin seçdiyi yolla getməkdən başqa bir çarəsi qalmır. Amma bu da bir yerə qədər davam edir və bütün ümidlərin puç olduğu bir dönəm gələndə gənclər çıxış yolu olaraq intiharı seçirlər.
Əgər valideyn uşaqlarının davranışında, çevrəsində təhlükəli hal hiss edirsə, bunu tədricən ona izah etməli və onu həmin yoldan çəkindirməidir. Qadağalarla, cəzalarla uşaq tərbiyə etmək, sonda hər zaman acı faciələrlə sonlanır”.
Psixoloq hesab edir ki, övladları hansısa yanlış addım atsa belə valideynlər onları dəstəkləyib, yanında olduqlarını hiss etdirməlidir. Amma bəzi ailələrdə səhvə yol verilən övlad kəskin qınaq obyektinə çevrilir, yaşadığı uğursuzluğu tez-tez onun üzünə vurmaqla uşaqda özlərinə qarşı aqressiya yaradırlar:
"Düzdür, heç bir valideyn övladının pis gününü istəmir. Əksinə, onlar elə bilirlər ki, övladlarının xoşbəxtliyi üçün ən yaxşısını onlar bilir. Valideyn, doğduğu uşağın psixikasına, həyat tərzinə görə davranmalıdır. Onlar cəmiyyətdən uşaqlarını qorumaq düşüncəsi ilə birinə azadlıq, digərinə qadağa qoymaqla daha çox travma verirlər. Uşaqlarda özgüvən inkişafı mərhələsində valideynlərin rolu böyükdür.
Özgüvən yaratmaq üçün ailələr təzyiq etmədən nəzarəti ələ almalıdırlar. Valideynlərin uşağa təzyiq göstərməsi, yeniyetməlik və ya yetkinlik dövründə ciddi problemlərə səbəb olur və sonda da hər hansı bir səbəbdən illərlə yığılıb qalan əsəblər gərilir, yaşamaq həvəsi itir.
Bəlkə də ailəsinin həmin qız üçün seçdiyi namizəd onu doğrudan da xoşbəxt edəcək şəxs olub. Amma bu belə məcburi izdivaca bəraət qazandırmır. Ata-analar öz qızlarının seçiminə hörmət etməlidir. Bəlkə də intihar edən qız öz sevdiyi oğlanla evlənsəydi, yenə də xoşbəxt olmayacaqdı, boşanıb valideynlərinin yanına qayıdacaqdı. Heç kim qarşıda onu nəyin gözlədiyini bilmir. O qız boşansa belə əsas odur həyatda olacaqdı. Amma valideynlərinin yersiz müdaxiləsi onun həyatına birdəfəlik son qoydu” .
Şəymən